EN

Fazil Mustafa Şahruddin Məhəmmədəliyevin müdafiəsinə qalxdı - Deputatdan DARMADAĞIN

Azərbaycan millisi Dünya Çempionatı-2026-nın seçmə mərhələsindən “canını qurtardı”. Noyabrın 16-sı axşamını “səbirsizliklə gözləyən” futbolçularımız sonuncu oyunlarını keçirdilər.

Tofiq Bəhramov adına Respublika Stadionunu tamamilə dolduran azarkeşlərin qarşısındakı rəqib Fransa idi. Meydana əsas heyəti buraxmayan baş məşqçi Didye Deşamın komandası 1:3 hesablı qələbə qazandı. Bununla da millimiz seçmə mərhələni 1 xalla tamamladı və Farer adaları, Kosovo kimi cırtdan ölkələrin oyunlarını izləməyə getdilər.

FRAN.jpg

Artıq iş o yerə çatıb ki, millinin qapıçısı Şahruddin Məhəmmədəliyev belə dilə gəlib.

SAHRU.jpg

Oyundan sonra Teleqraf-a müsahibə verən qolkiper od püskürüb:

“Pozitiv heç nə yoxdur. Biz uduzuruq. Bizim heyətə baxın: 11 futbolçudan maksimum 3-4 nəfəri öz komandasında əsas heyət üzvüdür. Bu, çox çətindir.

Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycan futbolu məhz legioner limitinə görə duruş gətirirdi. Biz özümüzü Belçika və ya Fransa ilə müqayisə etməməliyik. Nə Belçikayıq, nə də Fransa. Biz Azərbaycanıq, bircə peşəkar liqamız var. Əvvəl 10 komanda var idi, indi daha 2-si əlavə olunub. Sayı 12-yə çatdırmaqla daha çox azərbaycanlı futbolçuya şans veriləcəyi düşünülürdü.

“İmişli”də neçə azərbaycanlı futbolçu oynayır? Heç bir komandanın əsas heyətində azərbaycanlı qapıçı yoxdur. Səlahət Ağayevdən başqa kim əsas heyətdə çıxış edir? Heç kim!”

Məhəmmədəliyev vəziyyətin getdikcə ağırlaşdığını bildirib:

“Hamı yaxşı olacağını düşünür. Bundan sonrası daha pis olacaq. Tunelin sonunda işıq görmürəm. Şans yoxdur”.

fazil.jpg

Deputat Fazil Mustafa Musavat.com-a açıqlamasında kifayət qədər sərt danışıb:

“Təbii ki, Azərbaycanın Fransaya 1:3 hesabı ilə uduzması normal nəticədir. Hətta bizim gözlədiyimizdən də uyğun nəticədir. Çünki bu potensialla hətta bir top belə rəqib qapısına vurmağımız uğur sayılmalıdır. Amma qapıçının dedikləri tamamilə doğrudur. Bütövlükdə hədəfimiz nədir? Hansısa şəkildə müəyyən bir güclü çempionat yaratmaqdırsa, bunun üçün ilk növbədə güclü meydança yaratmalısan. Bu, bilirsiniz nəyə oxşayır? Elə bil ki, müəllimlərin saat 6-ya qədər işdə qalmasına oxşayır. İşdə qalmaq əlbəttə ki, yaxşıdır, şagirdlərin məktəbdə qalması və müəllimlə təması baxımdan da önəmlidir. Amma müəllimin bir istirahət otağı varmı? Məktəbdə o infrastruktur varmı ki, rahatlıqla orada hansısa təhsil prosesini həyata keçirə biləsən. Elə məktəblər var ki, direktorun iclas keçirməyə belə şəraiti yoxdur. İclas otağı və akt zalı belə mövcud deyil. Bunlar da çox ciddi problemlərdir. Rayonlarda elə məktəblər var ki, qaz beş metrliyindən keçir, amma həmin məktəbdə paltoda oturub dərs keçirlər. İndi belə şəraitdə istər 8-ə qədər, istərsə də 11-ə qədər qal, nə dəyişəcək? Yəni belə problemlərin aradan qaldırılması ilk növbədə infrastrukturla bağlıdır. Bunlar olandan sonra tələb qoya bilirsən ki, niyə yaxşı oynamırsınız.

İndi sənin təbii meydançan yox səviyyəsindədir. Süni meydançalar da bəzən lazımi keyfiyyətdə olmur. Digər tərəfdən, futbol idarəçiliyi tamamilə xaos durumundadır. İndi bu problemləri necə aradan qaldırmaq olar? Futbola qazanc yeri kimi sonra baxarsan, onsuz da futbol qazanc gətirən idman sahəsidir. Amma öncə futbola vətənpərvərlik duyğusu ilə yanaşmalısan. Necə edə bilərəm ki, bu sahədə ölkəmin adı qalxsın. İlk növbədə bunu etməlisən. Bunun üçün də nə lazımdır?

Hər bir komandanın alt yapısı düşünülməlidir. Vəsait hara xərclənməlidir? Təbii ki, azyaşlı uşaqlara. Amma onlara pul verən yoxdur. Hansı komandanın özündən başqa aşağı yaş qruplarının formalaşmasına imkanlar tanınıb? Düzdür, bəzi klublar bunu ediblər. Amma yavaş-yavaş onu da tərk etməyə başlayırlar. Çünki alınan vəsaitlər ora xərclənmir. Düşünürəm ki, açıq şəkildə belə fikirlərin dilə gətirilməsi çox vacibdir və bunu olduqca müsbət qarşılayıram. Bu, daxili və xarici siyasətimizlə bağlı məsələ deyil ki...

