EN

Türkiyə Suriyanın xilaskarı kimi tarixə adını yazdırdı TƏHLİL

Dünyanı cənginə alan qanlı müharibələr, münaqişələr fonunda bəzi ölkələrdə tədricən sakitlik bərqərar olunmaqdadır. Buna misal olaraq 2024-cü ilin dekabrın 8-də Bəşər Əsəd rejiminin devrilməsi ilə Suriyada 13 illik vətəndaş müharibəsinin baş çatması və ölkədə tədricən sabitliyin yaranmasını göstərmək olar. Eyni zamanda, Qəzza bölgəsində İsrailin HƏMAS-a qarşı başladığı müharibənin ABŞ, Azərbaycan, Türkiyə, Pakistan, Qətər və digər ölkələrin fəal müdaxiləsi ilə dayandırılması və bölgədə sülhün yaradılması istiqamətində proseslərin həyata keçirilməsi də təqdirəlayiq hadisələrdəndir. Təbii ki, Suriyada vətəndaş müharibəsinin aradan qaldırılmasında Türkiyənin müstəsna rolu oldu. Bunu Suriya hakimiyyəti, eləcə də sadə suriyalılar da yaxşı bilir və buna görə hər fürsətdə Türkiyə hakimiyyətinə və xalqına təşəkkürlərini ifadə edirlər. Türkiyənin Suriyanın müdafiəsini təşkil etməsi və Dəməşqdə yeni demokratik hakimiyyətin qurulmasına yardımçı olması İsrail və indiki fars-molla rejimi bir-birinə qarşı düşmən olmalarına baxmayaraq, bu məsələdə eyni mövqedən çıxış etməyə başladılar. Əgər fars-molla rejiminin baş mollası Xomeneini Suriya gənclərini inqilaba qalxıb, hakimiyyəti devirməyə çağırırdısa, İsrail hökuməti Suveyda vilayətində baş verən druzlarla bədəvi ərəblər arasında toqquşmaları bəhanə edərək birincilərə kömək etmək bəhanəsi ilə Suriyanın ərazilərinə qoşun yeridir. Bu azmış kimi bir qədər əvvəl İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Suriya paytaxtının şimalındakı Masakin Berzi bölgəsində yerləşən hərbi obyektə raket zərbəsi endirib. Məlumata görə, hava hücumundan sonra Dəməşq və onun ətrafında güclü partlayışlar baş vermişdir. Eyni zamanda İsrail Ordusu Həma və Homsdakı hərbi aerodromların ətrafındakı ərazilərinə raket zərbələri endirmişdir. İsrail Suriyanın yeni hakimiyyətinin zəif olunmasından bəhrələnərək ölkənin içərilərinə doğru ordu yeritmişdir. Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əş-Şaraa rəsmi görüşlərdə bəyan etmişdir ki, beynəlxalq tərəflər Suriyanın 1974-cü il razılaşmasına əməl etməsi və ölkənin BMT qüvvələrini qəbul edib onları müdafiə etməyə hazır olması barədə məlumatlandırılıb. Onun sözlərinə görə, hər kəs İsrailin Suriyaya doğru irəliləməsinin səhv və əvvəlki vəziyyətə qayıtmağın lazım olduğunu qəbul edir.

Türkiyə hakimiyyəti Suriyanın sabitliyini Türkiyənin təhlükəsizliyi hesab edir

Az qala bütün dünyaya meydan oxuyan İsrail Suriyanın şağırışlarına əhəmiyyət vermədi. Dünya birliyinin susması və baş verənlərə laqeyid yanaşması nəhayət Türkiyəni hərəkətə keçməyə məcbur etdi. Türkiyə dövlətinin Suriyadakı hərbi bazalarındakı ordusunu döyüş hazırlığı vəziyyətinə gətirməsi İsraili və onun havadarlarını geri çəkilməyə məcbur etdi. Oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Qəzzaya dair "Sülh sammiti"də ABŞ prezidenti Donalt Tramp 3-cü dünya müharibəsinin astanasında olduqlarını və sammitin keçirilməsi ilə problemin aradan qaldırıldığını bildirmişdir. Əslində, D.Tramp 3 -cü dünya müharibəsi təhlükəsi deyərkən heç şübhəsiz ki, Türkiyənin Suriyanın təhlükəsizliyini təmin etmək üçün hərbi aktivlik göstərməsinə işarə vurub. Türkiyə dövləti açıq şəkildə bəyan edir ki, Suriyanın sabitliyi birbaşa Türkiyənin təhlükəsizliyi ilə bağlıdır və bu istiqamətdə atılan hər bir addım regionda sülhün təmin olunmasına töhfə verir. Bunu Türkiyənin Müdafiə Nazirliyi Ankaranın Suriya hökumətinin ölkəsinin birliyini və bütövlüyünü qorumaq üçün gördüyü istənilən addımı dəstəkləməyə hazır olduğunu vurğulayıb: "Türkiyə əmindir ki, Suriya separatçı ünsürlərin güclənməsinin qarşısını alaraq, ölkənin ərazi bütövlüyü və suverenliyini təmin edəcək mərkəzləşdirilmiş idarəetmə modeli vasitəsilə sabitliyə nail olacaq".

