Fransa Milli Assambleyasının “Respublika Uğrunda Sağlar İttifaqı” partiyasından olan deputat Jeraud Verninin evi naməlum şəxslər tərəfindən qarət edilib.
Doğru.az xəbər verir ki, bu barədə məlumatı Le Figaro yayıb. Qəzetin yazdığına görə, başlıqlı və əlcəkli dörd nəfər quldur deputatın evinə soxulub. Hadisə zamanı evdə yalnız siyasətçinin həyat yoldaşı olub və o, quldurlar tərəfindən zorakılıqla itələnib.
> “Oğurlanan əşyalar arasında bir neçə saat, pul və seyf də var,” – deyə qəzet qeyd edir.
İlkin məlumatlara görə, cinayətkarlar oğurluğu əvvəlcədən planlaşdırıblar, çünki hadisə yerindən qaçmaq üçün onları evin yaxınlığında avtomobil gözləyirmiş.
Qeyd edək ki, bu, Fransada son vaxtlar baş verən yüksək səviyyəli oğurluq hadisələrindən biridir. Oktyabrın 19-da dörd nəfərdən ibarət başqa bir qrup Paris Luvr Muzeyindən III Napoleon və İmperator Yevgeniyə məxsus zərgərlik kolleksiyasından doqquz əşya oğurlamışdı. Həmin oğurluq nəticəsində 88 milyon avro zərər dəymişdi.
DOĞRU.AZ