
Beynəlxalq Valyuta Fondunun (BVF) 2025-ci ilin oktyabr ayına dair hesabatına əsasən, ümumi daxili məhsul (ÜDM) göstəricisinə görə dünyanın ən varlı ölkələrinin yeddisi Avropadadır.
Reyting.az xəbər verir ki, siyahı adambaşına düşən gəlir səviyyəsinə görə tərtib edilib.
Bu ölkələr azsaylı əhalisi və güclü sosial təminat sistemi ilə seçilirlər.
Siyahıya 231 713 ABŞ dolları adambaşına gəlirlə Lixtenşteyn liderlik edir. Burada yüksək gəlir səviyyəsi, əsasən, ölkəyə gündəlik işləməyə gələn çoxsaylı əcnəbi vətəndaşların fəaliyyəti ilə izah olunur.
İkinci yerdə oxşar səbəblərlə Lüksemburq qərarlaşıb.
Üçüncü pillədə isə 129 132 ABŞ dolları göstərici ilə İrlandiya yer alıb. Qeyd olunur ki, dünyanın aparıcı texnoloji şirkətlərinin əksəriyyətinin Avropadakı qərargahları məhz İrlandiyada yerləşir və bu amil ölkənin iqtisadi göstəricilərinə ciddi təsir göstərir.
Növbəti yerlərdə İsveçrə, İslandiya və Sinqapur qərarlaşıblar. Yeni göstəricilərə əsasən, bu ölkələrdəki yüksək gəlir səviyyəsi real rifah göstəricisini əks etdirir.
Xüsusilə Sinqapur 1980-ci ildən bu yana adambaşına düşən gəliri 19 dəfə artıraraq, dünyanın əsas maliyyə və ticarət mərkəzlərindən birinə çevrilib.

Oqtay QORÇU