EN

Rusiya səfirliyimizi təsadüfən vurub? - “Kreml bu qədər güclənməyimizi həzm edə bilmir”

“Təsadüf məsələsi artıq ağıza alınmamalıdır. Bu hücum artıq neçənci belə haldır. Rusiyanın Ukrayna ərazisində vurduğu obyektlər içərisində Azərbaycana məxsus xeyli obyektlər var”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında politoloq Turan Rzayev deyib. O bildirib ki, Rusiya Ukrayna ərazisində olan Azərbaycana məxsus strateji obyektlərdən xəbərdardır:

“Azərbaycan və Rusiya arasında Moskva bəyannaməsi var. Həmin bəyannamənin müddəalarında da açıq şəkildə göstərilib ki, tərəflər bir-birinə bu tipli hücumlar etməməlidir. Yeri gəlmişkən, Rusiya Ukrayna ərazisində olan Azərbaycana məxsus strateji obyektlərdən xəbərdardır. Bu ərazilərin vurulması heç bir halda təsadüf deyil”.

Siyasi şərhçi vurğulayıb ki, heç bir halda Rusiyanın səmimiyyətli inandırıcı deyil:

“Görünür ki, Rusiya tərəfi Azərbaycanla münasibətlərin normallaşmasında səmimi deyil. Kreml Azərbaycanın bu qədər güclənməsini həzm edə bilmir. Rusiya hələ də bizi 90-cı illərin zəif Azərbaycanı kimi görür. Halbuki, Azərbaycan və Rusiya arasında AZAL təyyarəsinin vurulması ilə bağlı məsələ yeni-yeni öz həllini tapırdı ki, belə bir hadisə baş verdi. Mən heç bir halda Rusiyanın səmimiyyətinə inanmıram. Heç Bakının verdiyi notaya Moskvanın cavabı da səmimi deyil. Bizim niyyətimiz heç bir halda Rusiya ilə gərginlik deyil”.

T.Rzayev diqqətə çatdırıb ki, Moskva bu məsələdə ölçü götürməsə, Bakı beynəlxalq hüquq çərçivəsində başqa variantlara da əl ata bilər:

“Ümumiyyətlə Azərbaycan heç bir ölkə ilə gərgin münasibətlərə sahib olmaq istəmir. Hətta sülh müqaviləsinin şərtlərində belə Ermənistana kifayət qədər güzəştlər edilib. Sülh tərəfdarı olan bir ölkəyə qarşı bu cür ardıcıl təxribatların törədilməsi açıq və kobud şəkildə beynəlxalq hüququn pozulmasıdır. Əgər rəsmi Moskva bu məsələdə ölçü götürməsə, Bakı beynəlxalq hüquq çərçivəsində başqa variantlara da əl ata bilər. Azərbaycanla gərginlik Rusiyaya heç bir halda sərf etməyəcək”.

Qeyd edək ki, Qeyd edək ki, 14 noyabr tarixində təqribən gecə saat 01:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən biri Azərbaycan səfirliyinin ərazisinə düşüb. Bununla bağlı Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Bununla bağlı ona kəskin etiraz bildirilib və müvafiq nota təqdim edilib.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
45
2
yenisabah.az

3Sources