2025-ci il Azərbaycan mətbuatı üçün xüsusi əhəmiyyətə malik bir tarixdir. Bu
tarix Azərbaycan tarixinin yeni yaşanan mərhələsidir. Niyəsi, daha doğrusu
səbəbi aydındır. Bu il biz həm mətbuatımızın 150 illiyini, həm də xalqımızın
qüdrətini, mənəvi birliyini, dövlət xalq vəhdətini bütün dünyaya göstərmiş
Zəfərimizin 5 illiyini qeyd edirik. Qürurluyuq ki, tarixin iki böyük
qovuşmasına şahidlik etmək nəsibimiz olub.
Sirr deyil ki, bu
gün Azərbaycan mediası son yüzilliyin ən güclü dövrünü yaşayır. Bizim üçün qalib
ölkənin səsini dünyaya çatdırmaq həm şərəfdir, həm məsuliyyət. Bu xalqın söz
gücü ilə qələbə ruhunun birləşdiyi, informasiyanın və ideologiyanın eyni
məcrada ucaldığı bir böyük milli hadisədir.
Həm döyüş
meydanında, həm də söz meydanında qalib lider: Prezident və media
Zəfərin beş ili
milli qürurumuzun təntənəsidir. Bu təntənəni xalqımıza yaşadan Prezident, Ali
Baş Komandan İlham Əliyevdir. Cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız 30
il həsrətində olduğu Zəfərə qovuşdu. Ali Baş Komandanın ətrafında sıx
birləşməklə.
Ölkə Prezidenti
təkcə döyüş meydanında deyil, həm də informasiya cəbhəsində qələbə qazandı.
2020-ci ilin müharibə günlərində bütün gözlər cənab Prezidentin rəsmi sosial
şəbəkə hesablarında idi. Dövlətimizin başçısının qətiyyətlə dediyi “Biz haqq
yolundayıq, biz qalib gələcəyik!” sözləri oğlunu müharibəyə göndərən hər bir
anada, atada böyük inam və gələcəyə ümid hissini daha da gücləndirmişdi. Oğlu
şəhid olan bir ana “Mənim oğlumun nişanı da, toyu da, bayramı da onun
bayrağıdır!” – deyərək övladının həyatını və şəhidliyə ucalmaq qismətini
xalqımızın Vətən uğrunda apardığı mübarizənin ayrılmaz bir parçası kimi qəbul
etdi. Ali Baş Komandanın ətrafında cəm olmuş xalqımız həmrəylik və qətiyyət
nümayiş etdirərək, ərazi bütövlüyü uğrunda aparılan bu müqəddəs mübarizədə
zəfər qazandı.
Cənab
Prezident, Ali Baş Komandan İlham həmin günlərdə daim media vasitəsilə
müsahibələr verməsi və sosial şəbəkələrdəki paylaşımları xalqımızın qələbə
ovqatını daha da yüksəltdi Bunlar həm ölkə daxilində, həm də beynəlxalq aləmdə
geniş rezonans doğurdu və belə də olmalı idi. Cənab Prezidentin “Qarabağ
Azərbaycandır!” ifadəsi sosial mediada milyon dəfələrlə paylaşıldı və
Azərbaycanın informasiya müharibəsində qələbəsinin əsasında dayandı. Bu
paylaşımlar, ölkənin haqq səsini dünyaya çatdırmaqda və düşmən təbliğatına
qarşı mübarizədə böyük rol oynadı.
Ali Baş Komandanın
sosial şəbəkələrdəki aktivliyi həm də xalqın ruhunu yüksəltdi, böyük bir mənəvi
güc yaratdı. Bu gün qürurla deyirik ki, məhz Ali Baş Komandanın yaxın keçmişdə
verdiyi çoxsaylı müsahibələr regiona və dünyaya Azərbaycanın yeni reallıqlarını
izah edən strateji bələdçi rolunu oynayıb. Hər bir müsahibə və açıqlama isə 150
illik Azərbaycan mediasına verilmiş əvəzsiz töhfə, o dövrün tarixidir.
Ümumiyyətlə, son beş
ildə Prezident İlham Əliyev 90-dan çox beynəlxalq və yerli media qurumuna
müsahibə verib. Bu müsahibələrdə Qarabağ həqiqətləri, post-müharibə quruculuğu,
regional təhlükəsizlik, Zəngəzur dəhlizi, enerji siyasəti və iqtisadi
islahatlar kimi mövzular əhatəli şəkildə izah edilib. Prezidentin hər bir
kəlməsinin təməlində həqiqət dayanıb. Ali Baş Komandanın müsahibələrinin siyasi
tariximizin salnaməsinə, milli ruhumuzun daşıyıcısına və avanqard ideoloji
mənbəyə çevrilməsi də bununla bağlıdır. Bu müsahibələr həm bu günümüzü izah
edir, həm də gələcək nəsillər üçün tarixi dəyəri olan əvəzolunmaz faktları
özündə ehtiva edir.
