EN

Türkiyənin “Netanyahuya həbs” qərarı yeni vəziyyət yaradır...


Şəmsəddin Əliyev: “Türkiyə məhkəməsinin bu qərarının praktiki baxımdan hansı hüquqi nəticə verəcəyini demək çətindir”

İstanbul Prokurorluğu Qəzza sektorunda insanlığa qarşı sistemli cinayətlər və beynəlxalq humanitar hüququn pozulması ilə bağlı İsrailin yüksək vəzifəli rəsmilərinə qarşı cinayət işi başladıldığını elan edib.

Prokurorluğun açıqlamasına görə, İsrail ordusunun mülki obyektlərə, xəstəxanalara və humanitar missiyalara hücumları, həmçinin Qəzza sektorunun blokadası ilə bağlı aparılan istintaq çərçivəsində beynəlxalq konvensiyaların kütləvi şəkildə pozulmasını təsdiqləyən sübutlar toplanıb. İstintaqın nəticəsi olaraq İstanbul məhkəməsi baş nazir Binyamin Netanyahu, müdafiə naziri İsrael Kats, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir, Baş Qərargah rəisi Eyal Zamir və Hərbi Dəniz Qüvvələrinin komandanı David Saar Salamar daxil olmaqla 37 İsrail rəsmisi barəsində həbs orderi verib. Prokurorluq onların əməllərini “soyqırım”, “hərbi cinayətlər” və “insanlığa qarşı cinayətlər” kimi qiymətləndirib.

Maraqlıdır, Türkiyə hökumətinin bu qərarı hansı hüquqi siyasi nəticələr doğura bilər?

“Ona görə ki, beynəlxalq hüquq bir sıra hallarda işləmir və bunun da əsas günahkarı aparıcı dünya dövlətləridir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən hüquqşünas Şəmsəddin Əliyev hesab edir ki, Türkiyə tərəfindən belə bir addımın atılması gözlənilən idi: “Bütün beynəlxalq aləmin və BMT-nin üzvü olan dövlətlərin, beynəlxalq hüququn hamılıqla tanınan prinsiplərə qoşulan dövlətlərin gözü qarşısında Qəzzada insanlıq dramı yaşanır. Çünki faktiki olaraq Qəzzada dinc insanlara qarşı genosid həyata keçirilir. İndiyə qədər orada 68 min insan ölüb, 170 min nəfər yaralanıb. Özü də bu, nümayişkaranə şəkildə həyata keçirilir. Netanyahunun həbsi ilə bağlı Beynəlxalq Məhkəmənin orderi olsa da ona göz yumuldu. Hətta BMT baş katibi Quterreşin əraziyə getməsinə Netanyahu qadağa qoydu. Yəni bu, açıq şəkildə beynəlxalq normalara müstəsna hörmətsizliyin bariz nümunəsi idi. Günahsız körpələrin, dinc insanların, ahıl şəxslərin - 68 min nəfərin qətlə yetirilməsi genosidin bariz nümunəsidir. Bu, milli, dini zəmində xalqın, müəyyən etnik qrupun qismən və ya tamamilə məhv edilməsi deməkdir. Bundan təxminən 20 gün əvvəl Türkiyə prezidenti Ərdoğan Netanyahuya qarşı cinayət işinin qaldırılacağını demişdi. Ancaq buna Türkiyənin hüquqi baxımdan imkanı çatırmı? Beynəlxalq hüququn 10 prinsipindən biri insan hüquq və azadlıqlarının qorunması prinsipidir. Bu prinsip 1975-ci il Helsinki Yekun Aktı ilə qəbul olundu və beynəlxalq hüququn qüvvədə olan 7 prinsipinə əlavə olundu. İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunması, müdafiə olunması yeganə prinsipdir ki, dövlətlər buna qoşulub, bunu tanıyır. Burada söhbət bəşəri dəyərlərin qorunmasından gedir. İnsanların yaşamaq, mülki-siyasi hüquqlarının rəsmən hər bir dövlət tərəfindən qorunmasından söhbət gedir. Heç kim bu prinsipə qarşı gedə bilməz. Əgər buna qarşı gediləcəksə, bu, beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsipinə də zidd olacaq. Beynəlxalq hüquqda məsuliyyət də var. Türkiyə bu gün beynəlxalq hüququn subyekti kimi çıxış edir. Ancaq Türkiyə məhkəməsinin çıxardığı bu qərarın praktiki baxımdan hansı hüquqi nəticə verəcəyini demək çətindir. Ona görə ki, beynəlxalq hüquq bir sıra hallarda işləmir və bunun da əsas günahkarı aparıcı dünya dövlətləridir. Bu dövlətlər müharibə cinayətlərini törədənlərin cəzalandırılmasını istəmir, buna imkan vermir. Bax əsas problem bundadır”.

Vidadi ORDAHALLI

Chosen
44
baki-xeber.com

1Sources