EN

Bakı Daşkənd xəttində geosiyasi dinamizm region üçün yeni imkanlar yaradır

Ses qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə iki ölkə arasında strateji müttəfiqliyin mahiyyətini və regionda formalaşan yeni geosiyasi düzənin əsas istiqamətlərini nümayiş etdirir. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər qardaş ölkələr arasında siyasi yaxınlığın sistemli şəkildə qurulan və hərtərəfli inkişaf strategiyasına söykənən bir model olduğunu göstərir.

Prezident İlham Əliyevin Azərbaycan və Mərkəzi Asiya ölkələrini “vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkan” kimi təqdim etməsi regionun gələcək perspektivlərinə dair mühüm mesajdır. Bu məqamlar sübut edir ki, əməkdaşlığın əsasında dərin strateji maraqlar dayanır. Tarixi və dil birliyi isə uzunmüddətli inteqrasiyanın sosial-mədəni dayağını gücləndirir.

Xəzər üzərindən keçən enerji xətləri, liman infrastrukturu, multimodal tranzit marşrutları və təhlükəsizlik mexanizmləri Mərkəzi Asiya ilə əlaqələrin strateji əsasını təşkil edir. Dövlətimizin başçısı qeyd edib ki, ilk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir dəyərləndirir. Prezident İlham Əliyevin ardıcıl şəkildə üç il Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə dəvət alması isə regional güc balansında rəsmi Bakının çəkisinin artmasının göstəricisidir. Bu amillər Azərbaycanın region daxilində qərarverici aktora çevrildiyini göstərir.

Daşkənddə keçirilən 7-ci Məşvərət görüşü Mərkəzi Asiya ölkələri ilə yeni çoxqütblü əməkdaşlıq sisteminin tənzimlənməsi baxımından strateji əhəmiyyət daşıyır. Görüş çərçivəsində nəzərdə tutulan müzakirələr regionun nəqliyyat, enerji və təhlükəsizlik sahələrində bir-birinə daha sıx bağlanmasına yönəlib.

Nəqliyyat-tranzit məsələləri Orta Dəhlizin dayanıqlığını artırmaqla Avrasiya məkanında qlobal ticarət axınlarına təsir edir. Yaşıl enerji və innovasiya sahəsində əməkdaşlıq Mərkəzi Asiya ölkələrinin iqtisadi diversifikasiya strategiyaları ilə üst-üstə düşür. Humanitar əməkdaşlıq isə siyasi inteqrasiyanın ictimai baza yaratması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu görüşlərin davamlılığı türk dünyası çərçivəsində ortaq regional əməkdaşlıq modelinin formalaşdığını göstərir.

Müsahibənin əsas məqamlarından biri iki lider arasındakı şəxsi dostluğun dövlətlərarası münasibətlərin institusional dayanıqlığını artırmasıdır. Azərbaycan–Özbəkistan münasibətləri sadəcə strateji tərəfdaşlıq deyil, müttəfiqlik xarakteri daşıyan unikal əməkdaşlıq modelidir. Bu münasibət dövlətlərarası etimadın yüksək səviyyədə qurulduğunu göstərir və regionda sabitlik yaradan mühüm amillərdən biri kimi çıxış edir.

Son illər ərzində çoxsaylı reallaşması siyasi dialoqun intensivliyini göstərməklə yanaşı, qərarların operativ qəbul edilməsi, layihələrin sürətli icrası və strateji qarşılıqlı fəaliyyətdə sinxronluq yaradır. İmzalanan sənədlər isə bu dinamikanın hüquqi bazasını möhkəmləndirir və əməkdaşlığın uzunmüddətli olduğunu təsdiq edir. Ali Dövlətlərarası Şuranın təsis edilməsi münasibətlərin idarəetmə strukturuna institusional çərçivə gətirib. Bu Şura vasitəsilə iki ölkə arasında bütün sahələr üzrə koordinasiyalı siyasət yürüdülür, həm siyasi qərarlar, həm iqtisadi layihələr, həm də regional təşəbbüslər vahid strategiya üzrə planlaşdırılır. Daşkənd və Bakı iclasları göstərir ki, bu mexanizm sadəcə siyasi platforma deyil, real icra mexanizmi olan strateji şura modelidir. İki ölkə arasında münasibətlər məhz bu mexanizm sayəsində uzunmüddətli planlaşdırma və qarşılıqlı investisiya siyasəti üzərində qurulur.

