EN

TRIPP iri investisiya layihələrinin həyata keçirilməsi üçün zəruri şərtdir – RƏY

TRIPP layihəsi (“Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” təşəbbüsü) iri investisiya layihələrinin həyata keçirilməsi üçün zəruri şərtdir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında iqtisadiyyat üzrə fəlsəfə doktoru, siyasi şərhçi İlqar Vəlizadə bildirib.

Qeyd edək ki, TRIPP layihəsi Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsini nəzərdə tutur.

Ekspertin sözlərinə görə, TRIPP təşəbbüsü Zəngəzur nəqliyyat dəhlizi konsepsiyasına üzvi şəkildə uyğunlaşır və bu da onun uğurunun əsasını təşkil edir.

“Əgər Azərbaycan Ermənistanla kommunikasiyaları açmasa, TRIPP layihəsi də olmayacaq. Azərbaycan ölkənin qərb bölgələrini Naxçıvan eksklavı ilə, oradan isə Türkiyəyə çıxışı təmin edən dayanıqlı nəqliyyat şəbəkəsi yaratmağa çalışır. Bu kontekstdə ABŞ-nin Azərbaycanın iki hissəsi arasında maneəsiz əlaqənin təmin edilməsinə verdiyi dəstək Zəngəzur dəhlizi konsepsiyasına məntiqi şəkildə uyğun gəlir,” – İ.Vəlizadə bildirib.

Analitikin fikrincə, bu konsepsiya Avrasiya regionunun bu hissəsində formalaşan iki əsas nəqliyyat magistralına uğurla inteqrasiya oluna bilər.

“Söhbət Orta dəhlizdən (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TMTM) və “Şimal-Cənub” layihəsindən gedir. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bu marşrutun (Zəngəzur dəhlizinin – red.) inkişaf perspektivlərindən danışıb. Belə nəqliyyat layihələri adətən geosiyasi ölçüyə də malik olur, çünki bir çox ölkələrin, xüsusilə Mərkəzi Asiya dövlətlərinin maraqlarına toxunur. 6 noyabrda Vaşinqtonda keçirilmiş “Mərkəzi Asiya və ABŞ” sammiti (C5+1 formatı) və ABŞ Prezidenti Donald Trampın TRIPP dəhlizi ilə bağlı bəyanatı bu layihənin Mərkəzi Asiya, Cənubi Qafqaz və Ön Asiya regionları arasında geniş nəqliyyat əlaqəsinin bir hissəsinə çevriləcəyini təsdiqləyir,” – deyə ekspert izah edib.

O əlavə edib ki, TRIPP bu regionda vahid iqtisadi məkanın formalaşması konsepsiyasına da yaxşı uyğunlaşır: “İndi hər şey praktiki addımlardan asılıdır – layihənin icrasını gecikdirməmək vacibdir. Burada həm ABŞ-nin, həm Mərkəzi Asiyanın, həm də təbii ki, Azərbaycanın maraqları var. Arzu edərdik ki, Ermənistan da bu amilləri nəzərə alsın və öz maraqlarını dərk edərək layihənin həyata keçirilməsi istiqamətində işi aktivləşdirsin”.

Onun sözlərinə görə, Azərbaycan bu böyük layihənin əsas həlqəsidir.

“Söhbət yalnız TRIPP-dən deyil, həm də Avrasiya regionlarını birləşdirən daha genişmiqyaslı təşəbbüslərdən gedir. Burada qitənin əsas oyunçularının maraqları üst-üstə düşür ki, bu da Azərbaycanın müxtəlif, o cümlədən rəqabət aparan ölkələr arasında birləşdirici həlqə kimi geosiyasi əhəmiyyətini artırır. Digər dövlətlərin reaksiyasına əsasən, Azərbaycan onların tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunur və onlar uzunmüddətli layihələri həyata keçirməyə hazırdırlar,” – şərhçi vurğulayıb.

