EN

Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ - YENİLƏNİB

Naxçıvanda Duz Muzeyinin ləğvi barədə rəsmi məlumat verilib.
 
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən Moderator.az-a bildirilib ki, muzeyin eksponatları Naxçıvan Dövlət Tarix Muzeyinə veriləcək və orada yaradılacaq guşədə nümayiş etdiriləcək:
 
"Naxçıvan Dövlət Tarix Muzeyi xalqımızın tarixinin, mədəniyyətinin, yeraltı və yerüstü sərvətlərinin nümayiş edildiyi, həmçinin daha çox yerli və əcnəbi ziyarətçilərin gəldiyi muzeydir. Bu səbəbdən ləğv edilmiş Naxçıvan Duz Muzeyinin fondunda olan eksponatların muzeyin fonduna verilməsi qərara alınıb".
 
Qeyd olunub ki, Duz Muzeyi Muxtar Respublika Ali Məclisi Sədrinin 12 sentyabr 2017-ci il tarixli sərəncamı ilə yaradılıb. Muzeyin əvvəllər Duzdağ otelində ayrılmış bir ekspozisiya zalı və iki xidmət otağı olub, burada gələn qonaqlara xidmət göstərilib. 2023-cü ildə Duzdağ otelinin balanssaxlayıcısı dəyişdiyindən muzey oradan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə köçürülüb.
 
Muzeydə olan 138 ədəd eksponatın böyük hissəsi duz materialından hazırlanıb.
 
11:11
 
Naxçıvan Duz Muzeyi ləğv edilib.
 
Moderator.az Modern.az-a istinadən xəbər verir ki, muzey artıq fəaliyyətini dayandırıb.
 
Muzeyin ləğvedilmə səbəbi məlum deyil.
 
Ləğv barədə qərarın iki ay ərzində icra ediləcəyi bildirilir.
 
Qeyd edək ki, Naxçıvan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzey 2017-ci ildə Vasif Talıbovun qərarı ilə yaradılmışdı. Muzeyin yaradılmasında əsas məqsəd Naxçıvan duzunun əhəmiyyətini diqqətə çatdırmaq, aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, elmi araşdırmalar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub-saxlanılmasını və təbliğini təmin etməkdir.
 
Muzeydə daş alətlər, daş çəkic və çapacaqlar, duz saxlamaq və ya duzu müxtəlif yerlərə daşımaq üçün istifadə olunmuş duz torbaları, saxsıdan və gildən hazırlanmış duz qabları, daş həvəngdəstə, dəstər və digər dəyərli eksponatlar qorunub-saxlanılırdı.
 
Xatırladaq ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindəki "Naxçıvan Duz İstehsalı" MMC-də istehsal və qablaşdırma dayandırılıb.
Chosen
31
32
moderator.az

10Sources