EN

Zəfər yolumuz yanan ürəyin türkülərində

525.az saytına istinadən ain.az xəbər verir.

Təyyar SALAMOĞLU

Tanınmış dilçi alim, şair, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə xanım Hüseynovanın (Nağıqızı) 65 illik yubileyi ilə əlaqədar noyabrın 4-də ədəbi-bədii tədbir keçirilib. "Mən bu ömrü elə belə yaşadım" adlı tədbirdə millət vəkilləri, dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

"525-ci qəzet"in kollektivi olaraq Mahirə xanım Hüseynovanı yubileyi münasibətilə ürəkdən təbrik edir, ona şəxsi həyatında, elmi fəaliyyətində və ədəbi yaradıcılığında yeni uğurlar arzulayırıq.

Yubileyə mətbu töhfə kimi, filologiya elmləri doktoru, professor Təyyar Salamoğlunun Mahirə xanım Hüseynovanın poetik yaradıcılığına həsr olunmuş "Zəfər yolumuz yanan ürəyin türkülərində" adlı yazısını oxucuların diqqətinə çatdırırıq.

Müstəqillik illərində sənətin zamanla səsləşməsinə təkan verən şairlərdən biri də Mahirə Nağıqızıdır. Sözün geniş mənasında, çağdaş ədəbi prosesə Mahirə Nağıqızı 2000-ci illərdə qoşulur, əsrin ikinci onilliyi isə şeirlərində işlətdiyi "Mahirə" və "Nağıqızı" təxəllüslərinin özünütəsdiqi ilə yadda qalır. Əsrimizin birinci onilliyində Mahirənin poetik sözü onun "analı dünyası"nın orbitində fırlanır. Başqa sözlə, şairə dünyaya fərdi yaşantılarının prizmasından baxır və onun cəmiyyət həyatına münasibəti "analı dünyası"nın metaforası, simvolikasında poetikləşir.

Zaman taleyüklü problemlərlə daha sərt şəkildə üz-üzə qalanda sənətkar yaradıcılığının da yeni bir mərhələyə keçidi baş verir. Lirik "mən"in duyğu və düşüncələrində vətəndaşlıq mövqeyi daha sürətlə aktivləşir. O, özünü millətinin və dövlətinin üzləşdiyi ağır sınaqların əhatəsində görür. Düşünürük ki, "Haqqa çağıran səs" kitabında, xüsusən "Ruhuna beşiksə, tanı, Vətəndir", "Salam olsun" və başqa kitablarında toplanan şeirləri şairənin yaradıcılığının ikinci mərhələyə - yeni yüksəliş mərhələsinə keçidindən soraq verir.

Bu gün 30 il erməni işğalı altında qalan torpaqlarımız azad olunmuş və biz tarixi bir qələbəyə imza atmışıq, son iki yüz ilin ən möhtəşəm şərəf tarixini yazmağa nail olmuşuq. Səbəblər haqqında düşünəndə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin 2021-ci ilin noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxış edərkən vurğuladığı bir məqama xüsusi diqqət yetirmək lazım gəlir: "Tərbiyə işlərinə çox böyük fikir verərək gəncləri vətənpərvərlik ruhunda tərbiyə etdik".

M.Nağıqızının yaradıcılığının ikinci mərhələsi Ali Baş Komandanımızın millətimizin, xüsusən gənclərin Vətən sevgisinin böyüklüyü, hüdudsuzluğu haqqında nikbin qənaətləri fonunda itirilmiş torpaqlarımız uğrunda ədəbi-bədii mücadilənin səmərəli nəticələr verməsi qənaətinə gəlməyə əsas verir. "Salam olsun" bu mücadilə  hərəkatından doğulmuş kitabdır. Mahirənin şeirləri qələbəyə gedən yolu təsvir və tərənnüm edən mükəmməl poetik sistemə malik kamil bir qəhrəmanlıq dastanının türküləri kimi oxunur. Bu dastanın "qəlbimizdə oxunan türkülərlə yarandığı"nı şairə özü də "Al bayrağım" şeirində etiraf edir.

