Bakı, 17 noyabr, AZƏRTAC
Daşkənddə keçirilən “Mərkəzi Asiya+Azərbaycan” formatlı 7-ci Məşvərət Görüşü ilə Azərbaycanın bu platformaya tamhüquqlu üzv kimi daxil olması siyasi qərar olmaqla yanaşı, həm də regionun gələcək inkişaf xəritəsini müəyyən edən, strateji mahiyyət daşıyan tarixi addımdır. Bu qərar Azərbaycan–Mərkəzi Asiya münasibətlərinin çoxşaxəli regional formatlarda da dərinləşdiyini göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hüquqşünas Arzu Bağırova səsləndirib.
Onun sözlərinə görə, bu format regional əməkdaşlığa təsirsiz ötüşməyəcək: “Artıq yeni inteqrasiya modeli yaranır. Sözsüz ki, Azərbaycanın bu platformaya daxil olması ilə Mərkəzi Asiya regionu həm də siyasi, iqtisadi və təhlükəsizlik baxımından vahid bir strateji məkan kimi formalaşmağa başlayır. Azərbaycanın enerji, nəqliyyat, rəqəmsal və təhlükəsizlik sahəsindəki təcrübəsi bundan sonra Mərkəzi Asiyanın ümumi inteqrasiyasının bir hissəsi olacaq. Azərbaycanın iştirakı Transxəzər nəqliyyat şəbəkəsini daha koordinasiyalı, çevik və təsirli hala gətirəcək. Bakı–Aktau–Türkmənbaşı xətti və onun Avropa istiqaməti bundan sonra vahid plan əsasında inkişaf etdiriləcək. Bu isə həm region daxilində ticarəti, həm də Avrasiya tranzitinin dəyərini artırır.
Digər tərəfdən Mərkəzi Asiya ölkələri üçün Azərbaycan bir iqtisadi tərəfdaş olmağın yanında, həm də sanballı bir sabitlik modelidir. Azərbaycanın təhlükəsizlik sahəsindəki təcrübəsi, antiterror fəaliyyətləri, sərhəd idarəetməsi və postmüharibə dönəmi quruculuq modeli regionda təhlükəsizlik əməkdaşlığını daha sistemli hala gətirəcək”.
A.Bağırova qeyd edib ki, tarixi, mənəvi və kimlik bağları artıq formal çərçivədən çıxaraq regional siyasətə çevrilir. Azərbaycanın bu formata daxil olması yeni iqtisadi bazarlar və yatırım imkanları yaranması baxımından da dəyərləndirilməlidir: “Azərbaycan Mərkəzi Asiyada təxminən 70 milyona yaxın əhaliyə xidmət edən böyük bir bazarın tam hüquqlu tərəfdaşı olur. Enerji, kənd təsərrüfatı, kommunikasiya, logistik, maliyyə və rəqəmsal sektorlar üzrə geniş əməkdaşlıq imkanları açılır. Avrasiya tranzitində lider mövqeyimiz güclənir. Azərbaycan Avropaya açılan əsas quru və dəniz körpüsü olaraq Mərkəzi Asiyanın logistikinin strateji hissəsinə çevrilir. Bu status ölkəmizin tranzit gəlirlərini və beynəlxalq önəmini daha da artıracaq”.
Onun sözlərinə görə, siyasi çəkidə artım və qlobal mövqenin möhkəmlənməsi amili xüsusi vurğulamanmalıdır:” Bu addım Azərbaycanın Türk Dövlətləri Təşkilatında, Orta dəhliz layihəsində, Avrasiya inteqrasiyasında rolunu daha da gücləndirəcək. Azərbaycan artıq Güney Qafqazla birgə, bütövlükdə Mərkəzi Asiya regionunun da siyasi mərkəzlərindən birinə çevrilir. Ayrıca, bu yeni format təhlükəsizlik və sülh prosesində yeni imkanlar açır”.
“Məlumdur ki, Mərkəzi Asiya dövlətləri Azərbaycanın ərazi bütövlüyünə, sərhəd təhlükəsizliyi siyasətinə və sülh gündəliyinə ardıcıl dəstək verir. Bu platforma isə Azərbaycanın regional sülh təşəbbüslərini daha geniş koalisiya ilə müzakirə və həyata keçirmə imkanı yaradır.
Nəhayət, humanitar, sosial və təhsil əməkdaşlığında yeni səhifədən açılır. Yəni Azərbaycanın dil, tarix, mədəniyyət, elm və gənclik siyasəti Mərkəzi Asiyada daha geniş təbliğ olunacaq, qarşılıqlı layihələr yeni nəsil üçün ümumtürk inteqrasiyasını gücləndirəcək.
Beləliklə, Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşünə üzv qəbul edilməsi həm tarixi addımdır, həm də gələcəyin Avrasiya modelinin önəmli elementidir. Bu, həm dövlətimiz, həm regionumuz, həm də Türk dünyası üçün növbəti inkişaf mərhələsinin başlanğıcıdır”,-deyə o qeyd edib.