EN

Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb arasında birləşdirici körpüdür ŞƏRH

Bakı, 17 noyabr, AZƏRTAC

Hazırda dünyada ziddiyyətli proseslər izlənilir, xüsusilə də qütbləşmə dərinləşir. Ciddi narahatlıq yaradan mövcud geosiyasi reallıqlar fonunda hər bir dövlət üçün təbii müttəfiqlərinin sayını artırması zərurətə çevrilib. Bu kontekstdə son illərdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin dərinləşməsi məmnunluq doğurur. Liderlərin intensiv hal alan təmasları, onların qarşılıqlı səfərlərinin sayının artması, həmçinin hüquqi bazanın imzalanan yeni sənədlərlə möhkəmləndirilməsi, müxtəlif sahələrdə uğurla icra olunan çoxsaylı layihələr respublikamızla Xəzərin digər sahillərindəki ölkələr arasında əlaqələrin genişlənməsinin əyani təsdiqidir. Qeyd edək ki, son üç ildə Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Asiya ölkələrində 14 dəfə səfərdə olub, eyni zamanda, bu müddət ərzində həmin regionun liderləri 23 dəfə ölkəmizə səfərə gəliblər. Yüksəksəviyyəli qarşılıqlı səfərlərin müntəzəm xarakter alması etimad mühitinin möhkəmlənməsinin, gündəliyin kifayət qədər geniş əhatə dairəsinə malik olmasının əyani göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

O bildirib ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri təbii müttəfiqlərdir. Onları hansısa keçici maraqlar birləşdirmir. Bu dövlətlərin hazırda yüksələn xətlə inkişaf edən münasibətlərinin təməlində tarixi ənənələr, oxşar milli-mənəvi dəyərlər, humanitar bağlar dayanır. Yaxşı haldır ki, tarixi ənənələr qorunur və münasibətlər daha da möhkəmlənir. Bu gün Azərbaycan və Mərkəzi Asiya ölkələrinin yaxınlaşmasında, daha sıx inteqrasiya etmələrində dövlətlər səviyyəsində güclü siyasi iradə göstərilir. Eyni zamanda, bunu ölkələrin cəmiyyətləri də istəyirlər. Bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi region qismində çıxış edir. Prezident İlham Əliyev noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündəki çıxışında bu amilə diqqət çəkərək bildirib ki, biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birimizin təşəbbüslərini dəstəkləyir, qlobal və regional problemlərin həllində ümumi yanaşmalar işləyib hazırlayırıq.

“Bəli, Mərkəzi Asiya artıq yalnız 5 ölkə demək deyil. Özbəkistanın ev sahibliyi etdiyi tədbirdə Azərbaycanın tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasına dair prinsipial qərarlar qəbul edildiyi bildirilib. Bundan sonra Azərbaycan Mərkəzi Asiya çərçivəsində müxtəlif səviyyələrdə keçirilən görüşlərdə iştirak edəcək. Bu tarixi qərar həm də Azərbaycanın və onun Prezidentinin artan nüfuzunun təsdiqidir. Son 22 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. O cümlədən dövlətimizin başçısının siyasi iradəsi əsasında ölkə ərazisində bütün marşrutlar boyunca yaradılan müasir nəqliyyat-logistika infrastrukturu Azərbaycanı Avrasiyada mühüm bağlantı mərkəzinə çevirib. Mərkəzi Asiyadakı dost ölkələr respublikamızın artan rolunu yüksək dəyərləndirirlər. Azərbaycanın yaratdığı reallıqların nəticəsi olaraq həmin dövlətlərin Avropaya çıxış imkanları genişlənib. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd və körpüdür. Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir. Nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcminin artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açır. Son üç ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımalar 90 faiz artıb. Dəhliz boyu gediş vaxtları xeyli azaldılıb. Bütövlükdə, Azərbaycan-Mərkəzi Asiya əlaqələri çoxvektorlu olması ilə səciyyələnir. Prezident İlham Əliyev çıxışında diqqəti respublikamızın Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzaladığına çəkib. Dövlətimizin başçısı bildirib ki, mütəmadi olaraq keçirilən mədəniyyət günləri, sərgilər, konsertlər xalqlarımızı daha da yaxınlaşdırır, bizim yaxınlığımızı, dostluğumuza verdiyimiz dəyəri nümayiş etdirir”, - deyə Samir Vəliyev vurğulayıb.

O əlavə edib ki, ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə yaxınlaşması və vahid platformada çıxış etməsi Azərbaycanın yerləşdiyi Cənubi Qafqazı inkar etmir. Respublikamızın qonşuluq siyasəti xoş mərama əsaslanır. O cümlədən qalib Azərbaycanın yaratdığı reallıqlar Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni fürsət pəncərələri açıb. Ölkəmizin sülh gündəliyi də bu imkanlardan daha geniş istifadə olunmasını hədəfləyir. Şübhə yoxdur ki, Azərbaycanın Mərkəzi Asiya platformasında təmsilçiliyi hər iki regionun strateji qarşılıqlı əlaqəsini və bu əlaqələrin dayanıqlılığını daha da gücləndirəcək.

 

Chosen
73
50
azertag.az

10Sources