EN

9 noyabr 1989 cu il: adi bir NBA axşamını sağqalma marafonuna çevirən oyun

Idman.biz saytına istinadən ain.az xəbər verir.

1989-cu ilin 9 noyabrında Milvokidə bu günə qədər sağlam düşüncəyə və insan bədəninin imkanlarına meydan oxuyan hadisə kimi xatırlanan oyun keçirildi.

İdman.Biz xəbər verir ki, adi mövsümün erkən mərhələsində “Miluoki Baks” və “Sietl Supersoniks” arasında keçirilən matç NBA tarixinin ən uzun və ən ağır qarşılaşmalarından birinə çevrildi: beş overtaym, 155:154 hesabı və demək olar ki, 4.5 saat davam edən basketbol dəliliyi...

Əsas vaxt 103:103 hesabı ilə bitəndə, heç kim qarşıda komandaları faktiki olaraq əlavə daha bir yarım oyun gözlədiyini təsəvvür etmirdi. Hər beş dəqiqəlik əlavə vaxt oyuna nöqtə qoymaq üçün şans verirdi və hər dəfə kimsə hədəfi qaçırırdı, top itirirdi və ya cərimə zərbəsi xəttində təzyiqə tab gətirmirdi. “Baks” oyunu bağlamaq imkanını əldən verirdi, “Supersoniks” isə Deyl Ellis və Ksavye Makdenielin atışları ilə cavab verirdi. Hamı səhv edirdi, amma heç kim təslim olmurdu.

Matç təkcə taktika deyil, həm də dözümlülük savaşına çevrildi. Ellis meydanda NBA üçün rekord olan 69 dəqiqə keçirdi və 53 xal topladı, məğlubiyyətə baxmayaraq, gecənin əsas qəhrəmanı olaraq qaldı. Makdeniel 37 xal, Derrik Makki isə 24 xal əlavə etdi.

“Baks” tərəfdə isə vurğu tək bir ulduzun deyil, heyətin üzərində idi: Rikki Pirs skamyadan gələrək 36 xal topladı, Alvin Robertson 28, Cek Sikma isə 23 xal ilə oyunu gərginlikdə saxladı. Dördüncü və beşinci əlavə vaxtlara doğru komandalar artıq azalmış heyətlə oynayırdı: fauollar, yorğunluq və məcburi rotasiya hər uğurlu epizodu qəhrəmanlığa çevirirdi.

Həlledici epizod beşinci əlavə vaxtda baş verdi. Hesab 146:146 ikən “Miluoki” nəhayət qələbəyə aparan hücum seriyasını tapdı: Toni Braun uzaq məsafədən vurdu, Robertson xal qazandırdı, Ceff Qreyers isə keçidlə xal aldı — “Baks” hesabı +9-a çıxardı və sanki hər şey həll olundu. Amma “Sietl” hətta burada da təslim olmadı — fərqi bir hücumluq səviyyəyə endirdi və son hücuma qədər gərginlikdə saxladı. Makdeniel üçlükdən atdı, pauza, dəyişən nəticə… sirena. 155:154. “Miluoki” tab gətirdi.

Bu matç bir neçə səbəbə görə tarixə düşdü. O, NBA-da beş əlavə vaxta qədər gedən cəmi iki matçdan biri oldu və 24 saniyəlik hücum müddəti qaydası dövründə ən uzun oyun kimi qeydə alındı. 24 saniyəlik qayda olmadığı dövrlərdə isə NBA tarixinin ən uzun oyunu 1951-ci ilin yanvarın 6-da “İndianapolis Olimpians” və “Roçester Royals” arasında baş tutmuşdu (75:73), o zaman oyun altı overtaym davam etmişdi.

1989-cu ildəki matçın iştirakçıları sonradan etiraf edirdilər ki, özlərini meydanda sanki bir sutka keçirmiş kimi hiss edirdilər, “Baks”ın baş məşqçisi Del Harris isə oyunsonrası deyirdi ki, matçın sonuna yaxın belinin tutulduğunu hiss edib.

Amma bu oyunun əsas irsi təkcə rəqəmlərdə deyil, hissdə idi: həmin axşam adi, turnir əhəmiyyəti olmayan mövsümi oyun dözümlülüyün sərhədlərini sınayan əsl döyüşə çevrildi. Qalib yalnız bir nəfər olsa da hər iki komanda həmin günü əfsanəyə döndü...

Daha bir təsadüf - bu matç davam edən vaxt Avropanın bir ərazisində Berlin divarı uçurdulurdu…

Teymur Tuşiyev

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
1
icma.az

2Sources