EN

Türk dünyasının ortaq mirası - Atatürk 

1938-ci ilin bu günündə Türk dünyasının böyük liderlərindən biri, müasir Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfat xəbəri elan edildi.

Türk xalqını yasa boğan bu xəbər dünyanı da dərindən kədərləndirmişdi. Onun vəfatı ilə əlaqədar  dünya mətbuatında yazılanlar bunu sübut edir.

Dünya mediasında yazılanlar

Dünyanın əksər ölkələrinin mətbuatında Atatürkün vəfatı ilə əlaqədar yazılara geniş yer verilmişdi, məsələn, Danimarkanın "National Tidence" nəşri Atatürkü XX əsrin möcüzəsi adlandırmışdı.

Böyük Britaniyanın “Daily Telegraph” nəşri: “Qadınlar başqa heç bir ölkədə bu qədər sürətlə irəliləməmişdir. Bir millətin bu dərəcədə dəyişməsi tarixdə həqiqətən, bənzəri olmayan hadisədir”.

Almaniyanın "Börsen-Zeitung" nəşri: “Almanya Atatürkün əsərinə və mücadiləsinə heyrandır və onun simasında tarixi yaradıcılığı bütün azadlıqsevər xalqlar üçün simvol olaraq qalacaq qüdrətli şəxsiyyət görür”.

Fransada nəşr olunan "L’Illustration": “Tarix çox böyükləri-İsgəndərləri, Napoleonları, Vaşinqtonları gördü. Fəqət XX əsrdə böyüklük rekordunu Atatürk, bu Türk oğlu Türk qırdı”.

Avstryanın "Neue Freie Presse" nəşri: "Türk xalqı xilaskarını və atasını itirdi".

Bu siyahını xeyli uzatmaq olar. Atatürkün şəninə təriflər yazılması heç də təsadüfi deyildi.  Atatürk bir hərbçi, paşa olmasına və ömrünün xeyli hissəsini müharibədə keçməsinə baxmayaraq, savaşı sevmirdi. O, müharibəni ancaq özünümüdafiə üçün ən axırıncı variant sayırdı. Bu işıqlı və dahi lider sülhü təkcə öz ölkəsi üçün yox, bütün dünya üçün istəyirdi və deyirdi: "Yurdda sülh, dünyada sülh!".
Atatürkün ağır müharibədən güc-bəla ilə qalib çıxmış, xeyli problemlərlə üz-üzə qalmış türk milləti üçün cümhuriyyət rejimi quraraq, ona ərmağan etdi. Digər yandan millətin təhsil səviyyəsinin artırılması üçün ciddi islahatlar apardı. Özü şəxsən tarix kitabları yazdı. Hərf inqilabı ilə oxuma-yazma faizini yüksəltdi. Türk İş Bankını, fabrik və zavodları tikdirdi ki, bu da ölkənin iqtisadi durumunu qaldırdı. 

Atatürk və qadınlar

Atatürkün qadınlarla bağlı siyasəti o dövrün çox irəlisindəydi. Məhz Atatürk sayəsində türk qadını çox böyük hüquqlar əldə etmişdi. Cümhuriyyət qurulana qədər siyasət və cəmiyyətin müxtəlif sferalrında ya mövcud olmayan, ya da arxa planda qalmış qadınlar indi “fikri hür, vicdanı hür” fərdlər olaraq cəmiyyətin hər sahəsində öz yerlərini tapa bilirdilər. Məhz Atataürk sayəsində dünyada ilk hərbi pilot bir türk - Sabiha Göçken - olmuşdu. Onun həyatı dahi liderlə görüşdən sonra dəyişmişdi.

Atatürk türk qadınına seçmə və seçilmə hüququ verdi.

