EN

Azərbaycan ADB ilə müzakirə aparıb

Azərbaycan və Asiya İnkişaf Bankı (ADB) şəhər nəqliyyat şəbəkəsinin genişləndirilməsinin növbəti mərhələsini müzakirə edib. SİA-nın verdiyi məlumata görə, bu barədə ADB-nin prezidenti Masato Kanda sosial şəbəkə hesabında yazıb.

"Bu gün "İçərişəhər" metro stansiyasında oldum və şəhərin nəqliyyat şəbəkəsinin genişləndirilməsinin növbəti mərhələsinə hazırlığı müzakirə etmək üçün Bakı Metropoliteninin rəhbərliyi ilə görüşdüm. ADB-nin Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində Azərbaycan hökumətinin metronun modernləşdirilməsi, rəqəmsal əməliyyatların təkmilləşdirilməsi, sistemin səmərəliliyinin və şəbəkənin buraxılış qabiliyyətinin artırılması ilə bağlı planlarını dəstəkləyirik", - paylaşımda qeyd edilib.

M.Kanda vurğulayıb ki, bu səylər mobilliyi artıracaq, Bakı daxilində əlaqəliliyi gücləndirəcək, insanlar və biznes üçün imkanları genişləndirəcək.

"ADB səmərəli, inklüziv və gələcəyə hazır şəhər nəqliyyatı qurmaq üçün tərəfdaşlarla işləməyə davam edəcək", - bankir qeyd edib.

Xatırladaq ki, ADB "Bakı Metropoliteninin dekarbonizasiyası: Gələcəyin ağıllı və dayanıqlı şəhər nəqliyyatının yaradılması" layihəsinin həyata keçirilməsi üçün 700 min ABŞ dolları məbləğində texniki yardımı təsdiqləyib. Bank Bakı Metropoliteninin inkişafı üçün Azərbaycana 1 milyard ABŞ dollarına qədər kredit verməyə hazır olduğunu bildirib.

Layihənin məqsədi "ağıllı" və dayanıqlı gələcək şəhər nəqliyyatının yaradılmasıdır. Kredit ümumi dəyəri 2 milyard ABŞ dolları olan daha genişmiqyaslı investisiya proqramı çərçivəsində nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür və bu müddət ərzində bank ölkəyə 5,6 milyard ABŞ dollarına yaxın kredit ayırıb. Bunun 4,4 milyard dolları dövlət sektoruna, 1,2 milyard dolları özəl sektora yönəldilib. Eyni zamanda, bank Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1,5 milyard ABŞ dolları, enerji layihələrinə isə 1,7 milyard ABŞ dolları vəsait ayırıb.

ADB 1966-cı ildə təsis edilib. Onun baş qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Bankda 50-si Asiya-Sakit okean regionundan olmaqla 69 səhmdar ölkə təmsil olunur.

Müəllif: Ziya Hikmətoğlu
Chosen
26
3
sia.az

4Sources