EN

Avropa pul tapa bilmir

Avropa Şurasının Ukrayna üzrə beynəlxalq tribunal yaratmaq təşəbbüsü maliyyə problemləri ilə üzləşib.

Modern.az-ın məlumatına görə, "Euronews" yazır ki, Avropa donorları ABŞ-ın Donald Tramp administrasiyası dövründə də Kiyevə dəstəkdən imtina etməsinin davam edəcəyindən ehtiyat edir, bu isə layihənin maliyyələşdirilməsini çətinləşdirir.

Məlumata görə, Ukraynaya qarşı “aqressiya ilə bağlı cinayətləri araşdıracaq xüsusi tribunalın yaradılması” üçün yetərli büdcə formalaşdırmaq mümkün olmaya bilər. Məsələ ilə tanış bir neçə mənbə bildirib ki, ABŞ-ın dəstəyi olmadan Avropa ölkələrinin öz öhdəliklərini yerinə yetirməsi getdikcə çətinləşir.

Avropa Şurası tribunala aid ilkin büdcə layihəsini təqdim edib. Mənbələrin bildirdiyinə görə, illik əməliyyat xərcləri təxminən 75 milyon avro təşkil edir. Bununla yanaşı, tribunalın yerləşəcəyi Niderlandda binanın və təhlükəsizlik infrastrukturunun əlavə maliyyələşdirilməsi xərcləri daha da artıracaq.

Avropa İttifaqının illik 10 milyon avro məbləğində töhfə ayırması nəzərdə tutulur.

Avropa Şurasının əsas donorları sayılan Fransa, Almaniya, İtaliya və Böyük Britaniya hələlik layihənin daimi maliyyələşdirilməsində iştirak edib-etməyəcəklərini müəyyənləşdirməyiblər. Dörd mənbənin məlumatına görə, bu ölkələr hazırda layihədə aktiv rol oynamır.

Mənbələr bildirir ki, Vaşinqtonun maliyyə dəstəyinin azalması ilə Avropa dövlətləri Ukraynaya hərbi, humanitar və maliyyə yardımının əsas yükünü öz üzərlərinə götürmək məcburiyyətində qalırlar və bu, yeni layihələrə vəsait ayırmaq imkanlarını məhdudlaşdırır.

Avropa Şurasının nümayəndəsi "Euronews"a açıqlamasında bildirib ki, təşkilat hələlik məsələ ilə bağlı rəsmi açıqlama vermir: “Hazırda üzv dövlətlərlə danışıqlar davam edir, hər hansı yekun qərar yoxdur.”

Xatırladaq ki, tribunalın yaradılması barədə razılıq bu ilin iyun ayında Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa Şurası arasında əldə edilmişdi. Tribunalın məqsədi Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı hüquqi məsuliyyət məsələlərini araşdırmaqdır.

Chosen
10
2
modern.az

3Sources