EN

BDYPİ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq 8–11 noyabr tarixlərini əhatə edən ardıcıl istirahət günlərində ölkə üzrə nəqliyyat axınının intensivləşəcəyi, paytaxtdan bölgələrə, eləcə də əks istiqamətdə hərəkətin artacağı gözlənilir.

Bu barədə Aktual.az-a DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək bildirir ki, qarşıdakı dörd günlük qeyri-iş günlərində yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının diqqətindən və məsuliyyətindən asılıdır.

Sürücülərdən xahiş olunur ki, yola çıxmazdan əvvəl idarə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətini diqqətlə yoxlasınlar — xüsusilə tormoz sistemi, şinlərin aşınma dərəcəsi, işıq cihazları və şüşəsilənlərin işləkliyinə nəzarət etsinlər.

Xalqımızın birlik və qürur hissi ilə qeyd etdiyi bu əlamətdar günlərdə hərəkət iştirakçılarına tövsiyə olunur ki:

- Hərəkət marşrutlarını əvvəlcədən planlaşdırsınlar və səfər vaxtını elə müəyyən etsinlər ki, hərəkət rahat və təhlükəsiz olsun;

- Uzun məsafələrə yola çıxmazdan əvvəl mütləq istirahət etsinlər, yorğun və yuxusuz halda sükan arxasına keçməsinlər;

- Sürət həddinə ciddi riayət etsinlər, riskli manevrlərdən və qəfil ötmələrdən çəkinərək ara məsafəsini düzgün saxlasınlar;

- Uşaqları avtomobildə təhlükəsizlik kəməri və ya uşaq oturacağından istifadə etməklə daşısınlar;

- Spirtli içki qəbul etmiş şəxslərin sükan arxasına keçməsinin yolverilməz olduğunu unutmasınlar.

Piyadalara da xatırladılır ki:

Yalnız müəyyən olunmuş keçidlərdən istifadə etsinlər, işıqforun siqnallarına əməl etsinlər və xüsusilə axşam saatlarında, görmə şəraiti zəiflədikdə geyimlərində işıq əks etdirici elementlərə üstünlük versinlər.

Bayram günlərində BDYPİ-nin şəxsi heyəti gücləndirilmiş iş rejimində xidmət aparacaq. Məqsəd — hərəkətin təhlükəsizliyini təmin etmək və qəzaların qarşısını almaqdır.

Unutmayaq ki, özümüzün və sevdiklərimizin təhlükəsizliyi hər birimizin davranışından asılıdır.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına təhlükəsiz və xoş bayram günləri arzulayır.

Chosen
41
35
ulusum.az

10Sources