EN

Aİ Rusiya vətəndaşlarına viza qaydalarını sərtləşdirdib

Yeni qərar təhlükəsizlik risklərinin artması və miqrasiya təzyiqi fonunda qəbul edilib...

Poliqon European Commission nəşrinə istinadən xəbər verir ki, Avropa Komissiyası Rusiya Federasiyası vətəndaşları üçün viza rejiminin sərtləşdirilməsini təsdiqləyib. Qərar, Rusiyanın Ukraynaya qarşı “əsassız və təcavüzkar müharibəsi” nəticəsində yaranmış təhlükəsizlik riskləri, o cümlədən miqrasiyanın təzyiq alətinə çevrilməsi, diversiya halları və viza sui-istifadəsi riskləri ilə əsaslandırılıb.

Avropa İttifaqının daxili işlər və miqrasiya məsələləri üzrə komissarı Maqnus Brunner bildirib ki, Aİ-nin xarici sərhədlərinin qorunması üçün “etibarlı və hərtərəfli viza idarəçiliyi mexanizmləri” vacibdir. Onun sözlərinə görə, yeni qaydalar çərçivəsində Rusiya vətəndaşlarının bütün viza müraciətləri gücləndirilmiş yoxlamadan keçəcək və nəzarət səviyyəsi artırılacaq:

“Bu dəyişikliklər Şengen məkanının bütövlüyünü və təhlükəsizliyini daha da möhkəmləndirəcək”, deyə Brunner vurğulayıb.

Yeni qaydalara əsasən, Rusiya vətəndaşları artıq çoxgirişli vizalar ala bilməyəcək. Bu, o deməkdir ki, hər bir yeni səfər üçün ayrıca müraciət təqdim edilməlidir və bu da ərizəçilərin mütəmadi və ciddi yoxlanılmasına imkan verəcək. Məqsəd — potensial təhlükəsizlik risklərini minimuma endirmək və ictimai asayişi qorumaqdır.

Avropa Komissiyası eyni zamanda bəzi istisnaları saxlayır. Məsələn, müstəqil jurnalistlər və insan haqları müdafiəçiləri kimi əsaslandırılmış hallarda fərdi yanaşma mümkün olacaq. Yeni tədbirlərin bütün Aİ ölkələrində vahid qaydada tətbiqi nəzərdə tutulur ki, qaydalardan yayınma ehtimalı aradan qaldırılsın.

Qərar, Rusiyadakı yerli Şengen əməkdaşlığı çərçivəsində Aİ ölkələrinin birgə qiymətləndirməsinə əsaslanaraq hazırlanıb və bütün üzv dövlətlər tərəfindən Viza Komitəsində yekdilliklə təsdiqlənib.

Poliqon.info

Chosen
64
poliqon.info

1Sources