Atatürk türk qadınının ünvanın həmişə təriflər yağdırır və onun imkanlarının nə qədər geniş olduğunu dilə gətirirdi. O deyirdi: “Ey qəhrəman türk qadını sən yerlərdə sürünməyə yox, çiyinlər üstündə göylərə yüksəlməyə layiqsən”.
Atatürkün qadınlara verdiyi önəm onu digər müasirlərindən ciddi şəkildə fərqləndirirdi. Mustafa Kamal düşünürdü ki, dünyada hər şey qadının əsəridir. Bu gün üçün bu ifadələr sadə görünsə də, o dövr üçün belə fikir hər liderdən eşidilə bilməzdi.

Atatürk haqda öz dövrünün liderlərinin söylədiyi sözlər

Atatürk haqda XX əsrin dünya liderlərinin səsləndirdiyi fikirlər də olduqca maraqlıdır. Maraqlıdır ona görə ki, həmin liderlərindən bəzilərinə qarşı Atatürk mübarizə aparmış, onları məğlub etmişdi, bəziləri ilə də ideoloji cəhətdən tamamilə zidd mövqedə idi.

Böyük Britaniya Baş naziri Vinston Çörçil Atataürkün ölümündən sonra belə demişdi:

“Müharibədə Türkiyəni xilas edən, sonra türk millətini dirildən Atatürkün ölümü təkcə ölkəsi üçün deyil, Avropa üçün də ağır itkidir. Onun ardınca bütün təbəqələrdən insanların axıtdığı səmimi göz yaşları bu böyük qəhrəmana və müasir Türkiyə Atasına layiqli hörmətdən başqa bir şey deyil”.

Sosialist inqilabın banisi Lenin:

“Mustafa Kamal sosialist deyildi. Fəqət görünür ki, o, yaxşı bir təşkilatçı, yüksək düşüncəli və ağıllı bir öndərdir.  O oğrulara qarşı bir qurtuluş savaşı aparır. İmperialistlətin qürurunu sındıracağına və Sultanı da əyanı ilə birlikdə məğlub edəcəyinə inanıram”.

ABŞ lideri Ruzvelt isə onunla görüşmək imkanından məhrum olduğu üçün kədərlənirdi:

“Kədərlənirəm ki, bu adamla görüşməyi ciddi şəkildə arzulasam da, artıq buna imkanın olmayacaq”.

Atatürk və Azərbaycan

Azərbaycan da həmişə dahi Atatürkün diqqət mərkəzində olub. 

1921-ci ildə Ankarada Azərbaycan səfirliyi açılır. Səfirlik önündə bayrağı qaldıran şəxsən Atataürk olur. Səfirlik binası önündə çıxışı isə olduqca diqqətçəkəndir:

“Rum eli və Anadolu xalqı Azəri qardaşlarının qəlbini öz ürəkləri kimi bilirlər. Buna görə də gətirdiyiniz salam hədiyyəsinin nə qədər dərin və uca bir hissin əsəri olduğunu bilir və bu salamı alarkən Azəri türklərinin bir daha əsarətə düşməmələrini və haqlarının ayaqlar altına alınmamasını istəməkədirlər. Azəri türklərinin dərdləri öz dərdlərimiz və sevincləri öz sevincimiz olduğu üçün onların arzularına çatmaları, azad və müstəqil olaraq yaşamaqları bizi çox sevindirir.

Türkiyə Böyük Millət Məclisi və hökumətinin iki qardaş millət arasında bağ və əlaqənin daha sağlam və dayanıqlı bir formaya salması üçün var gücü ilə çalışacağını və bu mövzuda sizə lazım olan hər cür yardımı göstərəcəyini ərz edirəm”.  

Stalinin təkidi, Orcenikidzenin səyi ilə 1920-ci ilin dekabrın 1-də Zəngəzurun, Naxçıvanın, Qarabağın Ermənistana verilməsi barədə bəyanat səsləndirən N.Nərimanovu çıxılmaz vəziyyətdən  Atatürk çıxarıb. Türkiyə-Rusiya danışıqlarında Türkiyənin nümayəndə heyəti Naxçıvanın Azərbaycanın tərkibində saxlanılmasında təkid edib.
Atatürkün direktivində danışıqlarda iştirak edən nümayəndələrə Azərbaycanın parçalanmasına yol verməmək üçün konkret tapşırıqlar vardı: "10 sentyabr 1920-ci ildə ruslar və ermənilər arasında imzalanan atəşkəs anlaşmasında Azərbaycana zərər verəcək maddələrin çıxarılmasına çalışılacaq və hər millətin müqəddəratına hakim olması düsturuna əsasən, Qarabağ kimi türk əksəriyyətin məskun yerlərin Azərbaycana bağlı olması təmin ediləcəkdir".

