EN

AzTV sədrinin Qənimət Zahidin dəstəyinə ehtiyacı yaranıb?

Xaricdə fəaliyyət göstərən, Azərbaycan hakimiyyətin hər addımında “tir” axtarmağa çalışan radikal müxalifət nümayəndələrinin ölkəmizdə ciddi səhvə yol verən vəzifəli məmurların müdafiəsinə qalxması ilginc şübhələr doğurur.

Bunu onların özlərinin 30 il ərzində “Rusiyanın adamı”, “5-ci kolonun rəhbəri” kimi səciyyələndirdikləri Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin timsalında da gördük. Əslində, Dövlət Təhlükəsizlik Xidməti kimi ciddi qurumun əməliyyatını “hoydu-hoydu”ya çevirmək istəyənlərin hərəkətləri eybəcər təəssürat yaradır. Birillik hakimiyyətlərini “cırtdan” surətlərdən qoruya bilməyənlərin gücü yalnız lağlağıya çatır. Bu, həm də “hakimiyyətin düşməni dostumdur” kimi əbləh təsəllinin nümayişidir.

Odur ki, bu dəfə Fransadan yayımlanan “Azərbaycan saatı”nın aparıcısı Qənimət Zahid “AzTV” QSC-nin sədri Rövşən Məmmədovun müdafiəsinə qalxması təəccüb doğurmadı.

“Vertolyotdan vurulan AzTV sədrinin yerinə yeni namizədlər axtarışı başlayıb. “Üçlük” intriqalar” başlıqlı proqramında Qənimət Zahid hətta daha da irəli gedib. O, iddia edib ki, Hesablama Palatasının 26 milyon manatlıq maliyyə pozuntusu ilə bağlı hesabatının arxasında Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov və prezidentin köməkçisi Hikmət Hacıyevin “planı” dayanır.

“Hamımız gözəl anlayırıq ki, Hesablama Palatası PA-nın tapşırıqları ilə idarə olunan qurumdur. Onun əlinə tutuzdururlar ki, get filan qurumu yoxla və sonda bu nəticəni ver”, – deyə Qənimət Zahid qeyri-peşəkar nəticəyə gəlib.

Qənimət Zahidin iddiasına görə, əslində Rövşən Məmmədovun “qara siyahı”ya düşməsi ilə bağlı məsələ başqa cürdür.

O, bu qənaətə kiçik araşdırma və “mövcud əlaqələrindən” istifadə edərək gəldiyini bildirib: “AzTV sədri nə Samir Nuriyevin, nə Mikayıl Cabbarovun, nə də Hikmət Hacıyevin kadrıdır. Onlar artıq 4 ildən çoxdur ki, AzTV rəhbərliyinə öz adamlarını gətirmək istəyirlər”.

Qənimət Zahidin xülyasına görə, buna görə də, demək olar ki, hər il AzTV-yə yoxlamalar göndərilir: “İlişməyə bir yer tapmağa çalışırlar ki, İlham Əliyevə təqdim etsinlər. Hətta Hikmət Hacıyev də dəfələrlə AzTV-yə səhv direktivlər göndərərək, televiziyanı pis vəziyyətə salmağa çalışıb, lakin nəyə görəsə plan baş tutmayıb. Mediada bu məsələnin bu qədər tirajlanması və vertolyot məsələsi onu deməyə əsas verir ki, Samir, Mikayıl və Hikmət “üçlüyü”nün planı demək olar ki, baş tutub. Məsələ belədir ki, indicə dediyim kimi, bu “üçlük” AzTV ilə İTV-nin müdirlərini dəyişmək istəyirlər. Bu, həm də mənim ehtimalımdır və həm də xəbərdir. Vertolyot- mertolyot işlərini də kompromat kimi istifadə edirlər. Kimi hara gətirmək istədiklərini də bilmək üzrəyəm, dəqiqləşdirib deyəcəm, əlbəttə”, – deyə Qənimət Zahid vəd edib.

Fransada “hördüyü” intriqanı Bakıya ötürməyə çalışan bu jurnalistin sözlərindən belə anlaşılır ki, onun Hesablama Palatasının fəaliyyətindən ümumiyyətlə anlayışı yoxdur.

Çünki ölkə Konstitusiyasının 92-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən yaradılan Hesablama Palatası hər il Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən kənar dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanıdır. Sadə dillə desək, dövlət büdcəsinin təyinatı üzrə xərclənməsinin hər il yoxlanılması Hesablama Palatasının boynunun borcudur.

Murad İSGƏNDƏR

Chosen
22
1
nocomment.az

2Sources