EN

Qardaşlıq səngərdən tribunaya: Azərbaycan, Türkiyə və Pakistan bir sırada

Bakı bu günlərdə bir daha tarixi hadisəyə şahidlik etdi. Paytaxtımızda keçirilən Zəfər Paradı təkcə 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin beşinci ildönümünün qeyd olunması deyildi. Bu parad həm də Azərbaycanın gücünün, müstəqilliyinin, ordusunun qüdrətinin, ən əsası isə Türkiyə və Pakistanla birliyinin təntənəli nümayişi idi.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə yanaşı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı bu qardaşlıq münasibətlərinin ən parlaq təzahürlərindən biri kimi tarixə düşdü.

Vətən

Onların Azadlıq meydanında, eyni tribunada dayanaraq Azərbaycan əsgərinin addım səslərini birlikdə izləməsi, üç dövlətin bayraqlarının dalğalanması, bu birliyin rəmzi mənzərəsi idi. Parad sadəcə hərbi güc nümayişi yox, həm də mənəvi birliyimizin, ortaq tarixi və gələcək vizyonumuzun təcəssümü idi.

Bu hadisə təsadüfi deyildi. Hələ bir neçə ay öncə Laçın şəhərində üç qardaş ölkənin liderləri — İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Məhəmməd Şahbaz Şərif tarixi zirvə görüşü keçirmişdilər. O görüşdə səslənən fikirlər və qəbul olunan sənədlər bu gün Bakıda nümayiş olunan birliyin əsas siyasi və strateji təməlini qoydu.

Üç

Laçın Zirvəsi faktiki olaraq yeni geosiyasi reallığın başlanğıcı oldu — Cənubi Qafqazda, Orta Asiyada və daha geniş Avrasiya məkanında ortaq maraqlara əsaslanan üçtərəfli əməkdaşlıq platformasının formalaşmasının ilk mərhələsi.

Həmin görüşdə müzakirə olunan əsas məsələlər — təhlükəsizlik, müdafiə sənayesi, enerji və nəqliyyat dəhlizlərinin inkişafı, eləcə də regional sabitliyin qorunması idi. Bu, qardaş ölkələrin gələcək onilliklər üçün müəyyənləşdirdiyi strateji xəttdir. Azərbaycan bu platformada həm regionun aparıcı siyasi gücü, həm də sülhün təşəbbüskarı kimi çıxış edir. Türkiyə və Pakistanla qurulan bu strateji tərəfdaşlıq təkcə hərbi sferada deyil, diplomatik, iqtisadi və mədəni sahələrdə də sürətlə dərinləşir.

Zəfərin

Zəfər Paradında bu birliyin ən canlı təzahürünü görmək mümkün idi. Türkiyə və Pakistanın hərbi nümayəndə heyətləri, onların müdafiə nazirliklərinin yüksək səviyyəli təmsilçiləri tədbirdə iştirak etdilər. Parad tribunasından üç ölkənin bayraqları dalğalanırdı. Pakistan Silahlı Qüvvələrinin zabitləri Azərbaycan əsgərləri ilə eyni sırada addımladı. Türkiyə Hərbi Qüvvələrinin nümayəndələri bir daha qardaş ölkənin yanında olduqlarını dünyaya göstərdilər.

Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti, xüsusilə xüsusi təyinatlı qüvvələr — XTQ paradın əsas hissəsini təşkil edirdi.

Onların sayı 4 mini keçirdi. Bu fakt, Azərbaycan ordusunun modern və peşəkar şəkildə formalaşdığının, həmçinin 44 günlük müharibədən sonra ordunun keyfiyyətcə yeni mərhələyə keçdiyinin göstəricisidir.

Paradda

Parad zamanı nümayiş olunan texnikalar, pilotsuz uçuş aparatları, zirehli maşınlar və hava hücumundan müdafiə sistemləri Azərbaycanın hərbi-texnoloji imkanlarının nə qədər inkişaf etdiyini bir daha sübut etdi.

