Əməkdar artist Gülüstan Əliyeva ikinci dəfə ailə qurmaması ilə bağlı suallara cavab verib.
Redaktor.az xəbər verir ki, "Qadın lüğəti" layihəsində qonaq olan ifaçı bunu həyat yoldaşının "şəhid" adına görə etmədiyini deyib.
"Niyə ikinci dəfə ailə qurmamağımla bağlı mənə çox sual verirlər. "Şəhidlik" ali ad, rübədir. Zaman-zaman deyirdim ki, kaş boşanmış olardım. Başqa səbəblər olardı, onun acığına başqa addımlar atardım. Axı, o təsadüfi bir ölümlə məndən ayrılmayıb. O Vətəni qucaqlayaraq məndən ayrılıb. Buna görə bu addımı ata bilmədim. Həmişə deyirlər ki, əvəzolunmaz insan yoxdur. Düzdür, amma yerinə qoya bilmədiyimiz insanlar var. Onun yerinə kimisə qoya bilmədim. Bu haqda heç vaxt düşünmədim. Həyatım elə qəribə, keşməkeşli, qaça-qaçlı, mübarizəli keçdi ki, bunlara vaxt tapmadım".
Qeyd edək ki, Cəbrayıl rayonunda doğulub-böyümüş şəhid Zahid Əhmədov gənc yaşında, 1991-ci ildə Qarabağ müharibəsində həlak olub. BDU-nun Hüquq fakültəsinin məzunu olan Z.Əhmədov Cəbrayıl rayonu Polis İdarəsində əvvəlcə əməliyyat müvəkkili, sonra bölmə rəisi işləyib. 1991-ci ildə Cəbrayıl cəbhəsində minaya düşüb. Onun Rüfət adlı bir oğlu yadigar qalıb.