EN

Fuad Nəcəfli niyə işdən çıxarıldı? - Fazil Mustafa Naxçıvandakı dəyişikliyin səbəbini açıqladı

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli vəzifəsindən azad edilib.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan əslən Naxçıvandan olan siyasətçi, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Böyük Quruluş Partiyasının rəhbəri Fazil Mustafa bildirib ki, bu addımın arxasında F.Nəcəflinin fəaliyyətindən narazılıq dayanır:

“Ölkə Prezidenti öz səlahiyyətinə uyğun belə bir qərar veribsə, deməli, Fuad Nəcəflinin fəaliyyəti onu qane etməyib. Adətən, işdən çıxarılan şəxsin hansısa vəzifəyə təyin olunması gözlənilir, amma təyin edilməyibsə, görünür, ondan razı qalınmayıb”.

Komitə sədri söyləyib ki, Azərbaycan Prezidentinin Naxçıvandakı yeni səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov peşəkarlığı və uğurlu fəaliyyəti ilə fərqlənir:

“Aldığım məlumata görə, yeni səlahiyyətli nümayəndə öz sahəsində biliyi və fəaliyyəti ilə seçilir. Çox güman ki, o əvvəlki fəaliyyətindən - Baş nazir işlədiyi dövrdə çatışmazlıqları, narazılıqları bilir. İndi onları düzəltməlidir”.

Qeyd edək ki, Fuad Nəcəfli 2022-ci il oktyabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Prezidentin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi təyin edilmişdi. O, bu gün vəzifəsindən azad olunub.

Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin yeni səlahiyyətli nümayəndəsi təyin edilib.  

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Chosen
66
yenisabah.az

1Sources