EN

Altımış beşinci aşırım - Etibar Cəbrayıloğlu yazır

Altımış

Etibar CƏBRAYILOĞLU

İstedadlı yazıçı-publisist, bacarıqlı iş adamı, “Dastanoğlu” Fondunun rəhbəri Rüstəm Dastanoğlunun 65 yaşı tamam olur. Rüstəm müəllim özünü təbiətən yazıçı, əməldə isə daha çox yaradıcı iş adamı hesab edir.

Daşkənd kəndindən başlanan yol

Rüstəm Dastan oğlu Məmmədov 1960-cı il noyabrın 16-da əzəli və həsrətli yurd yerlərimizdən olan Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulub. Doğma kəndin təbiəti, toprağın ətri, gördüyü insanlar yaddaşına köçüb, gələcəkdə yazacağı hekayələrinin, povest və esselərinin qəhrəmanına çevriliblər. Nənəsindən eşitdiyi bayatılar, Aşıq Alı, Aşıq Ələsgər, Şah Abbas barədə söhbətlər, nağıl və dastanlar onu sözə, saza bağlayıb. Orta təhsilini davam etdirmək üçün Bakıya gəlib, 5 saylı kimya-biologiya təmayüllü məktəbdə oxuyub. Ukraynanın paytaxtı Kiyev şəhərində Politexnik İnstitutuna daxil olaraq ali məktəbi uğurla bitirib, atom fizikası ixtisası üzrə ali təhsil alan mütəxəssisdir.


Rüstəm Dastanoğlu

Özünün də qeyd etdiyi kimi, təbiətən yazıçı olan Rüstəm Dastanoğlu çox gənc yaşlarından bədii yaradıcılığa başlayıb. 1989-cu ildə “Ulduz” jurnalının 11-ci sayında çap olunan “Tənhalıq həsrəti” hekayəsi böyük maraqla qarşılanıb. Həm oxucular, həm də ədəbi tənqidin diqqətini çəkən “Tənhalıq həsrəti” istedadlı yazıçının digər bədii yazılarına, hekayə və esselərinə, publisistik məqalələrinə, ssenarilərinə işıqlı cığır açıb, yol salıb. Beləcə “Kölgə”, “Şeytan əməli”, “Torpağın ruhu”, “Yol” hekayələri, “Həqiqətə aparan yol”, “Köklənmə və ya kainatla təmasda” və s. analitik-fəlsəfi yazıları, “Vətən istedadlı övladları ilə tanınır”adlı essesi, çoxsaylı publisistik məqalələri müxtəlif qəzet və jurnallarda çap olunub, saytlarda yayımlanıb.

2022-ci ildə “Qanun” nəşriyyatı Rüstəm Dastanoğlunun “Düşüncələrimin kölgəsi” adlı kitabını Araz Yaquboğlunun redaktorluğu ilə oxucuların diqqətinə təqdim edib.Əməkdar incəsənət xadimi, tanınmış yazıçı, kinossenarist Orxan Fikrətoğlu “Düşüncələrimin kölgəsi” kitabına yazdığı “Ön söz”də müəllif Rüstəm Dastanoğlunun yaradıcılığını təhlil və təqdim edərkən onun yurd havasına, torpaq ruhuna köklənmiş şəxsiyyətinə xüsusi dəyər verib.

Maraqlıdır, niyə məhz “Düşüncələrimin kölgəsi”? Müəllif özü bunu kitabda belə izah edib: “... Çox təəssüf ki, yazdıqların heç vaxt tam düşündüklərin olmur, olsa-olsa, qırıq-qırıq kölgələri ola bilir. Bu kitaba da mənim düşüncələrimdən kiçik kölgələr hopub”.

Kitabda istedadlı qələm adamının hekayələri, esse və məqalələri, publisistik yazıları və səfər qeydləri toplanıb.

Vətəndaş mövqeyi, ziyalı missiyası

Bu gün 65 yaşını qeyd edən Rüstəm Dastanoğlu hələ gənclik illərindən öz vətəndaş mövqeyi ilə seçilib. Azərbaycan xalqının tarixi, gələcəyi, türkçülük ideyasının təbliği, indiki Ermənistan ərazisində qalan qədim yurd yerlərimiz, doğulub boya-başa çatdığı Göyçə mahalı, doğma Daşkənd kəndi və onun insanları barədə fikirlərini, düşüncələrini oxucularına çatdırıb. Bu mövzular Rüstəm müəllimin bütün bədii əsərlərində, publisistik yazılarında, məqalə və müsahibələrində qırmızı xətt kimi keçir.