Türkiyə bütün sahələr üzrə Suriya ilə əməkdaşlıq edir, müqavilələr imzalayır. 2005-ci ilin avqustun 13-də Türkiyə ilə Suriya arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb. Müqaviləyə əsasən, Türkiyə Suriya Silahlı Qüvvələrinin potensialının gücləndirilməsinə yönəlmiş təlim və məşvərət tədbirləri həyata keçirəcək. Türkiyə Suriyanın dağılmış iqtisadiyyatının bərpa edilməsi üçün davamlı işlər görməkdədir. Türkiyənin ticarət naziri Ömər Bolat Suriyaya səfəri zamanı iki ölkə arasında iqtisadi əlaqələrin sürətlə genişləndirilməsi istiqamətində konkret planlar təqdim edib: "Türkiyə Suriyanın sabitliyini və inkişafını özünün də təhlükəsizliyi və rifahı üçün mühüm hesab edir. Görüşlərdə qarşılıqlı investisiyaların təşviqi və qorunması, ikiqat vergitutmanın aradan qaldırılması, bank sistemində əməkdaşlıq, türk banklarının Suriyada fəaliyyəti, Ro-Ro xidmətləri və gömrükdəki problemlərin həlli müzakirə olunub".

Ömər Bolat bildirib ki, tərəflər arasında İqtisadi Tərəfdaşlıq Sazişinin hazırlanması üçün razılıq əldə olunub. Suriyanın iqtisadiyyatının dirçəldilməsi üçün nəqliyyat infrastrukturunun bərpası və xarici sərmayələrin cəlbi planlaşdırılır. Türkiyənin ticarət naziri Suriyanın özəl sektoru ilə türk sahibkarları arasında birgə layihələrin təşviqinə diqqət çəkib və qarşıdakı dövrdə bu sahədə yeni sənaye zonalarının yaradılacağını bildirib.

Suriyaya göstərilən hərbi, siyasi, iqtisadi, diplomatiq dəstəklə yanaşı Türkiyə Bəşər Əsəd rejiminin səhv, yanlış siyasəti səbəbindən Suriyaya qarşı tətbiq olunan beynəlxalq sanksiyalarından ləğv olunmasına öz tövfhəsini verir. Artıq Avropa İttifaqı və ABŞ Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etdiklərini bəyan ediblər. Bunun fonunda Avropanın bəzi dövlətləri, o cümlədən ABŞ Suriyanın yenidən qurulması üçün bu ölkəyə maliyyə yardımları ayrırlar. Ötən həftə Suriya Prezidenti Əhməd Şaranın Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşü və apardığı danışıqlar rəsmi Dəməşqin mövqelərinin daha da möhkəmlənməsinə təkan verib. Suriyanın xarici işlər naziri Əsəd Şeybani və ABŞ dövlət katibi Marko Rubio da iştirak etdiyi görüşdə ABŞ-Suriya ikitərəfli münasibətlərin gücləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə edilib. Görüşdən sonra Suriya Prezidenti Əhməd Şara jurnalistlərə bildirib ki, D.Trampla çox səmimi və yaddaqalan görüşü keçirilib: "Danışıqlar zamanı diqqət Suriya Ərəb Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərə, onları gücləndirmək və inkişaf etdirmək yollarına, eləcə də qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələlərə yönəlib".

Prezident Əl-Şaraa İsraildən işğal etdiyi Suriya torpaqlarını boşaltmağı tələb edir

"The Washington Post" nəşrinin qeyd etdiyinə görə, Ağ Evdə keçirlən görüşdə Əhməd Şaraanın Donald Trampın diqqətinə İsrailin işğal etdiyi Suriya torpaqlardan çəkilməsini tələb edib və Tramp onun mövqeyini və sülh prosesinə dəstək verib. Nəşr onda yazır ki, Suriya prezidenti Əhməd əl-Şaraa ABŞ səfərindən sonra verdiyi müsahibələrdə bəyan edib ki, İsraillə sülh danışıqları yalnız ədalətli şərtlərlə mümkündür. "İsrail işğal etdiyi torpaqlardan çəkilməyincə heç bir razılaşmadan söhbət gedə bilməz. Suriya beynəlxalq vasitəçilərin iştirakı ilə dolayı danışıqlar aparır. "Yekun saziş üçün İsrail Əsəd rejiminin süqutundan əvvəlki sərhədlərə dönməlidir. ABŞ və prezident Tramp bu məsələnin həlli üçün təzyiq göstərəcəyinə söz verib".