Ozan ruhlu sənətkar I Qarabağ savaşından II Qarabağ müharibəsinə qədər xalqımızın keçdiyi əzablı yoldan, sonsuz ağrı və acılarımızdan, II Qarabağ savaşında əldə etdiyimiz analoqu olmayan qələbədən, millət övladlarının əfsanəyə çevrilən igidliklərindən bəhs edir. Qələbəmizin  tərənnümünü, poetik sözün yaddaşında tarixləşməsini, xalqın qan yaddaşına hopdurulmasını sənətkar məqsədinə çevirir. "Son döyüşə hazır ol" şeirindəki aşağıdakı misralara diqqət yetirək:

Hədəfin düşmən olsun, o silahlı yalquzaq,

Get yolun açıq olsun, xata baladan uzaq.

Adına layiq olan şeir, mahnılar yazaq,

Uca işin naminə, son döyüşə hazır ol.

"Adına layiq olan şeir, mahnılar yazaq" misrası ozan-aşıq şeir ənənəsindəki dastan yaratmanı, dastan yaratmağa stimul verən ən həlledici amili işarələyir. Sənətkarın Vətənin müdafiəsi naminə sonsuz şücaətlər göstərən, döyüşdən qələbə ilə qayıdan qəhrəmanları vəsf etmək, mahiyyətcə isə, dastan qəhrəmanına çevirmək ruhuna kökləndiyini göstərir:

Türkün ruhu haralarda dolaşır -

Deyənlərə uca səsdən oxuyun.

Ləvin-ləvin səhifələr açılır,

Tükənməyən dürlü dastan oxuyun.

"Son döyüşə hazır ol" şeiri 2016-cı ilin aprelində, uzun illərin məğlubiyyət acısından sonra əldə etdiyimiz qələbədən ruh alaraq yazılmışdır. "Oxuyun" şeiri də Aprel döyüşlərində Azərbaycan Ordusunun qazandığı zəfərə köklənən şair ruhunun poetik əksidir.

Şeirləri yazıldığı zamanın və inikas etdiyi hadisələrin ardıcıllığı ilə düzsək, bütövlükdə topluda-dastanda Azərbaycan xalqının taleyüklü tarixinin iki zaman kəsiyinə bölünən bütöv bir dövrünün işarələndiyini, hadisələrin, təsvir və təhlillərin zaman ardıcıllığını dəqiq təsəvvür etmək mümkündür. Bu dövr müstəqillik ərəfəsi və illərindən, 20 faiz torpaqlarımızı itirdiyimiz zamandan başlayır, II Qarabağ müharibəsində əldə etdiyimiz zəfər tarixi ilə bitir. Buna görə, vahid bir zamanın poetik ifadəsi kimi dərk olunur. Ancaq əsərin ayrı-ayrı parçalarında müəllif ovqatı başqadır, dərdin baş alıb getdiyi parçalar da var, sevinc yaşlarının misraların ruhuna hopduğu parçalar da. Bütün hallarda, bu parçalarda dərin bir tarixilik duyğusu var və bu tarixilikdən kənarda şeirlərin  yazılmasına səbəb olan şair ovqatını başa düşmək mümkün deyil.

Birinci mərhələ "Azərbaycan" şeiri ilə başlanır, fikrimizcə, 2019-cu ilin dekabrında qələmə alınmış "Aparsın" şeiri ilə bitir. Fikrimizcə, "Azərbaycan" şeiri Mahirənin başlamaq istədiyi bu dastanın poetik uvertürası kimi düşünülmüşdür.

Bu uvertüranın ardınca "Vətən" silsiləsindən onlarla poetik parça gəlir. "Vətəndir", "Ay Vətən", "Vətən", "Vətən, ay Vətən" şeirləri şairənin "Azərbaycannamə" yaratmaq məqsədində israrlı olduğunu, vətəndaşlıq məramını gerçəkləşdirmək istəyinin ciddiliyini, konseptual estetik konsepsiyasını ortaya qoyur.

 Ali Baş Komandanımızın Şuşada hərbçilər qarşısında çıxış edərkən Qələbəyə aparan səbəblər sırasında xüsusi vurğuladığı fikrin ardını xatırlayaq: "İmkan vermədik ki, işğalla bağlı tarix unudulsun". Mahirə şeirinin də belə bir missiyadan çıxışını xüsusi vurğulamağa heç ehtiyac da yoxdur. Şeirlərin adları da, ovqatı da ilk misradan son misraya qədər bu missiyadan çıxışı ortaya qoyur, hətta bu missiyanın yerinə yetirilməsində, S.Vurğunun dediklərini iqtibas etsək, səf-səf düzülən şairlər ordusunda Mahirənin yeri ön cərgəyə çıxır.