Rüstəm Dastanoğlu bacarılqlı iş adamı olmaqla yanaşı həm də daim dövlətinin inkişafını, xalqının gələcəyini düşünən, milli-mənəvi dəyərlərə diqqətlə yanaşan xeyriyyəçidir. Onun maddi dəstəyi və ideya müəllifliyi ilə Aşıq Ələsgərin şeirləri gürcü dilinə tərcümə edilərək “Sözün işığı” adlı kitabda toplanıb.Həmin nəşr Dədə Ələsgərin 200 illiyinə həsr olunan tədbirlər çərçivəsində nəşr edilib. El aşığı, Aşıq Hacı Göyçəli haqqında sənədli filmin hazırlanmasına maddi dəstək göstərib. Qarabağ savaşında hərbi həkim kimi çalışmış, müharibənin sərt üzünü yaşamış İmran Qurbanovdan bəhs edən “Dönüş” tammetrajlı sənədli filminin ideya müəllifi də məhz Rüstəm Dastanoğludur. 2018-ci ildə çəkilən həmin filmin ssenarisi Əməkdar incəsənət xadimi yazıçı-kinodramaturq Orxan Fikrətoğluna məxsusdur. Sənədli filmin quruluşçu rejissoru Rüfət Əsədovdur.

Rəhbərlik etdiyi “Dastanoğlu” Fondu milli ədəbiyyatımızın təbliğinə və inkişafına, istedadlı gənclərin dəstəklənməsinə mühüm önəm verir. Fond Xalq yazıçısı Yusif Səmədoğlu adına ənənəvi nəsr müsabiqəsi təşkil edir və qalib seçilən gənc yazıçıları mükafatlandırır.

Dost təbriki, dost arzusu


Çingiz Abdullayev

Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev: “Rüstəm Dastanoğlu dövlətinə, millətinə çox bağlı ziyalı, dostlarına sədaqətli, mərd bir insandır. Doğulub boya-başa çatdığı Göyçə ilə nəfəs alır. Vaxt tapan kimi Rüstəmlə Xızı dağarına gedir, təbiətlə ünsiyyətdə oluruq. Belə anlarda Rüstəm sanki Göyçənin havasını udur, özünü ruhən orda hiss edir.

Əziz dostmun 65 yaşını ürəkdən təbrik edirəm. Ailəsi, doğmaları, işi, yaradıcılığı ilə bağlı bütün istəklərini, planlarını həyata keçirə bilsin. Arzum budur ki, Rüstəm Dastanoğlu 70 illik yubileyni Göyçədə, Daşkənd kəndində qeyd eləsin, biz də dostlarla yığışıb gedək ora”.

Kino rejissor Rüfət Əsədov: “Rüstəm Dastanoğlu ilə tanışlığmızın tarixi necə deyərlər, qədimdir. Ötən əsrin 90-cı illərinin lap əvvəlindən başlanıb bu dostluq. Uzun müddət Rusiyada yaşayıb Sankt-Peterburqdan Bakıya dönmüşdüm. Vətənə qayıdandan sonra tanış olduğum ilk insanlardan biridir Rüstəm müəllim. Xalq artisti, kino rejissor Oqtay Mir-Qasımovun o dövlərdə yaratdığı “Yeni film” studiyasında Rüstəm müəllimlə bir yerdə çalışmışıq da. 2018-ci ildə Rüstəm Dastanoğlunun ideya müəllifliyi ilə “Dönüş” tammetrajlı sənədli film çəkdim. Orxan Fikrətoğlunun ssenarisi əsasında ərsəyə gələn bu filmin çəkilişi dövründə Rüstəm müəllimi daha yaxından müşahidə etmək şansım oldu. Bir daha əmin oldum ki, Rüstəm Dastanoğlu çox yaradıcı insandır. Ciddi məşğul olduğu bütün işlərə də yaradıcı yanaşır və uğur qazanır. Belə vətənpərvər, bacarlıqlı ziyalılara, sözü və əməli bütöv insanlara cəmiyyətin hər zaman ehtiyacı var. Əziz dostumun 65 illik yubileyini ürəkdən təbrik edirəm. Özünə və əzizlərinə cansağlığı, uzun ömür arzulayıram”.


Rüstəm Dastanoğlu

Ömrünün altımış beşinci aşırımını ləyaqətlə geridə qoyan Rüstəm Dastanoğlu qarşıdakı zirvərləri fəth etməyə doğru irəliləyir. Əminikki, gün gələcək Rüstəm Dastanoğlunun Göyçə həsrətinə son qoyulacaq, istedadlı yazıçı doğma Daşkənd kəndini qarış-qarış gəzək, Çınqılın dibindəki tütün şitillərini suvaracaq, Ağdaşın altı deyilən təpənin ətəyi ilə evlərinə qayıdacaq.

O günlər uzaqda deyil!
Chosen
30
1
reyting.az

2Sources