EN

Geri sayım başladı: minlərlə azərbaycanlının taleyini müəyyən edəcək siyahı

Azərbaycanda 2026-cı ildə yeni ixtisar dalğasının başlayacağı barədə iddialar yayılıb. Bildirilir ki, bu barədə artıq nazirliklərə və komitələrə siyahılar göndərilib. Məlumata görə, pandemiya dövründə məşğulluğu təmin etmək üçün yaradılan minlərlə müvəqqəti iş yeri artıq bağlanıb. “AzPolitika”nın apardığı araşdırmaya görə, xüsusilə kommunal sektor və bir sıra dövlət qurumlarında çalışan təxminən 25 min nəfərin əksəriyyəti ixtisara düşüb. Qeyd olunur ki, 2025-ci ilin büdcəsində maliyyə kəsintiləri bu prosesi daha da sürətləndirib.

İddialar real olarsa, hökumət yaranmaqda olan yeni işsizlər “ordu”su ilə bağlı hansı addımları atacaq?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, ölkədə işsizlik probleminin olduğunu dövlət qurumları da etiraf edirlər:

“Yeni iş yerlərinin yaradılması hökumət üçün əsas prioritet istiqamətlərdən biri olmalıdır. Əgər müəyyən ixtisarlar nəzərdə tutulursa, onların mümkün sosial-iqtisadi fəsadlarının qarşısı əvvəlcədən alınmalıdır. Bunun üçün hökumət məqsədyönlü proqramlar hazırlamalı və icra etməlidir. Yeni işsizlər “ordu”sunun formalaşması, təbii ki, arzuolunan mənzərə deyil. Buna görə də ilk növbədə kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyəti stimullaşdırılmalıdır. Sahibkarlara və iş adamlarına vergi və inzibati güzəştlər təqdim edilməklə, yeni iş yerlərinin açılması üçün şərait yaradılmalıdır”.

Deputat qeyd edib ki, məşğulluğun təmin edilməsi yalnız dövlətin üzərinə düşən məsuliyyət olmamalıdır:

“Bu prosesə özəl sektor da fəal şəkildə cəlb edilməli, sahibkarlıq subyektlərinə əlavə imkanlar və imtiyazlar verilməlidir. Məsələn, yeni iş yerləri açan sahibkarlara müəyyən müddətə vergi güzəştləri tətbiq oluna və bu istiqamətdə əlavə dəstək mexanizmləri yaradıla bilər. Belə addımlar atıldığı təqdirdə, işsizlik probleminin qarşısını qismən almaq mümkündür. Bu fonda hökumətin üzərinə böyük məsuliyyət düşür. Xüsusilə gənclərin məşğulluğu təmin olunmalıdır. Çünki işsizlik bir çox sosial problemlərin yaranmasına səbəb ola bilər, o cümlədən zərərli vərdişlərin yayılması və qanunazidd davranışların artması riskini yüksəldir. Bu səbəbdən gənclərin işlə təminatı məsələsinə xüsusi diqqət ayrılmalı, dövlətlə yanaşı, sahibkarlar və kommersiya qurumları da bu prosesdə aktiv iştirak etməlidirlər. Hökumət isə sahibkarlıq subyektlərinə daha geniş imkanlar yaradaraq, onların yeni iş yerlərinin açılmasında maraqlı olmasını stimullaşdırmalıdır”.

İqtisadçı Natiq Cəfərli isə bildirib ki, dövlət büdcəsində qənaət rejiminin tətbiq edilməsi bir neçə dəfə gündəmə gətirilib:

“Bu barədə müxtəlif dövlət orqanları da məlumatlar verib. Buna görə də yaxın dövrdə dövlət sektorunda, o cümlədən büdcə təşkilatlarında müəyyən ixtisarların aparılması ehtimal olunur. Özəl sektorda isə vergi yükünün artması fonunda bəzi müəssisələrin işçi sayını azaltmaq qərarı verməsi mümkündür. 2026-cı il iqtisadi baxımdan kifayət qədər çətin dövr ola bilər”.

Chosen
11
1
konkret.az

2Sources