EN

Bəzi rayonlarda mal ətinin qiyməti endi– Səbəblər açıqlandı (VİDEO)

Bir sıra bölgələrdə mal ətinə olan marağın azalması qiymətlərin enməsinə səbəb olub. AzPost Xəzər TV-yə istinadla xəbər verir ki, heyvanlar arasında dabaq xəstəliyinin yayılması barədə məlumatlardan sonra insanlar ət almaqda bir qədər ehtiyatlı davranırlar. Nəticədə ət bazarında qiymətlərdə təxminən 2 manatlıq ucuzlaşma müşahidə olunur.

Tovuz rayonunda iri və xırdabuynuzlu heyvan ətlərinin qiyməti aşağı düşüb. Əvvəllər 17 manata satılan mal ətinin 1 kiloqramı hazırda 15 manata təklif edilir. Quzu ətinin qiyməti də 20 manatdan 18 manata enib. Satıcıların sözlərinə görə, bazarda qiymətlər bir qədər azalsa da, alıcıların sayı əvvəlki kimi çox deyil.

Cəlilabadda da oxşar vəziyyət yaranıb. Satıcılar bildirirlər ki, əvvəllər 16-16,50 manata satılan mal ətinin qiyməti indi 15 manat civarındadır. Onların sözlərinə görə, satış həcmi əvvəlki dövrlə müqayisədə azalıb və bu da qiymətlərin düşməsinə təsir edib.

Ticarətçilər qeyd edirlər ki, qiymət enməsinin səbəbləri arasında həm dabaq xəstəliyi, həm də ölkəyə gətirilən ucuz idxal ət məhsulları var. Onların fikrincə, son vaxtlar xaricdən gətirilən ət bazarda rəqabəti artırıb və bu da yerli ətə olan tələbi azaldıb.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik.

AzPost.az

Chosen
140
30
azpost.info

10Sources