Şübhəsiz ki, bütün digər vətəndaş şairlərimiz kimi, Mahirə də gələcəyə inamla baxıb. O da mübarizəmizin "bu gün də, yarın da" davam edəcəyinə inanıb. Azərbaycan xalqı heç vaxt bu itki ilə barışmayıb. Dövlət siyasətimiz də elə qurulmuşdu ki, Ali Baş Komandanın dəqiq ifadə etdiyi kimi, "imkan vermədik ki, işğalla bağlı olan tarix unudulsun". Xalqımızın və dövlətimizin barışmazlıq siyasətində eyni bir hədəfə vurması son nəticədə bizi Qələbəyə qovuşduran amil oldu. Barışmazlıq siyasətinin ictimai-siyasi həyatımızda təzahür edən çox amilləri var. Və düşünmək olar ki, bütün amillərin hamısı Vətən sevgisindən keçib həyata vəsiqə alır və real gücə çevrilir. Bu mənada düşünürük ki, Mahirə şeiri keçən hər gündə milli yaddaşı oyandırır, bu yaddaşda Vətənin obrazını bütövləşdirir, itirilmiş torpaqlarımız hesabına bu bütövlüyə milli düşüncədə hər hansı bir xələl gəlməsinə imkan vermir. "Vətəndir" tipli şeirləri yaranır:

Bu vətən deyilən torpaq deyil ki,

Ananın dizinin yanı-vətəndir.

Başını qoymağa bir sinə varsa,

Ruhuna beşiksə, tanı, vətəndir.

"Ay Vətən!", "Qayıtmayam", "Vətən", "Qara torpaq", "Vətən, ay Vətən" şeirlərinin yaranması "ruhumuza beşik Vətən" torpaqları uğrunda 2016-cı ilin ilk günlərindən, tariximizə "Aprel döyüşləri" kimi düşən zamandan başlayır, "Günnüt zəfəri"nə qədər davam edir. Birinci Qarabağ müharibəsindən sonra, "Aprel döyüşləri" və "Günnüt zəfəri" ilə  xalqımızın torpaqlarımızın geri qayıdacağına öləziməkdə olan inamı (bu cəhəti Ali Baş Komandan çıxışlarının birində xüsusi vurğulamışdı) özünə qayıdır. Zərrə qədər də olsa şübhə etmirik ki:

Bitər sərhədlərin bu yer üzündə,

Qəlbimdə sərhədin nədən bitmədi?

misraları ilə başlayan, Vətən anlayışına elə bu ilk misralarla çox dərin poetik açılış verən "Vətən" şeirindəki raport və səfərbərlik ruhu, canlanan vətəndaşlıq ruhu, sonsuz Vətən sevgisi, bu sevginin millətimizi ayağa qaldıracaq gücü şeirin yazılmasından (şeir 5 iyun 2018-ci ildə yazılıb) bir neçə gün qabaq ordumuzun 2018-ci ilin may ayındakı Günnüt zəfəri ilə birbaşa bağlıdır. Şairənin ilk qələbələrimizdən aldığı ruhun səfərbərlik harayına çevrilməsinin estetik ifadəsi aşağıdakı kimidir:

Ana harayımı eşidir hamı,

Qadınlar, qızlar da bir ərə dönər.

Oğullar seçəcək dost-düşmanını,

Hər biri uğrunda səngərə dönər.

Kitabdakı şeirlərin bir qismi şəhidlik mövzusundadır, sonra Xocalı faciəsi poetik idrakdan keçir, hər ikisi həm bir-birini, həm də Vətən mövzusunu tamamlayır.

 Mahirənin "Xocalı" türkülərindən biri hadisənin salnaməsini verir. Hadisələr o qədər real və canlı təsvir olunur ki, biz qanlı düzlərə səpələnmiş Xocalı şəhidlərinin başı üstündə dayanıb öz hüznlü yaşantılarının türküsünü dilə gətirən ozanı vizual olaraq görürük. Sanki ozan bizə min illər bundan qabaq baş vermiş qanlı olaylardan bəhs edir:

O gecə Xocalıda

Daş, divar güllələndi,

Adamlar güllələndi,

Ağaclar güllələndi.