İ.Vəlizadə qeyd edib ki, TRIPP iri investisiya layihələrinin həyata keçirilməsi üçün mühüm şərt kimi nəzərdən keçirilir və bu layihələrə yalnız region ölkələri deyil, həm də xarici oyunçular – ABŞ və Avropa İttifaqı maraq göstərir:

“Avropa İttifaqı son illərdə Cənubi Qafqaz və Mərkəzi Asiyada gedən proseslərə fəal şəkildə cəlb olunur. Tərəflər bir sıra təşəbbüsləri razılaşdırıblar ki, bu da genişmiqyaslı nəqliyyat, iqtisadi və investisiya layihələrinin, o cümlədən nadir torpaq metallarının işlənməsini həyata keçirməyə imkan verir”.

Ekspertin fikrincə, TRIPP Şərq-Qərb və Orta dəhliz sisteminə inteqrasiya olunmaqla iri investisiya layihələrinin həyata keçirilməsi üçün etibarlı platformaya çevrilə bilər.

“Bir qədər əvvəl Brüsseldə “European Gateway” təşəbbüsü çərçivəsində Mərkəzi Asiya, Aİ, Cənubi Qafqaz və Azərbaycanın nümayəndələri bu cür layihələri ətraflı müzakirə ediblər. Bu da TRIPP-in çoxtərəfli, o cümlədən hələlik birbaşa iştirak etməyən ölkələrin də daxil olduğu əməkdaşlığın mühüm elementi olduğunu təsdiqləyir”, şərhçi əlavə edib.

İ.Vəlizadə söyləyib ki, TRIPP layihəsi artıq yeni ticarət marşrutları və istehsal zəncirlərinin katalizatoru kimi nəzərdən keçirilir, lakin onun reallaşması birbaşa konkret praktiki addımlardan asılıdır.

“Hər şey layihənin nə dərəcədə operativ şəkildə həyata keçirilməyə başlanacağından asılı olacaq. Qeyd etmək lazımdır ki, istənilən təşəbbüs və razılaşmalar yalnız praktikada reallaşdığı zaman əhəmiyyət kəsb edir. Hazırda Ermənistan ərazisində bu perspektivli dəmir yolu çərçivəsində, belə demək mümkünsə, hələ bir dirək belə basdırılmayıb. Ermənistanın siyasi rəhbərliyi əldə olunmuş razılaşmalarla bağlı bəyanatlar verməklə kifayətlənir, lakin hələlik heç bir konkret təklif və ya addım təqdim etməyib. Əsas problem də məhz bundadır. Bununla belə, layihənin formalaşmaqda olan yeni təchizat zəncirinə daxil olacağı və genişmiqyaslı investisiya təşəbbüslərinin həyata keçirilməsi üçün əsas həlqəyə çevriləcəyi ilə bağlı heç bir şübhə yoxdur,” – deyə ekspert bildirib.

İ.Vəlizadə vurğulayıb ki, bu marşrutun effektivliyinin artırılmasında Azərbaycanın, Qazaxıstanın və Türkmənistanın ərazisindəki infrastruktur maneələri və limanlardakı dar hissələr mühüm rol oynayır.

“Bu məsələlərin tənzimlənməsi vacibdir və əslində bu istiqamətdə işlər artıq TMTM çərçivəsində aparılır. TRIPP layihəsi və Zəngəzur dəhlizi tam şəkildə Orta dəhlizə uyğun gəlir, baxmayaraq ki, Cənubi Qafqaz ərazisində marşrutun əsas arteriyası hələ də Bakı-Tbilisi-Qars dəmir yoludur. Bununla belə, Zəngəzurdan keçəcək yeni dəmir yolunun inşası halında TRIPP bu iri layihənin tərkib hissəsinə çevrilə bilər. TMTM çərçivəsində liman infrastrukturunun inkişafı da daxil olmaqla geniş və dərin işlər aparılır. Qazaxıstan, Azərbaycan və Gürcüstan marşrut çərçivəsində vahid dəmir yolu operatorunun yaradılması və vahid tariflərin razılaşdırılması barədə razılığa gəliblər. Bu, nəqliyyat dəhlizlərinin effektivliyinin artırılmasına töhfə verən çox mühüm addımdır,” – analitik qeyd edib.

