EN

"Ukraynadan Rusiyaya gecə zərbələri: bir neçə neftayırma zavodu və S-400 sistemləri sıradan çıxarılıb" - Ukrayna mətbuatı

"Genişmiqyaslı hücumlar Volqoqrad, Novorossiysk, Krım və Samara istiqamətində aparılıb..."

Ukrayna KİV-ləri yazır ki, Ukrayna Silahlı Qüvvələri son sutkalarda Rusiyanın müxtəlif bölgələrindəki hərbi hədəflərə geniş zərbələr endirib. Bu hücumlar həm dronlarla, həm də yüksək dəqiqlikli raketlərlə həyata keçirilib və xüsusilə enerji infrastrukturu, hava hücumundan müdafiə sistemləri və hərbi logistika obyektlərini hədəfə alıb.

Volqoqrad və Krımda partlayışlar, dronlar yaşayış binasına düşüb

Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, Volqoqrad və bir neçə digər regionda hava həyəcan siqnalları səslənib və HHM sistemləri aktivləşdirilib. Volqoqradda dronlardan biri çoxmərtəbəli yaşayış binasına düşüb. Regional rəhbərlik hadisəni təsdiqləyib və ən azı üç nəfərin yaralandığını bildirib.

Eyni zamanda Krımda - Sevastopol, Saki hava liçanı və Simferopol ətrafında bir neçə partlayış qeydə alınıb. Yerli mənbələr hücumların "Neptun" raketləri ilə həyata keçirildiyini iddia edir. Hücumlar fonunda Volqoqrad hava limanında uçuşlara məhdudiyyətlər tətbiq olunub.

Novorossiyskə zərbələr: S-400 kompleksində "böyük dəlik"

UTX mənbələri təsdiqləyib ki, Novorossiyskdə yerləşən hərbi hissəyə uzaqmənzilli dron hücumu nəticəsində ən azı 4 ədəd S-400 "Triumf" buraxılış qurğusu, 2 radar stansiyası (96Н6 və 92Н6) tamamilə məhv edilib. Mənbə bildirir ki, həmin ərazidə təxminən 12 belə qurğu yerləşib, buna görə zərərin daha geniş olduğu ehtimal edilir.

Ukrayna xüsusi xidmətləri bildirir ki, müdafiə sistemlərinin sıradan çıxarılması Rusiyanın hava qalxanı üçün boşluq yaradır, bu isə növbəti zərbələri daha effektiv edir. Həmin gecə Novorossiysk limanındakı neft terminalı da dron və raketlərlə vurulub. Terminalda böyük yanğın qeydə alınıb və boru xətləri, nasos stansiyaları, eləcə də yanacaq doldurma konstruksiyaları zədələnib.

Samara və Ryazan neftayırma zavodları, Donbasda dron anbarı vurulub

Ukrayna Baş Qərargahı təsdiqləyib ki, Samara vilayətində yerləşən Novokuybışevsk Neftayırma Zavoduna dron hücumu nəticəsində güclü partlayış və yanğın qeydə alınıb. Bu müəssisə Rusiyanın reaktiv mühərrik yanacağı istehsal edən əsas zavodlarından biridir.

Bundan əlavə, Ryazan NEZ-də çoxsaylı partlayışlar, Krımda "Nebo-U" radiolokasiya sistemi, Donbasda dronların anbarı, Tokmak istiqamətində hərbi eşelon,  Xarkov ətrafında şəxsi heyət toplanma məntəqəsi məhv edilib. Baş Qərargah bildirir ki, məqsəd - Rusiyanın Ukrayna şəhərlərini raket və pilotsuz aparatlarla vurmaq imkanlarını sistemli şəkildə zəiflətməkdir.

Bu hücumlar son həftələrdə müşahidə olunan meyli davam etdirir: Ukrayna artıq təkcə taktiki deyil, həm də Rusiyanın hərbi iqtisadiyyatını, yanacaq logistikasını və hava müdafiəsini hədəfə alır. Hər zərbə Rusiyanın Ukraynada apardığı müharibənin logistik əsaslarına yönəlir və görünür, bu kampaniya hələ yeni başlayır.

Moderator.az

Chosen
52
1
moderator.az

2Sources