EN

C-130 müəmması - “Qara qutu”lar harada oxunacaq?

Türkiyənin qəzaya uğrayan təyyarəsi ilə bağlı ən vacib tədqiqat başlanır - iki ekspertin fərqli mövqeyi

Türkiyənin qəzaya uğrayan C-130 hərbi yük təyyarəsinin hansı səbəbdən qəzaya uğraması hələ ki, müəmma olaraq qalır. Hökumət dairələri ilə yaxın əlaqələri olan “Hürriyet” qəzetinin köşə yazarı Əbdülqadir Selvi təyyarənin vurulmuş ola biləcəyi versiyasını irəli sürüb. “Həm təyyarənin qəzaya uğraması, həm də vurulması ehtimalı araşdırılır. Qafqaz xüsusi təhlükəli bölgə olması ilə tanınır. O səbəbə hər bir versiya araşdırılır”, - deyə o yazıb.

Lakin Türkiyə Müdafiə Nazirliyindən bildirilib ki, C-130 qəzasının səbəbi barədə fərziyyə irəli sürmək hələ tezdir və araşdırma davam edir.

Bəs “Qara qutular” harada oxunacaq - Türkiyədə, yoxsa istehsalçı ölkədə - ABŞ-da? Təcrübə nə deyir?

Bu arada Türkiyə C-130 təyyarələrinin uçuşunu dayandırıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Sözügedən qərar Gürcüstan-Azərbaycan sərhədində C-130 hərbi yük təyyarəsinin qəzaya uğramasından sonra inventarda olan digər C-130 təyyarələrinin uçuşlarının ehtiyat tədbiri olaraq həyata keçirilib.

fikret.jpeg

Fikrət Yusifov 

Siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov “Yeni Müsavat”a bütün hallarda tədqiqatın nəticələrini gözləməyin vacibliyini vurğuladı: “Hesab edirəm ki, ”qara qutu"nun açılmasından sonra əldə ediləcək məlumatlar və təyyarənin qalıqlarının ekspertizası qəza ilə bağlı bütün gerçəkləri ortaya qoyacaq. Unutmayaq ki, bu təyyarə artıq 60 ildən çox idi ki, istismar edilirdi. Bu səbəbdən onun qəzaya uğramasının bir səbəbi də kifayət qədər köhnə olması ilə də əlaqələndirilə bilər. Təyyarənin qalıqlarının görüntüləri onun bəzi hissələrində ciddi paslanma olduğunu göstərdi. Mən bu kadrları Türkiyə telekanallarında müşahidə etdim. Ola bilsin ki, təyyarənin gövdəsindəki korroziya çox dərin olub və qəza da bu səbəbdən baş verib. Təyyarənin vurulması ehtimalı isə heç inandırıcı görünmür. Bu gün bu bölgədə Türkiyənin hərbi təyyarəsini vurmağa heç kim cəsarət etməz. Çünki hər bir dövlət yaxşı anlayır ki, belə bir addım bölgədə hərbi münaqişə yarada bilər. 

Bütün hallarda tədqiqatın nəticələrini gözləməkdən başqa yol yoxdur. Ancaq bunun o qədər də tez olacağını düşünmürəm. Təcrübə göstərir ki, belə tədqiqatların hərtərəfli aparılması və bu zaman müxtəlif ekspertizaların keçirilməsi kifayət qədər uzun zaman tələb edir. 

Tədqiqatın təyyarəni istehsal edən ölkədə, yəni ABŞ-da və ya Türkiyədə aparılmasının isə heç bir fərqi yoxdur. ABŞ və Tükiyə müttəfiq ölkələrdir və o səbəbdən onun ABŞ-da keçirilməsinə Türkiyə də etiraz etməz. Bu işi hansı tərəf daha peşəkar bir şəkildə keçirə bilərsə, heç şübhəsiz ki, iş o tərəfə də həvalə olunacaqdır.

Təyyarənin köhnə olması və bu səbəbdən qəzaya uğraya bilməsi ehtimalı isə Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən  C-130 təyyarələrinin uçuşunu dayandırmaq qərarının verilməsinə səbəb olub. Hesab edirəm ki, bu doğru addımdır".

Medianın

 Rövşən Məhərrəmov 

Polkovnik Rövşən Məhərrəmov istənilən halda hər hansı bir versiya səsləndirməyi doğru saymır: “Türkiyənin qəzaya uğrayan təyyarəsi çox mükəmməl təyyarədir. Amerika istehsalıdır. Bütün sınaqlarda özünü doğrultmuş təyyarə sayılır. Yüklərin daşınması üçün nəzərdə tutulub. Müxtəlif versiyaları da meydana çıxıb. Bunlar daha müasirdir. Bu təyyarələrin qəzaya uğraması çox təsadüfi hallarda olub. Dörd motorlu təyyarədir. Ağır münaqişə zonalarında uçuşlar həyata keçirir. Vyetnam kimi müharibədə uçuşlar həyata keçirmiş təyyarədir. Bütün NATO ölkələrində bundan istifadə edilir. Hazırda dünya üzrə C-130-lardan 2600 dənə var. Bu təyyarənin mükəmməl olmasına şübhə yoxdur. Araşdırma gedir, onun üçün də hadisənin necə baş verdiyini kimsə dəqiq bilə bilməz. Hər hansı bir versiya səsləndirmək də doğru deyil. Çünki yekun rəy açıqlanacaq, onu gözləyək. ”Qara qutu" Türkiyədə oxunacaq. Bu təyyarələr qardaş ölkədə varsa, demək onun avadanlıqları da orada mövcuddur. Amma hadisə Gürcüstan ərazisində baş verdiyi üçün araşdırma təbii olaraq orada da aparılır. Birlikdə araşdırma aparılır. “Qara qutu”nun oxunmasında Gürcüstan nümayəndələri də iştirak edə bilər. Həmin səlahiyyət onlarda da var. “Qara qutu”nu Amerikaya aparacaqlarmı, ya yox, bu da sual altındadır. Qara qutunun qurğuları Türkiyədə olmazsa, o zaman aparıla bilər. Amma istənilən halda pilotlar belə rəy bildirə bilməz. Çünki hər bir pilot öz uçduğu təyyarə üzrə mütəxəssisdir. Digər təyyarələrə keçmək üçün kurslar keçirlər. Hazırda Azərbaycanda həmin təyyarələr olmadığı üçün pilotlarımız fikir bildirə bilməzlər. Təyyarələrin hər birinin uçuş saatları olur və hər uçuşdan sonra da baxış keçirilir. Sonrakı uçuşun konkret saatı da müəyyən olunur. İndi komissiya baxacaq və rəyini verəcək. Bundan sonra tədbirlər görülə bilər. Amma bu təyyarə 2020-ci ildə təmirdən çıxıb. Neçə saat uçuş keçirdiyini hazırda biz bilə bilmərik. Burada əsas rolu uçuş saatları oynayır, nə vaxt təmir edilməsi deyil. Məsələn, təyyarə çoxdan istehsal oluna bilər və az da uçuş həyata keçirə bilər. O zaman təmirə hansı zamanda istehsal olunmasından asılı olmayaraq ehtiyac yoxdur. Təmirdən sonra əlbəttə ki, uçuş saatları da aşağı düşür. Güman edirəm ki, “qara qutu”nun rəyi açıqlanandan sonra hər şey üzə çıxacaq. Ona qədər gözləməliyik". 

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Chosen
32
musavat.com

1Sources