Ekspertin fikrincə, digər tərəfdən, son illərdə Bakı–Tbilisi–Qars dəmir yolunun rekonstruksiyası aparılıb və nəticədə onun buraxılış qabiliyyəti (beş dəfə artırılaraq ildə 5 milyon tona çatdırılıb – red.), hazırda tikilməkdə olan Zəngəzur nəqliyyat dəhlizi isə, ən azı Azərbaycan ərazisində, ildə 10 milyon ton yük daşınması üçün nəzərdə tutulub.

“Bütün bunlar, ən azı Azərbaycanın ərazisində aparılan işlər baxımından sevindiricidir. Yeri gəlmişkən, Naxçıvanda da Zəngəzur dəhlizinin müvafiq hissəsinin buraxılış qabiliyyətinin artırılması ilə bağlı işlərin aparılması planlaşdırılır.

Bir daha qeyd edim ki, Ermənistan ərazisində hələ də bir dirək belə basdırılmayıb. Ermənistan tərəfi ABŞ və Azərbaycanla fəal məsləhətləşmələrin aparıldığını bildirir. Əslində, hazırda layihənin operatoru və əsas parametrləri müəyyənləşdirilir. ABŞ tərəfi təşəbbüsün həyata keçirilməsi üçün artıq 145 milyon dollar ayıracağını vəd edib, lakin bu vəsaitin konkret kimə və hansı mexanizmlə veriləcəyi hələ də məlum deyil. Ümid edirik ki, yaxın vaxtlarda bu məsələyə aydınlıq gətiriləcək,” – deyə İ. Vəlizadə bildirib.

Analitik qeyd edib ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında nəqliyyat sahəsində əməkdaşlıq fəal şəkildə inkişaf edir.

“TMTM üzrə daşımaların həcminə nəzər salmaq kifayətdir. Yük növləri daim təkmilləşdirilir və şaxələndirilir. Layihəyə Xəzər dənizinə çıxışı olmayan, lakin yüksək ixrac potensialına malik Qırğızıstan, Tacikistan və Özbəkistan da qoşulur. Azərbaycan isə regionun iqtisadi və siyasi sisteminə inteqrasiya ilə bağlı konkret addımlar atır,” – İ.Vəlizadə vurğulayıb.

O əlavə edib ki, bu kontekstdə iki paralel proses müşahidə olunur: Türk Dövlətləri Təşkilatı çərçivəsində və “Mərkəzi Asiya plus Azərbaycan” formatında.

Analitikin fikrincə, TRIPP layihəsi artıq Mərkəzi Asiya ölkələri, ilk növbədə Qazaxıstan, Özbəkistan və Türkmənistan tərəfindən enerji resurslarının daşınması üçün mühüm marşrut kimi nəzərdən keçirilir.

“Bu, daha çox Qazaxıstan və Türkmənistana aiddir. Bu ölkələr üçün TRIPP marşrutu Azərbaycanın ərazisindən keçməklə Türkiyə istiqamətində və daha sonra Aralıq dənizinə çıxış baxımından xüsusi əhəmiyyət kəsb edir. Layihə ölkələrə enerji resurslarının xarici bazarlara çatdırılmasını şaxələndirməyə imkan verir. Hazırda biz yalnız layihələrdən danışırıq, lakin TRIPP istifadəyə verildikdən dərhal sonra onların reallaşması başlayacaq. Necə ki, Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya enerji resurslarının Avropa və Aralıq dənizi ölkələrinə daşınmasında istifadə olunur, TRIPP də eyni məqsədlərə çatmaq üçün daha qısa və effektiv marşruta çevriləcək,” – deyə İ. Vəlizadə yekunlaşdırıb.

Chosen
22
2
nocomment.az

3Sources