Göründüyü kimi, Atatürk Naxçıvanın, Qarabağın Azərbaycanın tərkibində olmasında israrlıydı. Və danışıqlarda da bu iddianı təmin etdi.

Mustafa Kamal Paşa nümayəndə heyətinə, ordu komandanlığına tapşırırdı ki, Azərbaycanın bütövlüyü məsələsində ruslara qarşı diplomatik gedişlər edilməlidir. Başlıcası isə rusları inandırmaq lazımdır ki, onların Azərbaycana qarşı həyata keçirəcəkləri siyasət "İslam aləminin bolşevikləri sınamaq üçün" yetərlidir. Yəni Azərbaycana qarşı hər hansı haqsızlıq əski Çar Rusiyasındakı müsəlmanları, türkləri qıcıqlandıracaq və bolşeviklər bundan ziyan çəkəcəklər.

Heydər Əliyevin Atatürk haqda düşüncələri

Ümummili lider Heydər Əliyev Atatürkün yaratdığı Türkiyənin sadəcə Türkiyə dövləti üçün deyil, bütün Türk dünyası, özəlliklə də Azərbaycan üçün önəmli olduğunu bildirib.

Atatürkü Türk dünyasının tarixi boyunca ortaya çıxardığı ən böyük dövlət adamı kimi dəyərləndirən Heydər Əliyev zamanında Türkiyə Böyük Millət Məclisindəki çıxışında bunları söyləmişdi: “Məndən soruşsanız ki, Atatürkün türk millətinə verdiyi ən böyük əsər nədir? – cavab verməyə çətinlik çəkərəm. Amma bunu cəsarətlə iddia edə bilərəm ki, Atatürkün özündən sonra nəsillərə miras qoyduğu ən önəmli əsər yaratdığı, qurduğu və yaşatdığı Türkiyə dövlətidir!”

Atatürkün Azərbaycanda tanınması, zəngin irsinin öyrənilib yayılması məqsədilə Azərbaycanda Atatürk Mərkəzini quran Heydər Əliyev 1994-cü il fevralın 8-də Türkiyə Böyük Millət Məclisindəki tarixi çıxışında deyib: “Azərbaycan xalqı milli müstəqillik yollarında milli dövlətini qurarkən özünə rəhbər olaraq Mustafa Kamal Atatürkü görmüş və Türkiyə dövlətinin təcrübəsindən faydalanmışdır”.

Sonda qeyd etmək yerinə düşər ki, Atatürk Türk dünyasının ortaq mirasıdır. Onun görüşləri, fikirləri, öyüd və nəsihətləri bu gün də aktualdır. Atatürk gəncliyə olduqca böyük ümid bəsləyən və inanan bir tarixi şəxsiyyət olub. Bu gün gənclərin onun düşüncələrini daha yaxından öyrənib öz həyatlarında tətbiq etməsi, heç şübhəsiz ki, günü-gündən güclənən Türk dünyasını daha da qüvvətləndirəcəkdir. 

Dahi liderin "Vətənini ən çox sevən işini ən yaxşı görəndir" ifadəsi isə həyat düsturumuza çevrilməlidir.

Allah türk xalqının azadlığının itməsinə icazə verməyən, xalqı ətrafında birləşdirməyi bacararaq, bütün Türk dünyası üçün vacib olan Türkiyə Cümhuriyyətini quran Qazi Mustafa Kamal Atatürkə rəhmət eləsin!

Chosen
22
1
modern.az

2Sources