EN

17 NOYABR: MÜSTƏQİLLİYƏ GEDƏN YOL

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Samir Əsədli,

VHP-nin sədr müavini

17 noyabr Azərbaycan tarixində milli şüurun dirçəlişini, xalq iradəsinin sarsılmazlığını və milli kimliyin yenidən oyanmasını simvolizə edən xüsusi bir gündür.

Bu tarix sadəcə siyasi etiraz və ya sosial narazılıq deyildi, 70 il boyunca totalitar rejimin təzyiqləri, ideoloji qadağalar, dil və milli kimlik üzərindəki sıxıntılar altında boğulan xalq enerjisinin bir vulkan kimi kimi üzə çıxması idi.

XX əsr boyunca sovet ideoloji maşını Azərbaycan xalqının milli varlığını zəiflətməyə, tarixini və dilini sıradan çıxarmağa çalışmışdı. Lakin repressiyalar və qadağalar xalqın içində susdurulmuş bir gücün yığılmasına səbəb olurdu. 1988-ci ilin 17 noyabrında bu güc artıq saxlanılmaz bir enerjiyə çevrildi. Həmin gün başlayan kütləvi çıxışlar həm siyasi, həm sosial, həm də ideoloji məzmun daşıyırdı və xalq öz varlığını, hüququnu və milli kimliyini müdafiə etmək üçün ayağa qalxmışdı.

Xalq Hərəkatının liderlərindən biri olan Sabir Rüstəmxanlı bu hadisəni belə xarakterizə edir: “1988-ci ilin 17 noyabrında milyonlarla insan Sovet imperiyasına etiraz olaraq Meydana toplandı. Milli tariximizin şanlı səhifəsi olan həmin günlərdə biz bir millət, xalq olaraq öz iradəmizi ortalığa qoyduq və müstəqilliyə haqqımızın çatdığını bütün dünyaya bəyan etdik. Məhz Meydan hərəkatından başlayan böyük bir mübarizənin məntiqi nəticəsi Sovet dövlətinin süqutunu qaçılmaz etdi və Azərbaycan xalqı öz istiqlalına qovuşdu.”

Bu sözlər həmin günün mahiyyətini dəqiq ifadə edir və 17 noyabr yalnız etiraz yox, yeni tarixi mərhələnin başlanğıcı idi.

Belə ki, Xalq Hərəkatı heç də təsadüfi şəkildə baş vermədi. Erməni təcavüzünün başlaması xalqın içində yığılan narazılığın açıq mübarizə səhnəsinə çıxmasına təkan verən son amil oldu. Elə buna görə də milyonların qatıldığı bu hərəkat qısa zamanda bütün SSRİ miqyasında ciddi sarsıntı yaratdı. Bu, 70 illik əsarət, repressiya və qadağalar altında sıxılan bir xalqın içində toplanmış nəhəng enerjinin, iradənin və etiraz səsinin birdən-birə gur partlayışla üzə çıxması idi.

17 noyabr hadisələri Azərbaycan xalqının birlik, həmrəylik və milli iradə nümayişinin ən parlaq örnəklərindən biridir.

Meydanlara axışan insanlar təkcə siyasi rejimə qarşı deyil, öz milli taleyinə sahib çıxmaq üçün birləşmişdi. Bu birlik qorxu divarlarını dağıtdı, milli qüruru dirçəltdi və azadlıq ideyasını dönməz yola çevirdi.

Bu gün 17 noyabrı xatırlamaq yalnız tarixi hadisəyə nəzər salmaq deyil, həm də milli özünüdərk və kollektiv hafizədəki dərsin yenidən dərk olunması deməkdir. 17 noyabr göstərdi ki, xalq birləşdikdə onun qarşısında dayanıqlı heç bir qüvvə qalmır. Müstəqillik ideyasının gerçəkləşməsi, dövlətçilik süfrəsinin yenidən qurulması, milli ruhun yüksəlişi məhz həmin günün yaratdığı enerjidən güc aldı.

17 noyabrda millətimiz birliyinin, həmrəyliyinin və gücünün təntənəsini yaşadı və bu təntənə layiq olduğu qələbəni, ölkənin müstəqilliyini təmin etdi.

Beləliklə, 17 noyabr Azərbaycan tarixində silinməz bir iz buraxmış, milli oyanışın və müasir dövlətçilik fəlsəfəsinin başlanğıc nöqtəsi kimi yaddaşımıza həkk olunmuş gündür. Bu tarix həm mübarizənin, həm birliyin, həm də milli kimliyin dirçəlişinin zirvə məqamıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
azpolitika.info

1Sources