Azərbaycan jurnalist
ordusunun ölkə başçısının ətrafında sıx birləşərək onun çıxışlarını tezis kimi
qəbul etməsi də təbiidir. Yaxşı xatırlayırıq ki, müharibə zamanı heç bir
dezinformasiya yayılmadan, igid oğullarımızın qəhrəmanlıqları və bu möhtəşəm
qələbəni necə qazandığımız medianın vasitəsilə xalqımıza çatdırılırdı. Ali Baş
Komandanımızın xalqa etdiyi müraciəti mediaya olan güvənimizin və informasiya
mübadiləsinin nə qədər vacib olduğunu bir daha ortaya qoydu. Media sadəcə
müharibənin gedişatını izləməklə öz vəzifəsini bitmiş hesab etmirdi, həm də
xalqımızın birliyini, ordu ilə xalq arasındakı sıx əlaqəni və milli iradəni
dünyaya çatdıran əsas platforma funksiyasını yerinə yetirdi. Xalqımız media
vasitəsilə igid oğullarımızın hər bir qələbə anını, şəhidlərimizin
qəhrəmanlığını, hər bir döyüşçümüzün adını və zəfərimizə necə yaxınlaşdığımızı
izləyərək, bu uğurun həm ruhən, həm də praktiki olaraq necə əldə edildiyini
görürdü.
“150+5: sözümüz
zəfərlə ucaldı”. Bu ifadə, həm mətbuatımızın inkişafını, həm də informasiya
sahəsindəki uğurlarımızı simvolizə edir. Sözsüz ki, bu uğurlar Ali Baş Komandan
cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunub. Təbii ki, qazanılan hər bir
zəfər də dövlətimizin başçısının strateji qərarlarının nəticəsidir. Bu dövrün
ən böyük qəhrəmanları isə şəhidlərimiz və döyüşən oğullarımızdır. Onların
igidliyi, fədakarlığı və qəhrəmanlığı mətbuatımızın və xalqımızın zəfərini
tamamlayan böyük amildir. Hər bir xəbər, hər bir məqalə və hər bir
reportaj bu uğurları əks etdirir, sözümüzü Zəfərlə ucaldır.
Beləliklə, 150 illik
mətbuat tariximizin son 5 ili həm qələbələr, həm də qəhrəmanlıq ilə yazıldı –
Ali Baş Komandanın rəhbərliyi və qəhrəman oğullarımızın fədakarlığı sayəsində.
Şəhid jurnalistlər: qəlbləri
ilə yazdılar, qanları ilə Zəfər qazandılar
Vətən müharibəsi,
2020-ci il 27 sentyabr tarixində başlayan və 44 gün davam edən bu tarixi döyüş
Azərbaycan xalqının milli və mənəvi gücünü dünyaya göstərdi. Göstərdi ki, bu
xalq öz tarixi köklərinə sadiqdir, milli-mənəvi dəyərlərini, ata-baba əmanəti
olan torpaqlarını müdafiə etməyə qadirdir. O da vurğulanmalıdır ki, bu müharibə
yalnız hərbi cəbhədə deyil, eyni zamanda informasiya meydanında aparıldı.
Azərbaycan jurnalistləri informasiya cəbhəsində də önəmli bir rol oynayaraq,
döyüşlərin gedişatını, xalqın mübarizəsini, fədakarlığını və qəhrəmanlıq ruhunu
dünya ilə paylaşdılar. Dünya da xalqımızın apardığı mübarizədə haqlı olduğunu
gördü.
Jurnalistlərimiz
müharibə dövründə cəbhə xəttinə yaxın ərazilərdə, təhlükəli şəraitdə çalışaraq
məlumatları ictimaiyyətə çatdırırdılar. Belə demək mümkündürsə onlar inforamasiya
meydanının əsgərlərinə çevrilmişdilər. Hər bir xəbər, reportaj və canlı yayımlar
yalnız həmkarımız üçün peşəkar bir vəzifə deyil, həm də döyüşün bir hissəsi
idi. Onlar sadəcə faktları sadalamaqdan daha çox, xalqın ruhunu, əzmini və
qələbə uğrunda mübarizəsini göstərdilər.
Təsadüfi deyil ki,
onların çəkdikləri reportajlar yalnız Azərbaycanın deyil, ümumilikdə bütün
dünyada böyük rezonans doğururdu. Bəziləri bu mübarizənin və qələbənin tarixini
yazarkən həyatlarını itirdilər. Kəlbəcərdə düşmənin yerləşdirdiyi minanı partlaması
nəticəsində şəhid olan Azərtacın müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan
Televiziyasının operatoru Sirac Abışovun əziz xatirələri həmişə yaddaşlarda yaşayacaq.