Füzulidə Mirzə Uluqbəy məktəbinin tikintisi Özbəkistanın yalnız siyasi deyil, mənəvi dəstəyinin göstəricisidir. Prezident İlham Əliyevin bu təşəbbüsü vurğulaması Özbəkistanın Qarabağın post-münaqişə dövründə bərpa prosesində ilk və ən fəal tərəfdaşlardan biri olduğunu göstərir. Bu jest təkcə humanitar xarakter daşımır, iki ölkə arasında strateji humanitar diplomatiyanın formalaşmasına xidmət edir. Qarabağın bərpasında iştirak etmək Özbəkistan üçün həm də regionun sülh gündəliyinə real töhfə vermək deməkdir.

Prezident İlham Əliyevin Özbəkistanda həyata keçirilən islahatları yüksək qiymətləndirməsi Mərkəzi Asiyada baş verən iqtisadi transformasiya proseslərinin region üçün yeni imkanlar yaratdığını göstərir. Bu ölkənin dövlət başçısı Şavkat Mirziyoyevin modernləşmə kursu ölkədə iqtisadi liberallaşma, rəqabət mühiti və sənaye diversifikasiyası üzrə yeni model formalaşdırıb. Bu model müxtəlif sahələrdə Azərbaycan–Özbəkistan əməkdaşlığı üçün sinerji yaradır, xüsusilə sənaye, aqrar sektor, rəqəmsal iqtisadiyyat və enerji sahələrində birgə layihələrin icrasına geniş imkan açır.

Orta Dəhliz boyunca yükdaşımalarının artması Azərbaycanın və Özbəkistanın Avrasiya ticarətində strateji rolunun gücləndiyini göstərir. Bu artım sadəcə statistika deyil, qlobal ticarət sistemində Çin–Avropa xəttində alternativ və daha dayanıqlı marşrutin formalaşmasının nəticəsidir. Ələt Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, beynəlxalq hava limanları və regionun yenilənən dəmir yolu infrastrukturu Azərbaycanın nəqliyyat mərkəzinə çevrilməsini təmin edir. Bu baxımdan Zəngəzur dəhlizinin açılması Mərkəzi Asiyanın Qərbə çıxışını daha da qısaldacaq və logistik xərc strukturunu optimallaşdıracaq. Bu proses həm siyasi, həm iqtisadi baxımdan yeni regional nizam yaradır.

Enerji sahəsində əməkdaşlıq Azərbaycanın və Özbəkistanın iqtisadi inkişaf strategiyalarının təbii tamamlayıcısıdır. SOCAR-ın Özbəkistandakı fəaliyyəti və birgə sənaye layihələri enerji bazarında rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji inteqrasiyası isə Xəzər hövzəsində vahid enerji infrastrukturu formalaşdırmaqla ölkələri qlobal enerji təhlükəsizliyində mühüm aktora çevirir. Yaşıl enerji sahəsində əməkdaşlıq həm regionun karbon neytrallığı hədəflərinə uyğundur, həm də gələcəkdə böyük həcmli bərpaolunan enerji ixracı üçün yeni bazarlar yaradır.

Ticarət dövriyyəsindəki 87,5%-lik artım iki ölkə iqtisadiyyatının bir-birini tamamladığını göstərir. İnvestisiya şirkətinin yaradılması isə bu əlaqələrə institusional dayaq verir və qarşıdakı illərdə sənaye, kənd təsərrüfatı, xidmət sektoru və yüksək texnologiyalar üzrə yüzlərlə birgə layihənin əsasını qoyur. Xankəndidə qurulan tikinti-yüngül sənaye müəssisəsi isə iqtisadi əməkdaşlığın real və funksional məzmun daşıdığını göstərir.

Türk Dövlətləri Təşkilatında sıx əməkdaşlıq türk birliyinin gələcək geosiyasi konturlarını müəyyən edir. Azərbaycanın beynəlxalq təşkilatlarda balanslaşdırılmış siyasəti Özbəkistanla birgə mövqelərin daha da gücləndirilməsinə şərait yaradır. Bu əməkdaşlıq qlobal arenada qarşılıqlı dəstək mexanizmləri formalaşdırır, çoxtərəfli diplomatiyada koordinasiyanı artırır və regional təşəbbüslərin beynəlxalq legitimliyini möhkəmləndirir.

Prezident İlham Əliyevin UzA-ya müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin həm də gələcək inkişaf trayektoriyasının analitik təhlilinə imkan yaradır. İki ölkə arasındakı əlaqələr strateji etimada, regional təhlükəsizlik modelinə, enerji və nəqliyyat dəhlizlərinin sinxronlaşdırılmasına, institusional idarəetmə mexanizmlərinə, güclü iqtisadi və humanitar tərəfdaşlığa söykənir. Bu faktorlar Xəzər–Mərkəzi Asiya məkanında yeni regional inteqrasiya modelinin formalaşması deməkdir.

Nurlan Həsənov

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
61
50
sesqazeti.az

10Sources