EN

İranda görünməmiş quraqlıq: Böyük şəhərlər və paytaxt susuz qalıb...

Təbriz, Məşhəd və Tehranda su ehtiyatları tükənir, hökumət gecə saatlarında suyu kəsir...

Poliqon xəbər verir ki, İranda son onilliklərin ən ağır quraqlığı hökm sürür. Fransanın Le Monde nəşrinin məlumatına görə, ölkənin bir çox iri şəhərlərində, o cümlədən paytaxt Tehranda su ehtiyatları təhlükəli həddə enib. Beş bənd vasitəsilə su ilə təmin olunan Tehranda vəziyyət kritikdir: onlardan biri tamamilə quruyub, digərində isə su ehtiyatı 8 faizdən də aşağı düşüb.

Rəsmilər enerji və resurslara qənaət məqsədilə gecə saatlarında şəhər üzrə suyun verilməsinin dayandırılacağını açıqlayıb. Hökumət hesab edir ki, bu tədbir ölkə üzrə ümumi su balansını qismən sabit saxlamağa kömək edə bilər.

İranın ikinci böyük şəhəri və əsas dini mərkəzi olan Məşhəddə də vəziyyət daha dramatikdir. Şəhər əhalisi gündə təxminən 700 min kubmetr su istehlak edir, lakin onu təmin edən dörd bənddə su səviyyəsi cəmi 3 faizə enib.

Ümumilikdə, ölkənin 31 vilayətindən 15-də payız mövsümü ərzində bir damcı da yağış düşməyib. Meteoroloqlar Tehrandakı yağıntı səviyyəsini “son yüz ilin ən aşağı göstəricisi” adlandırır.

Prezident Məsud Pezeşkiyan xəbərdarlıq edib ki, əgər ilin sonuna qədər yağış yağmasa, paytaxt Tehranın bəzi bölgələrinin təxliyə olunması gündəmə gələ bilər. O bildirib ki, bu böhran yalnız təbii fəlakət deyil, həm də infrastrukturun dayanıqlığı üçün ciddi sınaqdır.

Poliqon.info

Chosen
19
12
poliqon.info

10Sources