Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki çıxışını uğurlu adlandırmaq çətindir. Altı oyunda cəmi bir xal və qrupun sonuncu pilləsi. Bununla belə, son qarşılaşmalar komandada potensialın və gələcək üçün ümidverici nüansların olduğunu göstərdi.
Sovet dövrünün ən yaxşı Azərbaycan futbolçularından biri hesab olunan Səməd Qurbanov İdman.Biz-ə açıqlamasında milli komandanın oyunu barədə fikirlərini bölüşüb.
“Milliyə Ayxan Abbasov gəldikdən sonra futbolçularda özünəinam yarandı. Necə oldu bilmirəm, amma o, komandaya motivasiya verməyi bacardı. Həmin sözləri tapa bildi, halbuki ondan əvvəlki baş məşqçi Santuş bunu edə bilmirdi. Ümumiyyətlə, yığmanın futbolçularında son dəqiqəyə qədər mübarizə aparmaq, oyunun uğurlu nəticəsinə inanmaq baxımından həmişə problemlər olub. Biz çox vaxt hələ meydana çıxmamış uduzurduq”, - deyə S. Qurbanov bildirib.
O, həmçinin milli futbolçularla işləmək üçün düzgün yanaşmanın vacibliyini və komandanın perspektivlərini dəyərləndirib.
“Millini kim çalışdırır - legioner məşqçi, yoxsa yerli mütəxəssis - bunun fərqi yoxdur. Əsas odur ki, o, futbolçulara düzgün yanaşma tapa bilsin. Komanda sonuncu dəfə bu ruhda bəlkə də Prosineçki dövründə oynayırdı. Ayxan futbolçuların qəlbinə gedən yolu tapıb! Ümid edirəm ki, Ayxan gələcək Millətlər Liqası oyunlarında komanda ilə birlikdə daha yaxşı nəticə göstərəcək və nəhayət, qələbələr gələcək”, - deyə Səməd Qurbanov sözlərini tamamlayıb.
Vüqar Vüqarlı