Faciənin miqyassızlığı, ağırlığı, müdhişliyi haqqında ən ağır sözlər tapıb demək olar, lakin heç bir prozaik söz:

Qanla qar suvardılar,

Qandan ayaz öləzdi -

misralarının yaratdığı dəhşətli mənzərəni verə bilməz. Yaxud:

Qan donmağa qoymadı,

Uşaq ayaqlarını -

deyiminin təsiri, bircə bu iki misranın təsiri Xocalıda baş verənlərin bütün dəhşətini duymağa, erməninin antiinsani, antibəşəri xislətini ifşaya büsbütün bəs edərdi. "Xocalı" ünvanlı ikinci şeir... Şairənin ana səsi, ana çağırışları qulağımızda aramsız səslənir, qolunda təpər olanları Vətən naminə intiqama, döyüşə çağırır:

Nə oğuldur inqitamım almasa,

Son-söyləyir göz yaşına, son-yasa.

Haqqın özü qalxar bir gün qısasa,

Xalqıma yol yoldaşıdı Xocalı.

Mahirənin Vətən oğullarını intiqam hissinə kökləməsi, intiqama çağırışları ancaq varlığını saran ağrılardan irəli gələn hissi-emosional əhvali-ruhiyyədən irəli gəlmir. O, baş verən hadisələri real tarixi şəraitlə sıx əlaqədə dərk edir. Torpaq itkilərimizin, soydaşlarımızın min illik dədə-baba torpaqlarından didərgin düşməsinin, nəhayət, Birinci Qarabağ savaşında itirdiklərimizin o zaman hakimiyyətdə olanların səriştəsizliklərindən, xalqla-hakimiyyət arasında uçurumun get-gedə dərinləşməsindən, kreslo davalarından qaynaqlandığını çox yaxşı bilir. Siyasi-ictimai mühiti daim analiz edir, 1993-cü ildə xalqın ayıq düşüncəyə söykənən seçim etdiyini - Heydər Əliyevin hakimiyyətə gəlişini xalqımızın və dövlətçiliyimizin tarixində çox ciddi mərhələnin başlanğıcı, dönüş mərhələsi kimi dərk edir. Mahirənin rasional düşüncəsi mərhələ dönüşünü torpaqlarımızın geri qaytarılmasına bəslənən ümid kimi başa düşür. Başa düşdüklərini poetik sözə çevirir, beləliklə, "Heydər baba dastanı" yaranır. Bu "dastan"da Heydər Əliyevin qayıdışından əvvəlki vaxtı - siyasi hərc-mərclik dövrünü şairə belə səciyyələndirir:

Tale küskün, düşmən zalım, ümid yox,

Ər gərəkdi: Ürək isti, baş soyuq.

Mahirəyə görə, "isti ürəkli, soyuq başlı ər"in qayıdışı ilə birlikdə xalqın yaşamağa da, torpaqlarımızın əsirlikdən qurtaracağına gümanı da, inamı da qayıdır. Şairə özünün dastan qəhrəmanını məhz bu güman və inam işığında vəsf edir. Onun  "vəsf"ində həqiqi bir dastan ruhu var. Ozan, el aşığı xalqının saysız-hesabsız igidliklər göstərmiş qəhrəman oğlunu qopuzunun, sazının simlərində necə öyər, necə vəsf edərsə, elə vəsf edir:

Haqq işini görmək üçün qayıtdın,

Haqqa güman vermək üçün qayıtdın,

Xalqa inam vermək üçün qayıtdın,

Bu tarixdir, bir nəfəsdən oxunur.

Sən qaytardın perik düşən gümanı,

Sən gətirdin içimizə inamı.

Şairənin analitik bədii düşüncəsi inkişaf edən, bir-birini əvəz edən hadisələr arasındakı zəncirvari əlaqəni, birinin o birindən doğulmasını, Heydər Əliyevin dövlətimizi parçalanmaqdan, dövlətçiliyimizi zəifləməkdən qoruması, onun uzaqgörən siyasətinin bir dövlət kimi Azərbaycanın get-gedə möhkəmlənməsi ilə nəticələnməsi, türk-müsəlman dünyası isə qurduğu əlaqələrin intensivliyi və səmərəliliyi, soy birliyi və din birliyindən qaynaqlanan əlaqələri pik həddinə çatdırması, "Əsrin müqaviləsi" ilə, müəyyən mənada, dünyanı öz dövlətinin təsiri altında saxlamasını erməni faşizminə qarşı aparılacaq mübarizənin, qələbəmizi təmin edəcək mübarizənin təməl prinsipləri kimi dərk edir; Bu təməl prinsiplərin çağdaş zamanda dövlətçilik siyasətimizin əsasında dayanmasını, cənab İlham Əliyevin siyasi estafeti uğurla davam etdirməsindən yaranan ümidlərini dilə gətirir. "Aprel doyüşləri"ndən, "Günnüt zəfəri"ndən sonra ümidin inama çevrilməsi onda Azərbaycan xalqının bundan sonrakı yolunun Qələbədən keçəcəyini milli ictimai düşüncəyə qətiyyətlə ötürməsinə psixoloji əsas yaradır. Mahirə on yeddinci ilin gərgin siyasi ab-havasında o qələbə gününün uzaqda olmadığına dair öz sənətkar bəyanatını verir:

