BAKI, 16 noyabr. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin energetika sektorunda idarəetmənin “təmizlənməsi və yenidən qurulması” ilə bağlı hökumətə bir sıra tapşırıqlar verib.
Teleqraf xəbər verir ki, o bu barədə "Telegram" hesabında məlumat yayıb.
Onun sözlərinə görə, hökumətə Enerji və Kommunal Xidmətlər üzrə Dövlət Tənzimləmə Milli Komissiyasının tərkibinin yenilənməsini nəzərdə tutan təcili qanun layihəsinin "Verxovnaya Rada"ya təqdim edilməsi tapşırılıb.
Zelenski həmçinin Dövlət Nüvə Tənzimlənməsi İnspeksiyası və Enerji Nəzarəti İnspeksiyasının rəhbərliyinin dəyişdirilməsi, eləcə də Dövlət Əmlak Fondu rəhbərinin təyinatına dair sənədin parlamentə təqdim olunmasını istəyib.
Prezident bildirib ki, hüquq-mühafizə və antikorrupsiya qurumları ilə birlikdə ARMA – Aktivlərin Axtarışı və İdarəolunması Agentliyinin də yenilənməsi təmin ediləcək və yeni rəhbərin ilin sonunadək təyin edilməsi nəzərdə tutulur.
Zelenski əlavə edib ki, Rusiya ilə əlaqəsi olan şəxslərə məxsus aktivlər müsadirə edilərək dövlət müdafiəsinə və büdcəyə yönəldiləcək.