EN

Qarsdakı Heydər Əliyev Tədris Mərkəzində “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabının təqdimatı keçirilib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Qars, 7 noyabr, AZƏRTAC

Noyabrın 7-də Qarsdakı Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Tədris Mərkəzində Xəzər Universitetinin Müşahidə Şurasının sədri professor Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Qarsdakı baş konsulluğu, Xəzər Universiteti və Türkiyədəki Qafqaz Universitetinin rektorluğu tərəfindən birgə təşkil olunub. Tədbirdə iki qardaş ölkənin diplomatları, alimləri, tələbələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri açan Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova müəllifin geniş ictimai və elmi fəaliyyəti, onun təhsil sisteminin inkişafına və Azərbaycanın reallıqlarının təbliğinə verdiyi töhfələr barədə iştirakçılara məlumat verib. O, Cənubi Qafqazın tarixi reallıqlarına dair əsərlərin nəşrinin əhəmiyyətini vurğulayıb.

Nəşrin müəllifi Hamlet İsaxanlı çıxışında bildirib ki, kitabını Azərbaycan və erməni xalqları arasındakı münasibətlərin tarixinin və obyektiv təhlilinin araşdırılmasına, həmçinin regionun gələcəyinin necə ola biləcəyi ilə bağlı suallara cavab axtarışına həsr edib. O, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbəni “bütün Türk dünyasının Qələbəsi” adlandırıb.

Qafqaz Universitetinin Tarix şöbəsinin müdiri professor Selçuk Ural isə çıxışında Şərqi Anadolunun və Azərbaycanın tarixi haqqında danışaraq, ermənilərin törətdikləri qanlı hadisələrə və regionun reallıqlarını təhrif etmək cəhdlərinə diqqət çəkib.

Təqdimat zamanı Azərbaycanla Türkiyə arasındakı sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin möhkəmliyi vurğulanıb, H.İsaxanlının kitabın hazırlanması zamanı istifadə etdiyi mənbələrin obyektivliyinə şübhə yeri qoymadığı qeyd edilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Qars

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
51
azertag.az

1Sources