EN

"Bu gün Azərbaycan regionda ən güclü ordulardan birinə sahib olan ölkədir" - ŞƏRH EDİLDİ

"Zəfər gününə həsr olunan parad, Azərbaycanın qələbəsinin təntənəsi idi. Bu parad vasitəsilə biz 44 günlük Vətən müharibəsində bizə qələbə qazandıran şəhidlərimizi, qazilərimizi və müharibə iştirakçılarımızı xüsusi vurğulayaraq onlara minnətdarlığımızı ifadə etdik. Keçirilən parad möhtəşəmliyi ilə seçildi. Paradda yeni müasir texnika, silah və döyüş avadanlıqları nümayiş etdirildi". Bu sözləri SİA-ya açıqlamasında hərbi eskpert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, bu nümayişin iki əsas məqsədi var idi:

"Birincisi – Azərbaycanın inkişafını və ordusunun gücünü dostlarımıza nümayiş etdirməkdir. İkincisi isə düşmənlərimizə xəbərdarlıqdır: əgər Azərbaycana pis niyyətlə yanaşsanız, hansı güclə qarşılaşacağınızı bilin. Paradda biz həm də Azərbaycan Ordusunda aparılan islahatların nəticəsini gördük. Bu islahatlar, Prezident İlham Əliyevin rəhbərliyi ilə, orduya Türkiyə modelinin tətbiqi və digər müasir yanaşmalarla həyata keçirilmişdi. Hava, dəniz və qurudakı bütün texnika və silahlar – pilotsuz uçuş aparatları, artilleriya sistemləri, raket yayım vasitələri, təyyarələr – hamısı 4+ nəsil silahlardır. Bu da onu göstərir ki, Azərbaycan Ordusu sürətlə inkişaf edir. Güclü dövlətin güclü ordusu olur prinsipi burada öz əksini tapır. Prezident İlham Əliyev vurğulayıb ki, bu gün ikili standartların hökm sürdüyü dövrdə beynəlxalq hüquq işləmədiyi üçün yalnız güc amili rol oynayır. Kim güclüdürsə, o haqlıdır prinsipi ilə yanaşılır. Ona görə də Azərbaycan da öz maraqlarını və suverenliyini qorumaq üçün güclü olmalıdır. Ordunun güclü olması isə məhz bu zərurətdən doğur.

Paradda göstərilən inkişaf həm də Azərbaycanın kadr potensialının artırılması, müasir silahlara yiyələnməsi və 44 günlük Vətən müharibəsində qazanılan təcrübənin hərbi sistemə tətbiqi ilə bağlıdır. Bu gün Azərbaycan regionda ən güclü ordulardan birinə sahib olan ölkədir. Ordunun bünövrəsi isə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Onun siyasi kursunu davam etdirən Prezident İlham Əliyev bu ordunu müasir tələblərə cavab verən gücə çevirdi. Məhz bu hazırlığın nəticəsi olaraq 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu uğur qazandı. Cənab Prezident o vaxt demişdi ki, Azərbaycan Ordusu qısa müddətdə işğalçı qüvvələri darmadağın etməyə qadirdir. Bu sözlər 2020-ci ildə 44 günlük Vətən müharibəsində tam təsdiqini tapdı. Müharibədən sonra Prezidentin “Azərbaycan Ordusu nə lazımdırsa, onu da alacaq” bəyanatı reallığa çevrildi. Zəfər gününə həsr olunan paradda nümayiş olunan texnika da məhz həmin təminatın nəticəsidir".

Müəllif: Arzu Qurbanlı
Chosen
15
1
sia.az

2Sources