Qarabağda havalanar dost ünü,

İlham bizə gətirəcək o günü.

Görəcəyik xalq qurubdu düyünü,

Heydər baba-deyib dastan oxunur.

Qələbəyə gedən yolun ilk cığırlarını açan on altı-on səkkizinci illərdə Mahirə şeirinə tam bir səfərbərlik ruhu hakim kəsilir. Sənətkar istedadının təlqinləri ilə geriyə dönüşün olmadığını, başladığımız işin sona çatdırılması zərurətini başa düşür və buna görə də millət övladlarını psixoloji cəhətdən mübarizəyə, dönməzliyə, təsəvvür edilməsi belə çətin olan qəhrəmanlıqlara hazırlayır. "Aprel döyüşləri" - ordumuzun və xalqımızın göstərdiyi böyük rəşadət, Ali Baş Komandanın vulkan kimi püskürən sərkərdəlik istedadı Mahirəyə Qələbəyə aparan "yol xəritəsi"ni cızmağa əsas verir. Şair xəyalı ilə təsəvvür edilənlərin dəqiqliyi heyrət doğurur:

Azərbaycan əsgəri, yolun Şuşaya gedər,

O yürüşün naminə son döyüşə hazır ol!

İntizarda Laçındır, Zəngilandır, Kəlbəcər,

Pir görüşün naminə, son döyüşə hazır ol!

Mahirə "son döyüşə" gedən yolun mənəvi-psixoloji əsaslarını çox yaxşı bilir. Onun üçün "son döyüşə" gedən yol analarımızın mətinliyindən, hüdudsuz mübarizə əzmindən keçir. Onun üçün "son döyüş"ə gedən yol ordumuz ilə Ali Baş Komandanımız, Ali Baş Komandanımızla millətimiz arasındakı sarsılmaz birlikdən, birinin o birinə sonsuz sevgisindən keçir; Bir millətin böyüyünün də, kiçiyinin də, kişisinin də, qadınının da, əsgərinin də, Ali Baş Komandanın da bir amala köklənməsindən keçir. Mahirəyə sadəcə bu həqiqəti görmək, poetik sözün qüdrəti ilə bəyan etmək qalır:

Artıq bizim səbrimiz doldu, komandan - dedin,

Baş komandan vur! - dedi. Oldu, komandan! - dedin.

Siz göstərən yönüm-yön, yoldu, komandan! - dedin,

Dirənişin naminə, son döyüşə hazır ol!

27 sentyabr 2020-ci il... Döyüş başlanan gün! Ali Baş Komandanın əmr verdiyi gün və M.Nağıqızının həmin gün yazılan "Get" şeiri...

Payız gəldi, ağacların bar vaxtıdır,

Dəymiş vüsal meyvəsini dərməyə get.

Sualların cavabın al, vaxtıdır,

Sinəsi çat torpaqları görməyə get...

Başdan ayağa döyüş ruhuna köklənmiş misralar, bəndlər sanki Ali Baş Komandanın həmin gün "cavab atəşinin açılması" ilə bağlı gəldiyi qərarın və verdiyi əmrin mənəvi-psixoloji əsaslarını ortaya qoyur. "Əmr", əlbəttə, beynin, məntiqi düşüncənin, siyasətin, dövlətçilik təcrübəsinin nəticəsidir, hərb qanunlarından çıxışın göstəricisidir. Ancaq bu "Əmr" həm də Ali Baş Komandanın ürəyinin səsidir. Uzun illər ürəyində yığılıb qalan doğma torpaq nisgilinin, ayrılığı vüsalla əvəz etmək ehtirasının vulkan kimi püskürməsidir. O "Əmr"

İllər keçdi, o gündən ki, yaralandım,

Yağı vurdu, param-parça paralandım -

ağrısının doğurduğu intiqam hissindən doğulmuşdur. Aşağıdakı misralar məgər "Qarabağ Ermənistandır və nöqtə" deyən, dünya siyasətində naşılığın simvolu kimi yadda qalan erməni Baş nazirinə Prezidentimizin "Qarabağ Azərbaycandır və nida işarəsi" cavabının əməli işə çevrilməsindən doğan poetik təəssüratlar deyilmi?

