Bakı, 10 noyabr, AZƏRTAC
Noyabrın 10-da Bişkek şəhəri Kitabxanalar Şəbəkəsinin baş ofisində 44 günlük Vətən müharibəsində Qələbənin 5 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və Bişkek Şəhəri Kitabxanalar Şəbəkəsinin təşkilatçılığı ilə baş tutub.
Fonddan AZƏRTAC-a bildirilib ki, tədbirin əvvəlində noyabrın 8-də Bakıda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilmiş Hərbi paradla bağlı videoçarx nümayiş etdirilib.
Zəfər bayramına həsr olunmuş tədbirdə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov və Bişkek Şəhəri Kitabxanalar Şəbəkəsinin baş direktoru Gülsayra Dandıbayeva çıxış edərək, 44 günlük müharibənin tam xronologiyası haqqında məlumat veriblər.
Nüsrət Məmmədov çıxışında şanlı Qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsinin səbəbləri və tarixi haqqında geniş məlumat verib. O, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 il işğal altında qalan torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərdiyi möhkəm siyasi iradə və qüdrətli Azərbaycan Ordusunun apardığı 44 günlük müharibə nəticəsində azad edildiyini və ərazi bütövlüyünün təmin olunduğunu bildirib. N.Məmmədov, həmçinin Azərbaycanın münaqişənin həlli yolunda atdığı addımlar və beynəlxalq təşkilatların qətnamələri haqqında da məlumat verib.
Gülsayra Dandıbayeva isə çıxışında Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan xalqının yaşadığı məhrumiyyətləri daha yaxşı anlamaq üçün Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qısa məlumat verib. O, azərbaycanlıların erməni qüvvələri tərəfindən əvvəlcə Ermənistan ərazisindəki doğma tarixi yurdlarından, daha sonra isə Azərbaycanın Qarabağ torpağından didərgin salındığını qeyd edib. Müharibədən sonrakı proseslərdən danışan G.Dandıbayeva Azərbaycan hökumətinin işğaldan azad olunmuş ərazilərdə dərhal genişmiqyaslı yenidənqurma işlərinə başladığını, qısa müddət ərzində yeni müasir yollar, körpülər, hava limanları, ağıllı kəndlər və şəhərlər tikildiyini vurğulayıb. O, daha sonra Qırğızıstanın da bu işlərdən kənar qalmadığını xüsusi olaraq qeyd edib. Belə ki, 2024-cü il aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndindəki tam orta məktəbin birgə təməlqoyma mərasimində iştirak ediblər. Qırğızıstanın vəsaiti hesabına Ağdamda tikilən bu orta məktəb qardaş ölkəyə hədiyyədir.
Tədbirin sonunda isə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Bişkekdə nəşr etdirdiyi “Müzəffər Ali Başkomandan: Sən azadsan, əziz Şuşa!” kitabı kitabxanalar şəbəkəsinə hədiyyə edilib.
Fondun sifarişi ilə nəşr edilən bu kitab 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti ilə başlayır. Kitabda 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin müsahibələri, bəyanatları, görüşləri və digər materiallar xronoloji ardıcıllıqla verilib. Yüksək poliqrafik keyfiyyətdə çap edilmiş 532 səhifəlik bu kitab uzun illərdir Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu tərəfindən hazırlanaraq çap edilib. Qeyd edək ki, Orta Asiya regionunda Ulu Öndər Heydər Əliyevin müqəddəs irsinin, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətinin, Azərbaycan tarixinin, mədəniyyətinin və ədəbiyyatının tədqiqi və təbliği sahəsində səmərəli fəaliyyət göstərən bu Fondun rəhbəri, böyük vətənpərvər və xeyriyyəçi, “Dostuk” ordenli Nüsrət Məmmədovdur. Kitabı tərtib edən isə tanınmış jurnalist Vəli Əkbərdir.
Kitab Azərbaycan Prezidentinin 2020-ci il noyabrın 8-də dediyi tarixi sözləri ilə bitir: “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”