EN

Yaponiya və Çin arasında yeni gərginlik - SƏBƏB

Yaponiyanın Osaka şəhərində fəaliyyət göstərən Çin baş konsulu Xue Jian, sosial mediada paylaşdığı hədələyici mesaj səbəbilə iki ölkə arasında gərginliyə səbəb olub.

"Cebheinfo.az" xəbər verir ki, Jian Yaponiyanın yeni baş naziri Sanae Takaiçini Tayvanla bağlı açıqlamalarına görə “boynunu kəsməklə” hədələyib.

Çinli diplomat "X" hesabında Baş nazir Takaiçinin “Çin Tayvana hücum edərsə, Yaponiyanın reaksiyası necə olacaq?” mövzusunda olan bir məqaləni sitat gətirərək belə yazıb:

“Bizə tərəddüd etmədən hücum edən o çirkli boynu kəsməkdən başqa çarəmiz yoxdur”.

Jian paylaşımına “Hazırsınızmı?” ifadəsini də əlavə edib. Bu sözlər Baş nazir Takaiçiyə qarşı açıq təhdid kimi dəyərləndirilib.

Reaksiyalardan sonra paylaşım tez bir zamanda silinsə də, mesajın ekran görüntüləri sosial mediada sürətlə yayılıb.

Hadisədən sonra Yaponiya hökuməti Çinə diplomatik nota təqdim edib. Xarici İşlər Nazirliyinin sözçüsü paylaşımı “son dərəcə yolverilməz” adlandıraraq Çinli diplomatdan izahat tələb olunduğunu bildirib.

Yaponiyanın Pekindəki səfirliyi və Xarici İşlər Nazirliyi Çin hökumətindən paylaşımın rəsmi şəkildə geri çəkilməsini istəyib.

Çin Xarici İşlər Nazirliyi hadisə ilə bağlı birbaşa açıqlama verməyib, lakin diplomatik dairələrdə Jianın bu ifadələrinin Pekin rəhbərliyi ilə razılaşdırılıb-razılaşdırılmadığı müzakirə mövzusuna çevrilib.

Müzakirələrə ABŞ-nin Yaponiyadakı səfiri Corc Glass da qoşulub. Glass, Jianın sözlərini sərt şəkildə tənqid edərək belə deyib:

“Bu, sadəcə bir təhdid deyil, maskanın bir daha düşdüyünü göstərir”.

Chosen
43
1
cebheinfo.az

2Sources