EN

Xalqı milli ideya ətrafında birləşdirən tarixi gün Millət vəkili

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

"Müstəqil Azərbaycanda hər il noyabrın 17-də Milli Dirçəliş Günü böyük təntənə və qürur hissi ilə qeyd edilir. Dünyada 200-dək dövlət var. Xalqların sayı isə bundan dəfələrlə çoxdur. İndiyədək müstəqil dövlətini qurmaq heç də bütün xalqlara müyəssər olmayıb. Azərbaycan xalqı xoşbəxtdir ki, müstəqil dövləti var və öz taleyinin sahibidir. Artıq üç onillikdən çoxdur ki, respublikamız müstəqillik yolu ilə inamla irəliləyərək yeni-yeni nailiyyətlərə imza atır. Hazırda müstəqil Azərbaycan bütün dünyada ləyaqətli, milli maraqlarını qətiyyətlə qoruyan, böyük hörmətə malik bir dövlət kimi tanınır. Üçrəngli bayrağımız ən mötəbər beynəlxalq təşkilatlarda, BMT-də əzəmətlə dalğalanır". 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat bildirib ki, Azərbaycanın müstəqilliyə gedən yolu heç də asan olmayıb, bu yolda bir sıra mərhələlərdən keçilib. 1988-ci il noyabrın 17-də çoxəsrlik tarixə malik xalqımızın azadlıq uğrunda mübarizəsinin yeni bir səhifəsi yazılıb. Ölkəmizdə Milli Dirçəliş gününün qeyd edilməsi də məhz həmin tarixlə bağlıdır.

Həmin tarixi dönəm haqqında danışan Samir Vəliyev bildirib ki, sərt qadağalarla, süni təbliğatla idarə olunan keçmiş ittifaqın nə vaxtsa süqutu labüd idi. Onilliklər boyunca gizli gedən bu proses ötən əsrin sonlarına doğru müəyyən formalarda açıq şəkildə təzahür etməyə başladı. Milli ideyaları əxz edən, özünəinam hissi artan Azərbaycan xalqı bəhs olunan dövrdə böyük bir imperiyada başlayan proseslərin aktiv iştirakçıları sırasında yer alıb. Deputatın sözlərinə görə,  Azərbaycanda milli-azadlıq hərəkatı Ermənistanın respublikamıza qarşı ərazi iddiaları fonunda açıq müstəviyə keçib. 1988-ci ilin əvvəlindən etibarən Ermənistan Azərbaycana qarşı ərazi iddialarından çıxış edib. Moskvanın, xüsusən də keçmiş SSRİ-nin o dövrdəki rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovublar. Ermənilər həmçinin Azərbaycanın Dağlıq  Qarabağ bölgəsində ixtişaşlar törətdirdilər. Onlar tarixi torpaqlarımız olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb  Ermənistana  birləşdirilməsini tələb edirdilər. “Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. 1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan indiki Azadlıq meydanında keşmiş sovet hakimiyyətinin xalqımıza qarşı apardığı siyasətə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin izdihamlı mitinqi başlandı. Mitinq iştirakçıları respublikamıza qarşı ərazi iddiaları irəli sürən Ermənistanla iqtisadi əlaqələrin kəsilməsini, Topxanada görülən işlər barədə ətraflı məlumat verilməsini, Ağdam şəhərində qadağa saatının ləğv edilməsini, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində partiya və sovet orqanlarının buraxılmasını, orada Azərbaycanın hüquqi və siyasi hakimiyyətinin bərpa olunmasını və digər tələbləri irəli sürürdülər. Bütün xalq bir yumruq kimi birləşmişdi. Bu, əsl xalq, milli azadlıq hərəkatı idi. Bütün Azərbaycanın ürəyi Azadlıq meydanında döyünürdü.  Noyabrın 17-də başlayan izdihamlı mitinqlər günlərlə gecə və gündüz davam etdi. Dekabrın əvvəllərində keçmiş sovet qoşunları ümumxalq mitinqini dağıtmağa nail olsalar da, sonradan xalqımızın müstəqillik uğrunda mübarizəsi dönməz bir məcraya yönəldi. Bu mübarizənin nəticəsi olaraq 1991-ci ildə Azərbaycan XX yüzillikdə ikinci dəfə müstəqilliyini bəyan etdi”, - deyə Samir Vəliyev bildirib.

