EN

Hamilə qadınların “səhlənkarlıq” adlı qatilləri: 2025-ci ilin qorxunc rəqəmləri

 

Azərbaycanda növbəti dəfə hamilə qadının ölümü qeydə alınıb.

Ötən gün İmişli rayonunun Cəfərli kənd sakini, 1983-cü il təvəllüdlü Mirvari Əbülfət qızı Hətəmova 9 aylıq hamiləlik sancıları ilə İmişli doğum evinə yerləşdirilib. Məlumatlarda deyilir ki, Doğuş prosesində halı pisləşən 42 yaşlı qadın doğuş stolunda uşaq dünyaya gətirmədən ölüb.

16:30 radələrində 39-40 həftəlik hamiləlik diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan hamilə qadında doğuş prosesi başlamazdan əvvəl arterial təzyiqin anidən yüksəlməsi müşahidə edilib. 17:40 radələrində hamilənin və dölün bioloji ölüm faktı qeydə alınıb.

Mərhumun həyat yoldaşı Daşqın Əhmədovun sözlərinə görə, həyat yoldaşının yüngül sancıları başlayanda onu dərhal xəstəxanaya aparıblar:

Həkimlərə təhvil verdik və gözlədik, bizə məlumat verdilər ki, orada gözləməyək və evə gedək. Biz isə evə çatanda xəbər gəldi ki, ana xəstəxanada dünyasını dəyişib”.

Yəqin ki, bu hadisənin Azərbaycanda adi hala çevrilmiş “həkim səhlənkarlığı” olub olmadığını istintaq orqanları ortaya çıxaracaq. Çünki belə hallar son bir ildə daha çox artıb.

İlin əvvəlindən qeydə alınan hamilə qadın ölümlərinin sayına baxanda qorxunc rəqəmlər ortaya çıxır.

1. Naxçıvanda 21 yaşlı hamilə qadın -2004-cü il təvəllüdlü Gülcan İlham qızı Məhərrəmova təcili yardım avtomobilində ölüb – yanvar

2.Şəki Regional Perinatal Mərkəzində Zunud kənd sakini 1998-ci il təvəllüdlü Nigar Kərəm qızı Qarayeva doğuşdan sonra ölüb – fevral

3.Kəlbəcər rayon sakini N.Cəbrayılova 9 aylıq hamiləlik diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Lakin onu və bətnindəki körpənin həyatını xilas etmək mümkün olmayıb – fevral

4. Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Z.Yusifova və körpəsi Gəncə şəhərində yerləşən xəstəxanaların birində doğuş zamanı keçinib – mart

5.Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum Evi şöbəsində , 1997-ci il təvəllüdlü Firuzə Şakir qızı Qaçaylı doğuşdan sonra ölüb. 28 yaşlı ananın körpəsi sağ qalıb- mart

6. Masallı Rayon Mərkəzi Xəstəxanasında 36 yaşlı Nərmin Mehbalıyeva doğuşdan sonra dünyasını dəyişib- aprel

7. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzdə İmişli rayonunun Yalavac kənd sakini, 33 yaşlı Şəbnəm Kərimovanın doğuş zamanı ölüb…

8.Naçxıvanda müayinəyə gələn hamilə – 1999-cu il təvəllüdlü Aysel Taleh qızı Teymurova Perinatal Mərkəzdə vəfat edib- avqust

9. Masallı rayon mərkəzi xəstəxanasına yerləşdirilən rayonun Avur kənd sakini 1993-cü il təvəllüdlü Afət Abbasova orada ölüb -avqust

10. Qusar Rayon Mərkəzi Xəstəxanasına gətirilən Xuray kənd sakini Yasəmən Ospatova doğuşdan sonra həyatını itirib.- avqust

Təssüflə qeyd edirik ki, bu hələ yüngülvari bir araşdırmanın nəticəsidir. Elmin, texnikanın yüksək inşaf etdiyi indiki dövrdə doğuş zamanı ölən analarının sayının azalması əvəzinə, əksinə artması səhiyyə və TƏBİB üçün bir SOS siqnalı olmalıdır.

Azərbaycanda 2020-ci il – 20 ana, 2021-ci il – 20 ana , 2022-ci il – 18 ana, 2023-cü il – 33 ana, 2024-cü il – 29 ana əsasən həkim səhlənkarlığından və digər səbəblərdə dünyasını dəyişib.

Əntiqə Rəşid

Chosen
47
nocomment.az

1Sources