BAKI, 15 noyabr. TELEQRAF
Ermənistanın Moskvadakı səfirliyi yaxınlığında Ermənistanın hazırkı rəhbərliyinin siyasətinə qarşı ictimai etiraz aksiyası keçirilib. İştirakçılar Baş nazir Nikol Paşinyanın hərəkətləri ilə razılaşmadıqlarını bildiriblər və həbsdə olan din xadimləri və biznesmen Samvel Karapetyanın dərhal azadlığa buraxılmasını tələb ediblər.
Teleqraf xəbər verir ki, bu barədə “Moskovski Komsomolets” məlumat yayıb.
Tədbirdə əsasən erməni diasporunun nümayəndələri olmaqla 100-ə yaxın insan iştirak edib. Nümayişçilər qeyd ediblər ki, rəsmi İrəvanın indiki siyasəti cəmiyyətdə xaos səpmək, ictimai şüuru zəhərləmək, erməni xalqı arasında süni parçalanma yaratmaqdır.
İştirakçılar həbsdə olan din xadimlərinin vəziyyətinə xüsusi diqqət yetiriblər. Nümayişçilər Ermənistan xalqını hökumətin təxribatlarına uymamağa və indiki çətin siyasi şəraitdə birliyi qorumağa çağırıblar.