EN

“Qapını açıq saxlamasan, 4 nəfərin pulunu ödəməlisən” - Təəccüblü “yenilik”

Bakıda vətəndaşlar su xidmətində yeni və anlaşılmaz qaydalarla üzləşiblər. Belə ki, bu ilin sentyabr ayından etibarən su sayğacı quraşdırılmayan mənzillərdə yaşayanlar artıq hər ay 1 nəfər üçün 8 manat deyil, 4 nəfərin haqqını – 32 manat ödəməli olacaqlar.

Məsələni Musavat.com-a “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov şərh edib.

eyyub

O bildirib ki, təşkilata daxil olan çoxsaylı şikayətlər bu qərarın Nəsimi Sukanal İdarəsinin təşəbbüsü olduğunu göstərir:

“AİİB məsələni araşdırmaq üçün qəbzlərin üzərində qeyd olunan (012) 530 44 06 nömrəsi ilə əlaqə saxladı, həmçinin “ASAN Kommunal” vasitəsilə rəsmi cavab aldı. Bizə bildirildi ki, bu yeniliyin məqsədi guya insanların qapılarını açıq saxlamaq və mənzillərə sayğac quraşdırılmasını asanlaşdırmaqdır. Əks halda, vətəndaş 4 nəfərlik ödəniş etməlidir”.

CEK.png

AİİB sədrinin sözlərinə görə, bu, açıq-aşkar istehlakçı hüquqlarının pozulmasıdır. O qeyd edib ki, oktyabr ayında 8 manat ödəmiş və heç bir borcu olmayan istehlakçı noyabr ayı üçün birdən-birə 41 manatlıq borc bildirişi ilə qarşılaşır:

“Bu məbləği azaltmaq üçün vətəndaş “ASAN xidmət”ə getməli, oradan mənzilində bir nəfərin qeydiyyatda olduğunu sübut edən arayış götürməli və həmin sənədi “ASAN kommunal”a təqdim etməlidir. Əks halda, 4 nəfərlik ödəniş qüvvədə qalır.

Ən maraqlısı isə odur ki, artıq ödənilən vəsaitin geri qaytarılması barədə heç bir məlumat verilmir. İnsan bəlkə də məhkəməyə müraciət etməyə məcbur olacaq”.

Eyyub Hüseynov əlavə edib ki, əgər ev sahibi xaricdə yaşayırsa və vəkalətnamə ilə nümayəndə göndərirsə, o halda da “ASAN xidmət”də arayış almaq çətin və qeyri-mümkün olur:

“Yəni vətəndaş uzaq ölkədən gəlməsə, bu “4 nəfərlik” böhtandan canını qurtara bilmir. Bu, həm hüquqi, həm də insani baxımdan qəbuledilməzdir”.

ELCİN

Məsələ ilə bağlı Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədr müavini, tanınmış memar Elçin Əliyev də oxşar problemlə üzləşib. Ona da 4 nəfərlik su haqqı hesablanıb:

“İndi yüz minlərlə vətəndaş iş vaxtı “ASAN xidmət”ə gedib sübut etməlidir ki, evdə tək yaşayır. Qəbzin sonunda belə bir qeyd var: “Sayğac göstəricisi oxunmadıqda hesabat orta sərfiyyata uyğun aparılır”. Yəni ADSEA faktiki olaraq sayğac göstəricilərinə nəzarət etmə öhdəliyini üzərindən atır və istədiyi məbləği ofisdə oturaraq hesablaya bilir”.

Musavat.com məsələ ilə bağlı ADSEA-ya sorğu göndərib.

Şahanə Rəhimli
Musavat.com

Chosen
49
musavat.com

1Sources