EN

Azərbaycan millisinin sabiq hücumçusu: “Futbolçular Fransa ilə matçda daha cəsarətli oynamalı idilər”

“Komanda Fransa ilə qarşılaşmada həddindən artıq ehtiyatlı davranırdı. Fikrimcə, futbolçular doğma meydanda rəqibin adından çəkinməməli, daha cəsarətli oynamalı idilər”.

Bu sözləri Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiç yığmanın DÇ-2026-nın seçmə mərhələsində Bakıda Fransa millisinə 1:3 hesabı ilə məğlub olduğu oyun barədə danışarkən deyib.

43 yaşlı veteran hücumçu matçın yalnız ilk dəqiqələrinin Azərbaycan seçməsinin üstünlüyü ilə keçdiyini söyləyib: “Görüşü izlədim. Azərbaycanlı futbolçuların tərəddüdlə oynadığını müşahidə etdim. Oyunçular öz üzərində işləməlidirlər. Təbii ki, daha yaxşısını əldə etmək mümkündür. İndi inkişaf etmək, yalnız irəliləmək lazımdır. Daha çox çalışmalı və oyunlarını təkmilləşdirməlidirlər. Futbol belədir. Məsələn, İsveç yığmasının da cəmi bir xalı var. Amma istənilən rəqiblə çəkinmədən mübarizə aparırlar. Onlardan nümunə götürmək olar”, - deyə məşqçi AZƏRTAC-a açıqlamasında deyib.

O, yeni baş məşqçi Ayxan Abbasovun milli komandada qalmasının tərəfdarı olduğunu bildirib: “Düzünü desəm, onun məşqçi kimi əldə etdiyi nəticələrlə bağlı çox məlumatım yoxdur. Sadəcə, yaxşı insan olduğunu bilirəm. Fikrimcə, yığmaya rəhbərlik etməyə davam etməlidir. Oyunçuların ondan öyrənə biləcəyi çox şey var”.

Qeyd edək ki, Azərbaycan yığması qrup mərhələsini 1 xalla 4-cü pillədə başa vurub. Xallarını 16-ya çatdıran Fransa millisi isə qrup lideri kimi final mərhələsinə vəsiqə qazanıb.

İdman.Biz

Chosen
26
50
idman.biz

10Sources