EN

Türkiyə Azərbaycan Pakistan birliyi təhlükəsizlik çərçivəsini aşaraq sülhə xidmət edir ŞƏRH

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 13 noyabr, AZƏRTAC

Münaqişələrin şiddətlənməsi, xaos və qarışıqlıq nəticəsində nizam-intizamı pozulan bölgələrin sayı artıb. Bunun nəticəsində müasir dövrdə dünya müxtəlif bloklara bölünüb. Yaşanan çətinliklər göstərir ki, millətlərin yaşamaq üçün bu və ya digər blokun bir hissəsi olması vacibdir, əks halda çıxış yolu tapmaq mümkün deyil. Müdafiə tələblərinin yerinə yetirilməsi isə olduqca mürəkkəb və çətin məsələdir. Bunun yeganə yolu güclü iqtisadiyyatın formalaşdırılmasından keçir.

Azərbaycan illər ərzində bu çətin tapşırığın öhdəsindən gəldi. Məhz güclü iqtisadiyyatımız Ordumuzun ən müasir silah-sursatla təchiz edilməsini mümkün etdi. Burada mühüm rol oynayan amil həm də Azərbaycan Liderinin diplomatiyası oldu. Məhz bu diplomatiya sayəsində ölkəmiz dünyanın ən qabaqcıl silah istehsalçısı ölkələri ilə əməkdaşlıq qura bildi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.

O bildirib ki, bu gün beynəlxalq sistemdə genişmiqyaslı yenidənqurma gözləntiləri yaranıb. Dövlətlər və xalqlar bu prosesin daha konstruktiv və ədalətə əsaslanacağına ümid edirlər. Digər tərəfdən bu transformasiya yeni təhlükəsizlik strukturlarının formalaşmasına gətirib çıxarıb. Artıq beynəlxalq ittifaqlardan çox regional əməkdaşlıqlara üstünlük verilir. Bu model daha etibarlı və nəticəyönümlü hesab olunur. Təhlükəsiz zonaların yaradılması baxımından da bu istiqamət daha əlçatandır.

“Mövcud beynəlxalq reallıqlar fonunda Türkiyə–Azərbaycan–Pakistan ittifaqı milli təhlükəsizlik çərçivəsini aşaraq həm də sülhə xidmət edir. Atılan addımlar göstərir ki, bu üç dövlət xalqların dinc, sabit və təhlükəsiz mühitdə yaşamasının tərəfdarıdır.

İllər ərzində həm Türkiyədən, həm də Pakistandan Azərbaycana göstərilən dəstək ədalətə verilmiş dəstək idi. Bu illər sübut etdi ki, Azərbaycanın diplomatiyası sülhə və rifaha əsaslanır, buna görə də ən faydalı diplomatiya modelidir. Bu qurucu yanaşma sayəsində bu gün Cənubi Qafqaz səmalarında sülh bərqərar olur. Deməli, bölgənin lokomotivi Azərbaycandır.

İşğallar, soyqırımları və çətinliklərlə dolu tariximiz xalqımızın əzmini və yaradıcılıq ruhunu sarsıda bilmədi. Regionu yenidən quran və inkişaf etdirən Azərbaycan dövləti, xalqı və onun Lideridir. Bu çətin yolda Azərbaycan dost ölkələr - siyasətə taraz və sayıq yanaşan aktorlar qazanıb.

Zəfərin beşinci ildönümünə həsr edilən Hərbi parad Ordumuzun gücünü, xalqımızın mübarizliyini nümayiş etdirdi. Dövlətimizin başçısı bu günləri xalqımıza yaşatmaq üçün illərlə mübarizə apardı. Prezident İlham Əliyev beynəlxalq platformalarda daim çalışırdı ki, Ermənistan torpaqlarımızı sülh yolu ilə tərk etsin. Lakin Ermənistan “Yeni ərazilər uğrunda yeni müharibə” ideyası ilə çıxış edir, Bakıda “çay içmək” kimi təxribatçı xəyallar qururdu.

Bu cəhdlərin arxasında ona göstərilən siyasi, iqtisadi və mənəvi dəstək dayanırdı. Azərbaycan Lideri isə bu oyunların qarşısını qətiyyətlə aldı. Tarixi məqamdan düzgün istifadə edərək sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistanın təxribatlarına son qoymaq üçün müqəddəs mübarizəyə başladı. Xalq bir nəfər kimi Ordunun yanında oldu. Dünya bir xalqın birliyinin, şücaətinin və mətanətinin şahidi oldu. Azərbaycan üçün heysiyyət rəmzi olan Şuşa azad edildi. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Laçın, Kəlbəcər və Ağdam bir güllə atılmadan geri alındı. Bu çətin proseslərə nəzər saldıqda şəhidlərimizin müqəddəs xatirəsi qarşısında bir daha baş əyirik”, - deyə A.Badamov vurğulayıb.

Deputatın sözlərinə görə, Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə gələn təbrik məktublarının məzmunu və paradda iştirak edən yüksək səviyyəli qonaqlar – Pakistandan və Türkiyədən olan ali nümayəndə heyətləri, eləcə də Slovakiyanın Baş nazirinin müavini, Serbiya, Qazaxıstan və Qırğızıstanın müdafiə rəhbərləri Azərbaycanın Zəfərinin beynəlxalq səviyyədə tanındığını göstərir.

“Azərbaycan və Pakistan münasibətləri qarşılıqlı anlayışa və ədalət prinsiplərinə əsaslanır. Pakistan Qarabağ məsələsini Kəşmir kontekstində anlayır və bu paralellər iki xalqı daha da yaxınlaşdırır. Türkiyə ilə münasibətlər də eyni müsbət istiqamətdə inkişaf edir. Vətən müharibəsində Türkiyə və Pakistanın dəstəyi qətiyyətimizə əlavə güc verdi. Zəfər Günü paradında Pakistan hərbçilərinin ilk dəfə iştirakı həm də üç ölkənin - Azərbaycan-Türkiyə-Pakistan qardaşlığının rəmzi idi.

Türkiyə bu gün dünyanın aparıcı silah ixracatçılarından biridir. Azərbaycan Ordusu da Türkiyə ordu modeli əsasında yenidən formalaşdırılır və bu sahədə qabaqcıl texnologiyalardan yararlanır. Türkiyənin müdafiə sənayesinin 2024-cü ildə 7,2 milyard ABŞ dolları ixrac göstəricisinə çatması bu sahədəki uğurun sübutudur”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, Zəfərimiz bölgəyə yeni nizam gətirib, bu nizam həm sülhü, həm də ədaləti təmin edir. Vaxtilə Bakıda “çay içmək” xəyalları quranlar indi həmin arzularının gerçəkləşdiyi məkanı təcridxanalarda tapıblar. Azərbaycan əsgəri 44 gün ərzində bir addım belə geri çəkilmədi. İndi isə gələcək nəsillərimiz həmin ruhdan ilham alaraq daha böyük inkişaf məqsədləri uğrunda çalışmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
1
azertag.az

2Sources