EN

İsveçin “Agenda Nexus” nəşrində Azərbaycanın qələbəsi və Cənubi Qafqazda yeni geosiyasi nizam barədə məqalə dərc olunub

İsveçin “Agenda Nexus” analitik platformasında Azərbaycanın Zəfər Gününə və onun Cənubi Qafqazda yeni reallıqların formalaşmasındakı roluna həsr edilmiş “Qafqazı dəyişdirən qələbə” adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, müəllif qeyd edir ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi otuz illik işğala son qoyaraq sülh, enerji əməkdaşlığı və regional inteqrasiya dövrünün başlanğıcını qoyub. Məqalədə vurğulanır ki, Azərbaycan hərbi üstünlüyü diplomatik çevikliklə birləşdirərək öz ərazi bütövlüyünü bərpa edib və regionda sabitliyin möhkəmlənməsini təmin edib.

Xüsusi diqqət Zəngəzur dəhlizi layihəsinə yönəldilib. Müəllifin fikrincə, bu layihə Cənubi Qafqazın yeni arxitekturasının əsas elementi ola bilər. Dəhliz Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası, Türkiyə və Avropa ilə birləşdirərək Xəzər və Aralıq dənizləri arasında strateji nəqliyyat-enerji arteriyasına çevriləcək.

Məqalədə, həmçinin qeyd olunur ki, layihənin reallaşması yalnız Azərbaycana deyil, həm də əməkdaşlıq yolunu seçərsə, Ermənistana fayda gətirə bilər. Regional təşəbbüslərdə iştirak bu ölkənin iqtisadi dirçəlişinə töhfə verə bilər.

Müəllif vurğulayır ki, Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması və münasibətlərin normallaşdırılması istiqamətində danışıqlar davam edir.

Məqalənin sonunda qeyd edilir ki, Azərbaycanın qələbəsi təkcə hərbi uğur deyil, həm də yeni bir dövrün – əməkdaşlıq, inkişaf və ümidin başlanğıcıdır. Müəllifin fikrincə, Cənubi Qafqaz keçmiş düşmənlərin tərəfdaşlara çevrildiyi, müharibənin isə yerini sülhə və yaradıcılığa verdiyi bir nümunəyə çevrilə bilər.

Chosen
15
3
yeniazerbaycan.com

4Sources