“Bu gün müvafiq orqanların, xüsusilə, Maliyyə Nazirliyinin təşəbbüsü ilə müəyyən lazımsız ştatların ləğv olunması zərurətə çevrilib. Bu, təqdirəlayiqdir. Amma düşünürəm ki, bu, düşünülmüş şəkildə həyata keçirilməlidir. Məsələn, Ağcabədi böyük rayondur, bu gün aqrar inkişaf mərkəzində cəmi 6 mütəxəssis var. Böyük rayon üçün bu ştatlarla xidmət göstərmək mümkün deyil. Digər sahələrdə də belə anlaşılmazlıq var”.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Əksər yerlərdə gözətçi, xadimə ştatı ləğv edib. Xadiməni, gözətçi ştatını ləğv etmək asandır, amma onlara çörək vermək lazımdır. Minlərlə belə ştatlar ləğv edilib. Bu, büdcəyə qənaət deyil, ziyan vurmaqdır. Təhsil sektorunun müdirinin xidməti maşını, əlavə vəsaiti yoxdur ki, məktəbə getsin. Bu ştatlar niyə kəsilməlidir?!”- deyə deputat qeyd edib./Bizim.Media