Gücün sənin - bu dünyada olan haqqım,

Göz dağımdır düşmanımda qalan haqqım.

Yağı versin: o can haqqım, bu qan haqqım,

Haqq sənindir, öz haqqını almağa get.

İtirilmiş torpaqlarımız uğrunda döyüşlərin - II Qarabağ müharibəsinin başlanması günündən etibarən Mahirənin şeirləri nikbin  pafosa köklənir. Ali Baş Komandanımızın, bütövlükdə millətimizin və əsgərinin döyüş əzmi onun poeziyasının ovqatını müəyyənləşdirir. Bundan sonra onun bütün yaradıcılığı "Bilsin ana torpaq, eşitsin Vətən; Müsəlləh əsgərəm mən də bu gündən" - deyən S.Vurğun şeirinin nəbzi ilə bir vurur. Sənətkarın qələmi süngüyə çevrilir, xüsusən ilk günlər səfərbərlik ruhu onun şeirlərinin aparıcı motivinə çevrilir.

Mahirə Nağıqızı alimdir, dilçilik sahəsində konseptual tədqiqatları ilə seçilir. O, təhsil işçisidir, müəllim-pedaqoqdur. Başqa sözlə, onun fəaliyyəti çoxşaxəlidir. Ancaq fikrimizcə, o, stixiyası etibarı ilə öncə şairdir, poetik təfəkkür onun düşüncə sistemində aparıcıdır. Anadan ilhamlı doğulub. İstəsə də, onun təlqinlərindən kənara çıxa bilməz. Buna görə də zaman "millətinin taleyüklü məsələlərinə hamilə olanda" Mahirənin poetik ilhamı açılacaq tüfəng kimi həmişə ayaqda olur. Qırx dörd günlük müharibəmiz öz başlanğıcı, ortası və sonu ilə onun poetik ilhamını yeni bir qüvvətlə, yeni bir ovqatla hərəkətə gətirir. Az qala bir qərinəlik dövrdə içində yığılıb qalan ağrılarından xilas olmaq imkanlarını görəndə onun şeirində sevincdən doğan hönkürtülərin fərqli bir hal yaratdığını müşahidə edirik:

Mahirə sevincdən ağlar,

Sinəsində ümman çağlar.

Dinər saza həsrət dağlar,

Salam, Qarabağım, salam.

"Çağlayan ümman"ın təlqinləri  ilə şairənin ruhu müharibəyə, daha doğrusu, Qələbəyə səfərbər olur.

"Görünür" şeiri Cəbrayılın, "Azərbaycanım" şeiri Füzulinin, "Yaraşır" şeiri Zəngilanın, "Xoş görmüşük" şeiri Şuşanın alındığı gün yazılıb. "Salam olsun" şeiri Qələbə gününə, "Bayrağımız" şeiri isə Zəfər Gününə həsr edilib.

Yəqin ki, şairə özü də təsdiq edər ki, aşağıdakı misralar haçan içinə dolub, haçan şeirə çevrilib, heç özü də xəbər tutmayıb. Çünki həmin anda Mahirənin varlığı bütövlükdə Şuşanın alınmasından doğan miqyassız emosional yaşantının təsiri altında olub:

Möhnətimiz sona yetdi,

Şuşa, xoş görmüşük səni.

Vüsal gəldi, həsrət bitdi,

Yaşa, xoş  görmüşük səni.

YEKUN OLARAQ deyə bilərik ki, Mahirə xanımın şeirlərində cəbhədə baş verənləri anbaan izləyən, baş verənlərin ruhunda yaratdığı ovqatla yaşayan, bəzən ağlayan, bəzən gülən, bəzən göz yaşlarını gizlədib içinə axıdan, başqalarına verdiyi təsəlliləri özü üçün də təsəlliyə çevirən "erkək tinətli" Azərbaycan qadınının vətəndaş mövqeyini görürük.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
44
525.az

1Sources