Deputat qeyd edib ki, müstəqil dövlətin ayaqda qalması, yaşaması, möhkəmlənməsi üçün zəruri şərtlər təmin olunmalıdır. Azərbaycanın xoşbəxtliyi ondadır ki, Ulu Öndər Heydər Əliyev zamanında gələcəyi düşünərək müstəqilliyimiz üçün güclü iqtisadi və ideoloji əsaslar yaratmağa nail olub. Bu əsaslar olmadan ötən əsrin doxsanıncı illərinin əvvəllərində qazanılan müstəqilliyin qorunması və möhkəmləndirilməsi əsla mümkn olmazdı. Samir Vəliyev böyük siyasətçi Heydər Əliyevin respublikamıza rəhbərliyinin iki fərqli ideoloji formasiyaya təsadüf etdiyini xatırladıb. Onlardan biri sərt qadağaların, milli məhdudiyyətlərin hökm sürdüyü keçmiş sovet dönəmi, digəri isə müstəqilliyimizin ilk illəridir. Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi onda idi ki, O, hər iki dönəmdə Azərbaycanın müstəqilliyi naminə böyük işlər görməyi bacarmışdır. Birinci mərhələdə Heydər Əliyev keçmiş sovet dönəminin sərt qadağalarına baxmayaraq, xalqımızın özünüdərk hissinin güclənməsi üçün məqsədyönlü fəaliyyət həyata keçiririb, həmçinin keçmiş ittifaq miqyasındakı böyük nüfuzundan istifadə etməklə bir sıra irihəcmli iqtisadi layihələrin məhz Azərbaycanda reallaşdırılmasına nail olub. Heydər Əliyevin Azərbaycanın sabahı naminə misilsiz fəaliyyəti bütün mühüm istiqamətləri əhatə edirdi. Bu sırada Onun milli mədəniyyətə, ədəbiyyata, Azərbaycan dilinə böyük qayğısını xüsusi qeyd etmək lazımdır. Uzaqgörən siyasətçi Heydər Əliyevin səpdiyi toxumlar ötən əsrin səksəninci illərinin sonlarından etibarən cücərməyə başladı. Onun zamanında məqsədyönlü şəkildə yaratdığı zəngin irs sonralar müstəqil Azərbaycanın iqtisadi, mədəni və ideoloji əsalarına çevrildi. “İş elə gətirdi ki, Azərbaycanın 1991-ci ildə qazandığı müstəqilliyinin qorunması missiyasını da Heydər Əliyev yerinə yetirdi. 1993-cü ilin yayında müstəqilliyimizin əldən getməsi təhlükəsi tam real idi. Belə çətin şəraitdə xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Heydər Əliyev atdığı qətiyyətli addımlarla müstəqilliyimizi qorumağa və  hadisələri müsbət məcraya yönəltməyə nail oldu”, - deyə Samir Vəliyev vurğulayıb.

Deputatın sözlərinə görə, son 22 ildə Heydər Əliyev siyasətinin varisliyinin təmin olunması, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyimizin daha da möhkəmlənməsi son dərəcə qürurvericidir. Heç şübhəsiz ki, 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazandığımız möhtəşəm qələbələr müstəqillik yolunda nail olduğumuz ən böyük uğurlarımızdır. Vətən müharibəsində qazanılan böyük Qələbə sayəsində Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etdi. 2023-cü il sentyabrın 19-da isə Ordumuz separatçıların yuva saldıqları ərazilərimizdə lokal xarakterli antiterror tədbirləri keçirdi və cəmi 23 saat ərzində onu uğurla tamamladı. Separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar.  Artıq Azərbaycan xalqı Milli Dirçəliş Gününü böyük qürur hissi ilə ölkənin bütün ərazisində qeyd edir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
3
unikal.az

4Sources