EN

Baş nazirlə prezident bir-birlərini ittiham etdilər – Polşada

Polşanın baş naziri Donald Tusk və prezident Karol Navrotski cümə günü xüsusi xidmət orqanlarının 136 əməkdaşının rütbələrinin artırılmasına əngəl törədilməsi məsələsinə görə bir-birini ittiham ediblər.

NOCOMMENT.az bu barədə RMF 24 nəşrinə istinadən xəbər verir.

Navrotskini hərbi əks-kəşfiyyat və daxili təhlükəsizlik agentliyinin 136 əməkdaşının kiçik zabit rütbələrinə yüksəldilməsinə mane olduğunu qeyd edən baş nazir bunu “prezidentin Polşa hökuməti ilə müharibəsinin davamı” adlandırıb.

Polşa prezidenti buna cavab olaraq bildirib ki, Tusk kəşfiyyat xidmətlərinin rəhbərlərinin Polşa prezidenti ilə görüşünü qadağan edib və “dövlət təhlükəsizliyi ilə bağlı mühüm məlumatları” ona verməməyi tapşırıb.

“Xidmətlərin rəhbərləri ilə dörd görüşüm ləğv edildi – məhz bu görüşlərdə Polşanın təhlükəsizliyinin əsas məsələləri müzakirə edilməli, zabitlərin təyinatı ilə bağlı qərarlar da verilməli idi”, – deyə Navrotski vurğulayıb.

Tusk həmin gün Seymdə jurnalistlərlə söhbətində prezidentin ittihamlarına da cavab verib və bildirib ki, Navrotskinin reaksiyası “həqiqətə uyğun gəlmir və heç bir əsası yoxdur”.

“Mən istərdim ki, o (Navrotski – red.) həqiqətdən uzaqlaşmasın, eləcə də Konstitusiyanı, öz səlahiyyətlərini, baş nazirin və hökumətin səlahiyyətlərini bilsin. Bəlkə o, gələcəkdə bunu öyrənəcək”, – deyə baş nazir əlavə edib.

Polşa xüsusi xidmət orqanlarının nazir-koordinatoru Tomaş Siemonyak yaranmış mübahisəli vəziyyətə aydınlıq gətirib. O, bildirib ki, Polşa prezidentinin kəşfiyyat xidmətlərinin rəhbərlərindən birbaşa məlumat almaq səlahiyyəti yoxdur və onların vahid lideri baş nazirdir.

O, əlavə edib ki, Navrotskinin sələfi Andjey Duda həmişə xüsusi xidmət orqanları ilə əməkdaşlıq qaydalarına əməl edərək, yalnız baş nazir və ya əlaqələndirici nazir vasitəsilə onlarla əlaqə saxlayıb, eləcə də heç vaxt kəşfiyyatçıların zabit vəzifələrinə təyin olunmasının qarşısını almayıb.

Xatirə SADİQ

Chosen
53
nocomment.az

1Sources