Bir neçə aylıq danışıqlardan sonra “Atletiko” klubunun yeni əsas səhmdarının “Apollo Sports Capital” (ASC) olduğu rəsmi şəkildə təsdiqlənib.
Publika.az xəbər verir ki, İspaniya təmsilçisinin açıqlamasına əsasən, “Atletiko”nun prezidenti Enrike Sereso, baş direktor Migel Anxel Xil Marin, eləcə də hazırkı səhmdarlar Quantum Pacific Group və “Ares Management” ASC ilə razılığa gəliblər. Razılaşmaya görə, ASC klubun nəzarət paketini, 55 faiz səhmini əldə edəcək.
“Marca” nəşrinin məlumatına görə, “Atletiko”nun dəyəri 2,5 milyard avro olaraq qiymətləndirilib və bu, ASC-nin sövdələşməyə təxminən 1,3 milyard avro xərcləyəcəyi anlamına gəlir. Bu alış ASC-nin idman sektoruna 4,26 milyard avro həcmində investisiya planının bir hissəsidir.