Onların
qəhrəmanlıqları Azərbaycanın həm də informasiya müharibəsindəki qalibiyyətini
simvolizə edir. Bu gün fəxr duyuruq ki, həmkarlarımız həm müharibənin, həm də
zəfərin səsi oldular. Onların adları, zəfərimizin və mübarizəmizin bir hissəsi
olaraq artıq tarixə yazılıb.
Zəfərdən 5 il sonra:
dünya mediasının səsi Qarabağda ucalır
Azərbaycan
torpaqlarını işğaldan azad etdikdən sonra Qarabağda təkcə ərazi bütövlüyümüz
bərpa olunmayıb, həm də bu torpaqda Azərbaycanın media və informasiya siyasəti
yeni bir dövrə qədəm qoyub. Şuşa, yalnız Azərbaycanın mədəniyyət paytaxtı
olmaqla qalmayıb, həm də qlobal informasiya və media dialoqunun mərkəzinə
çevrilib.
Şuşa, bu gün dünya
mediasının diqqətini cəlb edən bir məkandır. 2023-cü ilin iyul ayında keçirilən
“Qlobal Media Forumu”nda dünyanın müxtəlif nöqtələrindən media rəhbərlərinin,
ekspertlər və beynəlxalq təşkilatların nümayəndələrinin bir araya gəlməsi də
təbii idi. Bu, Azərbaycanın müharibə dövründə apardığı ədalətli və peşəkar
informasiya mübarizəsinin dünya səhnəsində necə əks olunduğunu nümayiş etdirdi.
2024-cü ildə
keçirilən ikinci Qlobal Media Forumunda, Prezident İlham Əliyev daha bir məsələ
üzərində dayandı. Ölkə başçısı açıq informasiya siyasətini və Azərbaycanın
media azadlığını vurğulayaraq, Qarabağda qazandığımız zəfərin media sahəsində
də önəmli bir qələbə olduğunu diqqətə çatdırdı. Forumda müzakirə olunan
mövzular arasında jurnalistikada etik qaydalar, süni intellektin rolu və yeni
media reallıqları da diqqət mərkəzinə çəkildi.
Qarabağda yüksələn
media səsi Azərbaycanın dünya mediasında daha da möhkəmlənən mövqeyini əks etdirir.
Mediamız yüksək tribunadan həqiqət səsimizi dünyaya çatdırır. Bununla da qürur
duyuruq ki, artıq yalnız siyasi və iqtisadi məsələlər deyil, informasiya
mübarizəsi də beynəlxalq arenada Azərbaycanın güclü təsir vasitəsinə çevrilib.
Qalib xalqın jurnalisti:
tarixi yazma missiyası
Vətənini, torpağını,
şərəfli tarixini sevən hər bir jurnalisti dövləti üçün xoş xəbərlərin yayımı
daha da qürurlandırır. Jurnalist yalnız xəbər vermir, o həm də tarix yazan,
xalqın səsini gələcək nəsillərə çatdıran bir körpüdür, köklü vasitədir. Ona
görə də bu gün biz jurnalistlər dövlətimizin qələbəsini qürurla yazmaqla
yanaşı, onu gələcək nəsillərə çatdırmaq məsuliyyətini də daşıyırıq. Bu yazını
hazırlayrkən Ali Məclisin 104 yaşlı rəsmi orqanı “Şərq qapısı” qzəetinin növbəti
sayı çapa hazırlanır. Bu sayda qalib dövlətin qalib jurnalsitləri kimi böyük
qürur hissi ilə tarixin bu şanlı səhifəsində yerimizi alırıq. 150 illik
yubileyimizi qeyd etdiyimiz bir ildə biz zəfərimizi gələcək nəsillərə nümunə
qoyan insanların səsi missiyassını yerinə yetiririk.
Bu gün, sözsüz
ki, qalib xalqın jurnalistləri kimi bu izləri qoymaqdan və xalqımızın
uğurlarını dünyaya çatdırmaqdan qürur duyuruq. Bizim sözümüz, bizim hekayəmiz
xalqımızın zəfərinin bir parçasıdır.
Mətbuatın 150 illiyi
və Zəfərin 5 illiyi bir-birini tamamlayan iki böyük anlamdır. Bu iki tarix
sanki bir kitabın ardıcıl fəsilləridir: birinci fəsil – xalqın 150 il ərzində
yetişdirdiyi söz mədəniyyəti; ikinci fəsil – həmin sözün Qələbə ruhu ilə
ucaldığı Zəfər epoxası.
Bu gün artıq tam
əminliklə deyə bilərik:150+5 bizim milli yaddaşımızdır. 150+5 dövlət gücümüzün
rəmzidir. 150+5 sözümüzün Zəfərlə ucaldığı tarixdir.
Sara ƏZİMOVA,
“Şərq qapısı”
qəzetinin baş redaktoru