Cənab Prezident İlham Əliyevin parad zamanı çıxışı strateji baxımdan xüsusi önəm daşıyırdı. Dövlət başçısı çıxışında Azərbaycanın əldə etdiyi Zəfərin sadəcə hərbi qələbə deyil, həm də milli ruhun, xalqın birliyinin və dövlətin siyasi iradəsinin nəticəsi olduğunu vurğuladı. Prezidentin nitqindəki əsas mesajlardan biri də regionda sülhün və sabitliyin yalnız ədalətə əsaslanan siyasət nəticəsində mümkün olacağı idi.

2e284002-bc51-437e-ac61-c9e279af4e1a.jpeg

O, Azərbaycanın gücünün mənbəyinin xalqla ordu birliyindən qaynaqlandığını, ölkənin təhlükəsizlik siyasətinin isə artıq təkcə müdafiəyə deyil, həm də regional sülhün təmin edilməsinə yönəldiyini bildirdi. İlham Əliyev həmçinin Türkiyə və Pakistanla qardaşlığın “əbədi və dönməz” olduğunu qeyd etdi, bu birliyin qarşıda daha böyük layihələrdə — enerji, kommunikasiya və müdafiə sahələrində davam etdiriləcəyini bəyan etdi.

Paraddan öncə və sonra dünya liderlərindən Cənab Prezidentə göndərilən təbrik məktubları da bu hadisənin beynəlxalq miqyasda doğurduğu rezonansı göstərdi.

Həm regional, həm də qlobal güc mərkəzlərinin rəhbərləri Azərbaycanın əldə etdiyi uğurları yüksək qiymətləndirdilər. Xüsusilə Türkiyə, Pakistan, Macarıstan, Qazaxıstan, Özbəkistan, Səudiyyə Ərəbistanı, BƏƏ və ICESCO rəhbərliyindən gələn təbriklər, Azərbaycanın artan nüfuzunun təsdiqidir.

Bakıda

Zəfər Paradı həm də dünya mediasında geniş işıqlandırıldı. Beynəlxalq KİV-lər Azərbaycanın müasir ordu potensialını, hərbi paradın yüksək təşkilatçılığını və tədbirdəki simvolik məqamları ön plana çıxardılar. Analitiklər vurğulayır ki, bu parad Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının yaranmaqda olduğunu göstərir.
Azərbaycan bu gün artıq tək deyil. Onun yanında hər zaman Türkiyə və Pakistan kimi güclü, nüfuzlu, prinsipial dövlətlər dayanır.

Bu üçlük – “bir millət, üç dövlət” formulu – regionda ədalətin, sabitliyin və yeni əməkdaşlıq modelinin bünövrəsini qoyur. Bütün bu hadisələr fonunda Bakıda keçirilən Zəfər Paradı sadəcə hərbi tədbir yox, həm də siyasi manifest kimi dəyərləndirilir. Burada göstərilən hər addım, səslənən hər çıxış, dalğalanan hər bayraq Azərbaycanın güclənən mövqeyinin və öz müttəfiqləri ilə birlikdə gələcəyə inamla baxdığının ifadəsidir.

Bakıda

Qarşıdakı günlərdə bu mövzu ictimai və analitik müstəvilərdə geniş müzakirə olunacaq. Laçın Zirvəsi, Bakı Paradı və üç qardaş ölkənin ortaq hərbi-siyasi vizyonu qarşıdakı illərin ən mühüm istiqamətlərindən biri kimi diqqətdə qalacaq.
Bu prosesin əsas müəllifi və aparıcı fiquru isə, şübhəsiz ki, Prezident İlham Əliyevdir — onun uzaqgörən siyasəti, milli maraqlara əsaslanan diplomatik xətti regionda yeni sabitlik və tərəfdaşlıq dövrünü açır.

Azərbaycan, Türkiyə və Pakistan birliyinin yeni səhifəsi artıq açılıb. Bu səhifə qardaşlığın, qarşılıqlı etimadın və ortaq gələcəyin rəmzidir. Bu, təkcə üç dövlətin deyil, bütün türk-islam dünyasının güclənən simasıdır.

Musavat.com

Chosen
29
1
musavat.com

2Sources