Qarabağın azad edilməsi, görülən işlər, bərpa-quruculuq işləri, uğurlu daxili və xarici siyasət hamını sevindirir. Amma bu logistik dəstək idman, səhiyyə, təhsil və s.  sahələrdən gəlməlidir. Lakin axsamalar olduğuna görə neqativ hallar üzə çıxmağa başlayır. Futbol təsərrüfatında bir vicdanlı yanaşma kifayətdir ki, qısa müddətdə bütün problemləri həll edə biləsən. Bunun da sadə yolları var. Məsələn, təcrübəli, savadlı müəllimlərlə məsləhətləşib inkişaf yoluna çıxara bilərsən.

İdmanda veteran futbolçular var, əksəriyyəti işsizdir. 10 faizi işlə təmin oluna, ya yox. Milyonlarla məbləğdə oradan-buradan məşqçilər gətiririk. Niyə Tərlan Əhmədova meydan vermirsiniz?

TRELA.jpg

Verən kimi də infrastruktur şərait olmadığı üçün bir məğlubiyyətdən, yaxud problemləri dilə gətirməsi səbəbindən klubdan qovursunuz. Arif Əsədov gül kimi millini aparırdı. Bir şans verərdiniz. Niyə qoymadınız? Niyə İsgəndər Cavadov, Oqtay Abdullayev kimi insanlarla məsləhətləşilmir? Heç sayan yoxdur ki, futbolumuzda belə insanlar var. Bir sözlə, bu məsələlər idarəetmə ilə bağlıdır.

Ölkə Prezidenti futbolla bağlı proqramların qəbulunun əsas təşəbbüskarıdır. Hər cür şərait yaradır ki, Azərbaycanı dünyyaa tanıtdıran normal komanda olsun. Diqqət edirsinizsə, “Qarabağ”ın bütün oyunlarını izləyir. Hətta özü baş məşqçiyə zəng vurur, futbolçuları qəbul edir. Bu nə deməkdir? O deməkdir ki, bu səviyyədə dəstəyi olan ölkə futbolunu batırmağa hansı vicdansız yanaşma səbəb ola bilər? Niyə futbolumuzu batırırlar? Başa düşdük, güclü futbolçular zəif çempionatlarda oynamaq istəmirlər. Həm də uyğunsuz meydançada oynamağa maraqlı olmurlar. Məsələn, infrastrukturu olan neçə komandanımız var? “Qarabağ”, “Neftçi”, “Qəbələ”, ondan o tərəfə keçmir. “Araz-Naxçıvan” niyə Naxçıvanda oynamamalıdır? “Turan Tovuz” normal inkişaf yoluna qədəm qoyub, dəstək olmalıyıq.

6fe1c55ee9e3521a53bb3959f8e6218d.jpg

Azərbaycanın ucqar bölgəsində belə komanda yaranıbsa, niyə dəstəklənməsin? Niyə Gəncə kimi böyük şəhərimiz güc-bəla ilə bir klubunu güclülər dəstəsində tuta bilir? Lənkəranda futbol qalxmışdı, ənənə olan yerdə niyə inkişaf dayanmalı idi? Burada sahibkarlıqla bağlı da problem var. Dəstək olunmalıdır. Futbola elə pul yatıran kimi qazanc əldə etmirsən. Gərək beynəlxalq arenaya çıxasan. Bölgələrdə klublarımız güclülər dəstəsində oynayırsa, onlara tam dəstək verilməlidir. Limitsiz yabancı futbolçular nə deməkdir? Hədəfimiz azərbaycanlı oyunçu, qapıçı yetişdirməkdir”.

Deputat Şahruddin Məhəmmədəliyevin tam haqlı olduğunu da qeyd edib:

“Bunlar çox haqlı iradlardır. Açığı, bu ümidsizliyə qoşulmaq istəməzdim. Qarabağ kimi böyük milli problemimizi həll etdik. Halbuki, güclənəndən sonra qısa müddətdə bunu edəcəyimizi düşünmürdük. Amma etdik. Qısa müddətdə futbolumuzun faciəsini aradan qaldırmaq mümkündür. Son 4 oyunumuzda heç olmasa Azərbaycan futbolçusu meydanda qaçdı, vuruşdu, əzildi, qol vurmağa çalışdı. Ukraynadan bir xal götürməyə nail olduq. İndi biz 3 ili itirəndən sonra yerli məşqçi gətirməli idik? De Byazi var idi, onu niyə uzaqlaşdırıb yerinə başqa xarici məşqçi gətirdiniz? Hazır o da normal edirdi. Görünən odur ki, heç bir əsası olmayan qərarlar qəbul olunur. Futbol adına məsuliyyət daşıyanlar bunu çıxıb cəmiyyətlə bölüşmürlər, hansısa bir məşqçinin üzərinə atırlar. Nəticədə də bugünkü durumu yaşayırıq.

ff45f959-f350-38da-bafc-10dfb895c573_825.png

Hamı demir ki, dünya çempionatına qatılaq. Güclü futbolçu nəslin yetişməsi üçün işlər görməliyik. Özbəkistanın bütün yaş qruplarında komandaları hazırdır. Amma bizdə bunlar yoxdur. Bir sözlə, hazırda düşdüyümüz durum bizim üçün də çox ağırdır”.

Cavanşir ABBASLI
Musavat.com

Chosen
58
50
musavat.com

10Sources