EN

“Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabı işıq üzü gördü

AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov və Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, professor Tofiq Mustafazadənin “Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabı çap olunub.

Publika.az xəbər verir ki, yeni nəşrin elmi redaktoru tarix elmləri doktoru Mehman Süleymanov, elmi məsləhətçiləri Dünya Əfşarlar Dərnəyinin başqanı Şərəf Kocakaya və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Fuad Nurullayev, rəyçiləri ortaəsrşünas alimlər Tahirə Həsənzadə, Güntəkin Nəcəfli və İradə Məmmədova, redaktorları tarixçilər Sevinc Məlikzadə, Elnur Nəciyev və Nazim Xəlilov, dizayner və texniki redaktoru isə riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayevadır.

Kitab 19 bölmədən - “Dünya hərb sənətinin Nadir şah zirvəsi”, “Tarixçilər və ilk mənbələr Nadir şah haqqında”, “Nadir şahın hakimiyyətə gəlməsi ərəfəsində Səfəvi dövləti”, “Dahi sərkərdənin çətin gənclik illəri və ilk hərbi uğurları”, “Hakimiyyət zirvəsinə yüksəliş”, “Dahi sərkərdə hakimiyyət başında”, “Nadir şah Əfşarın daxili siyasəti”, “Nadir şahın Qəndəharı alması”, “Nadir şahın Hindistan səfəri”, “Türküstan yürüşü”, “Nadir şahın böyük elçiliyi Rusiya sarayında: təmtəraqlı qəbul”, “Dağıstana növbəti yürüş”, “Rusiya ilə münasibətlərdə gərginlik yaranır”, “Ümumxalq narazılığının güclənməsi: mərkəzi hakimiyyətə qarşı iğtişaşlar, qiyamlar, üsyanlar”, “Osmanlı İmperiyası ilə müharibələrin başa çatması”, “Nadir şahın qətlə yetirilməsi və Əfşar İmperiyasının süqutu”, “Dünya tarixində Nadir şah şəxsiyyəti”, “Tariximizdə Nadir şah faciəsi, onun ağır nəticələri və ibrət dərsləri” və “Əlavələr” bölmələrindən ibarətdir.

Yaqub Mahmudov kitaba yazdığı “Dünya hərb sənətinin Nadir şah zirvəsi” adlı ön sözdə bu fikirləri bildirib: “Nadir şahı amansızlıqda, kütləvi qırğınlar törətməkdə suçlayanlar yanılırlar. Bu, həqiqət deyil! Həqiqət budur ki, Nadir şahın kütləvi qırğınlar törətməsi barədə ilk mənbələrdə heç bir məlumata rast gəlinmir. Lakin dahi sərkərdə Vətən torpağını işğalçılardan təmizləmək naminə keçirdiyi döyüşlər zamanı qorxaqlıq göstərənlərə, fərarilərə, satqınlara, mərkəzi hakimiyyətə qarşı çıxanlara, qiyamçılara qarşı amansız idi və belələrini cəzalandırırdı. Bunsuz Dərbənddən Türküstanın və Hindistanın içərilərinə, Hind okeanı sahillərinə qədər uzanıb gedən, geniş əraziləri əhatə edən böyük bir imperiyanı əldə saxlamaq mümkün idimi?!”

Əsərdə qeyd olunur ki, Nadir şah qısa və parlaq hakimiyyəti dövründə (1736-1747) iki böyük imperiyanı - Osmanlı və Böyük Moğol imperiyalarını məğlub edən, çar Rusiyası tərəfindən işğal olunmuş Səfəvi torpaqlarının geri qaytarılmasına nail olan, əfqan müdaxiləçilərini ölkədən qovub çıxaran və çökmüş Səfəvi İmperiyasının ərazisini daha da genişləndirərək yeni bir imperiya - Azərbaycan Əfşarlar İmperiyasını yaradan qüdrətli hökmdardır. Nadir şah Azərbaycan xalqının təşəkkülündə yaxından iştirak etmiş və Səfəvilər dövlətinin yaranmasında mühüm rol oynamış türk Əfşarlar tayfasının Qırxlar boyundan çıxmış, əslən Azərbaycanın Dərbənd bölgəsindən olan sadə bir kəndli oğludur. Onun mənsub olduğu döyüşkən elat Şah Abbas tərəfindən Səfəvi İmperiyasının Mərkəzi Asiya sərhədlərini müdaxiləçilərdən qorumaq üçün Dərbənddən Xorasana köçürülmüşdü.

Chosen
27
5
publika.az

6Sources