
Azərbaycan millisinin və "Zirə"nin qapıçısı Aydın Bayramov "Report"a müsahibə verib. 29 yaşlı qolkiper DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa millilərinə qarşı keçirdikləri son 2 oyunu dəyərləndirib. İslandiya ilə matçda yığmada debüt edən "əlcək sahibi" yaşadığı hissləri izah edə bilmədiyini vurğulayıb.
- DÇ-2026-nın seçmə mərhələsində son olaraq İslandiya və Fransa yığmaları ilə qarşılaşdıq. Hər iki matçda meydanda idiniz, oyunları necə şərh edərdiniz?
- Hər iki görüşdən daha yaxşı nəticə gözləyirdik. Əlimizdən gələni etdik, təəssüf ki, istədiyimiz kimi olmadı. Hər iki rəqibin gücü bəlli idi. Fransa barədə nəsə demək artıqdır, gücünü hər kəs bilir. İslandiya isə pley-offa düşmək üçün bizimlə var gücü ilə oynadı. Əslində həmin qarşılaşmada yaxşı çıxış etmişdik, epizodlar da var idi. Lakin bəsit qollar buraxdıq və uduzduq.
- İslandiya ilə matçda yığmanın heyətində debüt etdiniz. Millinin formasını geyinmək necə hiss idi?
- İnanın, bu hissləri sözlə ifadə edə bilmirəm. Böyük qürur hissi yaşayıram. Qarşılaşmadan əvvəl futbolçular düzülür və Azərbaycan Himni səslənir. Həmin an yaşadığım hissləri sözlə izah etmək çox çətindir.
- Öz çıxışınızdan razı qaldınız?
- Qələbə qazansaydıq və ya qapını toxunulmaz saxlasaydım, öz oyunumdan razı qalardım. Mənim oyunuma məşqçilər korpusu qiymət verə bilər.
- Şahruddin Məhəmmədəliyev zədələndikdən sonra Fransa ilə oyunda ikinci hissədə meydana çıxdınız. Rəqibin ulduz futbolçularına qarşı çıxış edəcəyiniz üçün həyəcan hissi var idi?
- Heç bir həyəcan hiss etmirdim. Çünki meydanda olanda ulduz futbolçuya qarşı çıxış etdiyini hiss etmirsən və öz oyununa fikir verirsən. Ancaq televizor vasitəsi ilə onların oyunlarını görəndə ulduz futbolçu olduqlarının fərqinə varırsan.
- "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov millinin oyunları ərəfəsində sizə Premyer Liqa matçlarında tez-tez şans verirdi. Dünya çempionatının seçmə mərhələsində yığmamızın oyunları başa çatıb. Klubda yenidən əsas heyətdə yer alacağınızı düşünürsünüz?
- Klubun öz yeri var, milli komandanın öz yeri. Qərarlar baş məşqçimiz Rəşad müəllimə məxsusdur və necə olacağını o bilir. Yeri gəlmişkən, baş məşqçimizə təşəkkür edirəm ki, yığma matçları ərəfəsində mənə tez-tez şans verirdi. Əlimdən gələni edəcəyəm ki, komandama xeyir verim və əsas heyətdə yer alım. Futbolda elə hallar olur, bir mövsüm mən dayanaram qapıda, bir mövsüm digər qapıçı. Kim layiqdirsə, o da oynayar.
- Əvvəlki baş məşqçi Fernandu Santuşun dönəmində də milli komandaya dəvət alırdınız, lakin əsas heyətə düşmürdünüz. Portuqaliyalı mütəxəssislə indiki baş məşqçi Ayxan Abbasovu necə müqayisə edərdiniz?
- Əlbəttə ki, Ayxan müəllimlə çalışmaq daha rahatdır. Eyni dildə danışırıq, vətənpərvərlik hissi və milli ruh yerli məşqçidə daha yaxşı hiss olunur. Ayxan müəllim futbolçuları oyuna daha yüksək motivasiya ilə hazırlayır. Düşünürəm ki, azarkeşlər də bunu matç ərzində hiss edirlər.
- Fransa ilə qarşılaşmadan sonra Şahruddin Məhəmmədəliyev jurnalistlərə müsahibə verərkən Premyer Liqada legioner limitinin ləğvinin yaxşı hal olmadığını deyib. O, bildirib ki, milli komandanın heyətinə cəlb olunan qapıçılar öz klublarında əsas heyətə düşməkdə çətinlik çəkirlər. Siz bu məsələ barədə nə deyə bilərsiniz?
- Çağırılan qapıçılardan Səlahət Ağayev "Qəbələ"də əsas heyətdə oynayır. İlk olaraq bunu deyə bilərəm. Lakin ümumilikdə bu məsələyə necə şərh verəcəyimi və səbəbin legioner limiti olub-olmadığını da bilmirəm. Çempionat 2 aydır başlayıb. Qarşıda uzun marafon var. Legioner limininin ləğvinin Azərbaycan futboluna nə dərəcədə faydalı olacağını zaman göstərəcək.