Prezidenti Əhməd Şaraa Dəməşqin cənubunda demilitarizasiya zonası ideyasını rədd edərək bildirib ki, mövcud ərazilər Suriyaya məxsusdur və biz onun taleyinə özümüz qərar verməliyik. Əl-Şaraa onu da qeyd edib ki, Donald Tramp prezidentliyinin birinci dövründə İsrailin Colan təpələri üzərində suverenliyini tanıyıb. "İndi isə İsrail həmin təpələri qorumaq bəhanəsi ilə yeni əraziləri işğal edir. Belə getsə, bu ekspansiya Münhenə qədər gedər".

Suriya cəmiyyətinin həyatında yeni dövr başlayır

Suriya prezidenti Əl-Şaraanın düşünülmüş ağıllı siyasəti ona hörmət gətirməklə yanaşı, dövlətinə qarşı olan mənfi münasibətlərin aradan qaldırılmasına imkanlara yaradır. Xüsusilə də Bəşər Əsəd rejimindən qalma sanksiyaların aradan qaldırılması və Suriyanın dirçəldilməsi üçün yeni investisiya layihələrin ölkəyə cəlb edilməsi Suriya cəmiyyətinin həyatında yeni dövrün başlandığına əsas verir. Hesab olunur ki, Türkiyə siyasi dairələrinin məsləhətləri ilə hərəkət etməsi Əhməd Şaraanın on il əvvəlki imicinin dəyişməsində xüsusi rol oynayıb. Nəzərə almaq lazımdır ki, 2024-cü il noyabrın 27-dən fəal hərəkata başlayan Əhməd Şaraanın rəhbərlik etdiyi "Heyət Təhrir əl-Şam" müxalif silahlı qruplaşması cəmi 12 gün ərzində paytaxt Dəməşqi Bəşər Əsəd rejimindən təmizlədi. Bundan sonra Bəşər Əsədin ailəsi ilə birgə Rusiyaya qaçmalı oldu. Bununla da Suriyada Bəəss partiyasının 61 illik hakimiyyətinə son qoyuldu. Suriyada yeni hakimiyyət quran "Heyət Təhrir əl-Şam" (HTŞ) təşkilatının lideri Əbu Məhəmməd Colaninı sələfi cihadçı təşkilat olaraq tanılırdı. Bu təşkilat 2017-ci il yanvarın 28-də "Cəbhə Fəth əl-Şam" (əvvəllər "ən-Nusra Cəbhəsi" kimi tanınırdı), "Ənsaruddin Cəbhəsi", "Ceyş əl-Sünnə", "Liva Əl-Haq", "Nurəddin Zengi Hərəkatı"nın birləşməsindən yaranıb. O dövrdə bir sıra ölkələr, o cümlədən ABŞ, Kanada, Böyük Britaniya və digər ölkələr Heyət Təhrir əl-Şam"ı terror təşkilatı kimi tanıyırdı. İddialara görə, "Heyət Təhrir əl-Şam"ın özəyini "Əl-Qaidə" ilə əlaqəli "ən-Nusra Cəbhəsi" təşkil edir. Təşkilatın lideri Əbu Məhəmməd Colaninin 1979-cu ildə Suriyada doğulduğu bildirilir. Məlumatlara görə, Colani ixtisasca ərəb dili müəllimidir. Colani 2003-cü ildən sonrakı dönəmdə İraqdakı silahlı qrupların tərkibində ABŞ qoşunlarına qarşı vuruşub. 2006-cı ildəki döyüşlərin birində onun ABŞ ordusuna əsir düşdüyü, sonradan isə əsirlikdən qaçdığı barədə məlumatlar var. ABŞ-ın əsirlikdən qaça bilən Colaninin tutulması üçün 10 milyon dollar mükafat vəd edib. Maraqlıdır ki, BMT-nin 80 illiyi ilə bağlı ABŞ-da keçirilən tədbirlərə Əhməd Şarada qatılmışdı. O zaman Əhməd Şaranı həbs edən ABŞ kəşfiyyatının keçmiş rəhbəri plenar iclasda Əhməd Şaraa ilə üz-üzə gəlmiş və ona hörmətinin olduğunu bildirmişdir.

Bütün bunlar onu deməyə əsas verir ki, Suriya dövləti və xalqı üçün yeni dövr başlayır. Hansı ki, bu dövr Suriyaya iqtisadi tərəqqi, siyasi, ictimai sabitlik, beynəlxalq arenada yüksək nüfuz və hörmət vəd edir.

İLHAM ƏLİYEV

Chosen
20
1
sia.az

2Sources