EN

Avropa böcək yeməyə başlayıb – Bəs Azərbaycanda bu qidalar leqal ola bilərmi?

Avropa İttifaqında artıq bəzi böcək növləri qida kimi təsdiqlənib. Bu isə ictimaiyyətdə və ekspert dairələrində geniş müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı KONKRET.az-a danışan qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, Avropada böcək mənşəli qidaların leqallaşdırılması əsasən kommersiya maraqları ilə bağlıdır.

Dəniz

Ekspertin sözlərinə görə, Avropa ölkələri iqlim dəyişiklikləri, ərzaq və qida təhlükəsizliyi kimi məsələləri əsas gətirərək alternativ qida mənbələri axtarır:

“Avropa dəfələrlə alternativ qida mənbələri kimi böcək unu və qurdlu şokolad kimi təkliflərlə çıxış edib. İndi də böcəklərin qida kimi təqdim olunması müəyyən maraqlardan qaynaqlanır. Qida təhlükəsizliyi və davamlı istehsal məsələlərini önə çəksələr də, əslində bu, müəyyən şirkətlərin gəlir məqsədli təşəbbüsüdür.”

İlkin Şirinov əlavə edib ki, böcək mənşəli qidaların insan sağlamlığına təsiri tam öyrənilməyib:

“Bu məhsullar yüksək zülallı qida kimi təqdim edilsə də, allergik risklər və mikrobioloji təhlükələr tam araşdırılmayıb. Hətta Avropa ölkələrində aparılan sorğular göstərir ki, əhalinin 70-80 faizi bu tip qidaları qəbul etmək istəmir.”

Ekspert hesab edir ki, Azərbaycanda bu modelin tətbiqi real görünmür:

“Bizim çox zəngin və ənənəvi mətbəximiz var. Ət, süd, balıq, toyuq və taxıl məhsulları kimi əsas qida dayaqlarımız mövcuddur. Buna görə də böcək mənşəli qidaları qida resursu kimi qəbul etməyə ehtiyac yoxdur. Bu, kor-koranə təcrübə olardı.”

İ.Şirinov bildirib ki, Avropanın belə məhsullar üzərində hələ ortaq qərara gələ bilməməsi də bu istiqamətin riskli olduğunu göstərir:

“Böcəklərdə ağır metallarla çirklənmə və allergik təsirlər kimi təhlükələr mövcuddur. Bizim ölkəmiz üçün isə quşçuluq və heyvandarlığın inkişafı daha məqsədəuyğun alternativdir. Böcək unu və həşəratla qidalanmaq alternativ çıxış yolu deyil, sadəcə qida aldatmasıdır.”

Aynurə İsmayıl

KONKRET.az

Chosen
31
1
konkret.az

2Sources