EN

“Parad Azərbaycanın gələcəyə doğru inamla irəlilədiyini göstərir” - ŞƏRH OLUNDU

“Zəfər Günü münasibətilə keçirilən hərbi parad və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu tədbirdəki çıxışı ölkəmizin əldə etdiyi tarixi uğurları dəyərləndirmək və qlobal hadisələr fonunda Azərbaycanın tutduğu mövqeyi bir daha nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Deputat bildirib ki, cənab Prezident çıxışında vurğuladı ki, bu zəfər asan başa gəlməyib: “Bu qələbə Azərbaycan xalqının iradəsi, birliyi, mübarizliyi və rəşadəti nəticəsində qazanılıb. Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlığı, Azərbaycan əsgərinin fədakarlığı və dövlət rəhbərliyinin siyasi iradəsi bu uğurun əsas dayaqlarıdır. Prezident İlham Əliyev həmçinin qeyd etdi ki, bu qələbə dünya birliyinə də bir mesajdır: münaqişələrin həlli sülh, əməkdaşlıq və beynəlxalq hüquq çərçivəsində təmin olunmalı, müharibələrə, təcavüzkarlığa son qoyulmalıdır.

Çıxışda Azərbaycanın mübariz və yenilməz bir xalq kimi tanındığı vurğulandı. Xalqımız bu zəfərdə öz torpağına, dövlətinə və ordusuna sadiqliyini göstərdi. Əldə olunan qələbə Azərbaycanın milli həmrəyliyinin, güclü dövlət idarəçiliyinin və xalq-ordu birliyinin bariz nümunəsi oldu.

Tədbirdə qardaş ölkələr Türkiyə və Pakistanın dövlət başçılarının iştirakı isə xüsusi simvolik məna daşıyırdı. Bu, həm mənəvi, həm də siyasi dəstəyin, eləcə də hərbi əməkdaşlığın bir göstəricisi idi. Bu iştirak, regional həmrəyliyin və dostluğun nə qədər güclü olduğunu nümayiş etdirdi.

Keçirilən hərbi parad yüksək səviyyədə təşkil olunmuşdu və bu tədbirdə iştirak edən hərbçilərin intizamı, birliyi və döyüş ruhu ölkənin gücünü, müasir və qüdrətli ordusunu nümayiş etdirdi. Prezidentin qeyd etdiyi kimi, parad iştirakçıları dövlətimizin rəmzinə və qəhrəmanlıq nümunəsinə çevrilmişdilər.

Bu çıxış və parad Azərbaycanın gələcəyə doğru inamla irəlilədiyini, qazandığı zəfəri sülh, sabitlik və əməkdaşlıq üçün dəyərləndirdiyini bir daha təsdiqlədi”.

Müəllif: Səbinə Hüseynli
Chosen
36
1
sia.az

2Sources